\
22 Noyabr 2024 - Cümə

Koronavirusa yoluxan teatrımız...

Koronavirusa yoluxan teatrımız...
4415baxış

Sözümü qəribçiliyə salmasanız, koronavirusa təşəkkür etmək istərdim. Karantin günləri, xüsusən də, koronavirusun gəlişi ilə bir çox mətləbləri aydın şəkildə görmüş olduq. Pandemiya bizə medalyonun digər üzünü görmək üçün yardımçı oldu desəm, yəqin ki, yanılmaram. Çünki belə günlərdə bir çox məqamları aydınlaşdırmaq üçün yaxşı müşahidə etmək imkanı qazandım. Əslində, biz bu gün ekstremal vəziyyətə nə dərəcədə hazırıq? Ümumiyyətlə, hazırıqmı? Ələxsus da, bu gün canlı sənət növü olan teatrmız pandemiya dövründə necə yaşayır? Odamı süni nəfəs aparatına qoşulub? Müşahidələrim onu deməyə əsas verir ki, elə teatrlarımızın da koronavirusa yoluxanlardan heç bir fərqi yoxdur. Hər ikisi süni nəfəs aparatı ilə yaşayan canlılardır. Aparatdan aralanmağı onun məhvinə gətirib çıxarar.

Belə günlərdə kino izləmək üçün ideal şəraitimiz oldu. Karantin normalda baxmayacağımız filmləri belə bizə izlətdi. Bəs, teatr? Yazıq boynubükük teatrımızın ömür boyu bəxti gətirmədi ki, gətirmədi. Belə məsləhət olundu ki, madam ki filmlər televiziyalarda göstərilir, tamaşalarımız da onlayn şəkildə sosial şəbəkələrdə nümayiş olunmalıdır. Yəni, teatrın kinodan nəyi əskikdir ki? Teatrımıza bir qapaz da burdan gəldimi? Bir korona qalmışdı, ondan da bir qapaz aldın. Bircə sənin onlayn nümayişin çatmırdı ki, bu günü də gördük. Baxılası barmaqla sayılası bir-iki düz-əməlli tamaşan vardı, o da getdi bu onlaynla virtual tamaşanı ayıra bilməyənlərin güdazına. Yəni, tamaşaçını teatrdan soyutmaq üçün bu qədər canla-başla necə çalışmaq, olar deyə düşünürəm. Onsuz da teatrımızın üzü danlaqlı, başı qapazlıdır. “Teatrsız karantin olmaz” deyibəni qarşısına quş qoymaq üçün nümayiş etdirdiyiniz bu “onlayn” tamaşalar özünü doğrultmadı. Ortaya gülməli, həvəskar səviyyədə məhsul çıxartdınız. Camaata sırımağa çalışdığınız repertuarda olmayan köhnə tamaşaların ifaçıları belə özlərinə baxmağa utandılar. Onlayn tamaşaların yarıtmazlığı barədə kifayət qədər danışdığımızı düşünürəm. Sözümün canı odur ki, karantin günlərində real tamaşaçı kütləsini teatrdan soyutmaq üçün hər birimiz əlimizdən gələni etdik. Tamaşaçı, haqlı olaraq, düşünür ki, 3 aydır teatrlar fəaliyyətini dayandırdıb. Bəs, görəsən, bizə  teatr lazımdırmı? Bu sual haqqında və ətrafında düşünmək üçün kifayət qədər zamanımız oldu.  

Teatra gedib tamaşanı izləyib, maraqsız tamaşaların, darıxdırıcı performansların ifası zamanı yuxulayan, mürgü döyən tamaşaçı bu dəfə onlayn tamaşalarımızı izləmədi. Necə də böyük “itki”dir. Teatr tarixi sizi heç zaman bağışlamayacaq.   

Ancaq yaxşı şou yaratdıq. Necə lazımdır elə. Yəni, boş dayanmadıq. Çalışdıq, çabaladıq, əsas məsələ “özümüzü göstərdik”. Yəni, teatr fəaliyyətini dayandırıb, amma nə olsun, görün, mən sizə nə göstərəcəm deyib, yarışdıq. Bəli, teatrlarımızın işçiləri əsas təbliğat vasitəsi rolunu oynayan sosial şəbəkələrdə özlərini gülünc vəziyyətə saldılar. “Filan idarənin filan şöbəsinin göstərişi ilə, filankəsov filankəsin təşəbbüsü ilə başlanan həştəqlə sizə indi bir nağıl danışacağam” - deyə, saat yarımlıq nağıl danışdıq. Gəlin, realist olaq. Hansı uşaq oturub gözləyər ki, indi Fatmanisə çıxıb, onlayn şəkildə uşaqlarımıza nağıl danışacaq. Biz də uşaqlarımızı götürüb, sosial şəbəkənin qarşısına keçəcəyik ki, uşaqlar nağıl eşitsin. Ağalar, bu gün planeti xilas edən nağıl qəhrəmanları sosial şəbəkələri zəbt edib. Fantastik macəralar yaşayan cizgi film qəhrəmanları bəşəriyyəti xilas edir. Sizcə, bugünün uşaqları virtual şəkildə o macəranı qoyub, qoyunun meşəyə getməsini dinləyərmi?

Gəlin, nə siz özünüzü aldadın, nə bizi qoyun yerinə qoyun. Şəxsən mənim övladlarım o macəranı qoyub, sizin kəkələyə-kəkələyə danışdığınız nağılları dinləməz. Mən bir valideyn olaraq, nə qədər təbliğatını aparsam da ki, “Fatma xalan sənə indi bir nağıl danışacaq”, o uşaq sizə maraq göstərməz. Yeni alternativlər düşünmək lazımdır. Vallah, sosial şəbəkədə sizin ev performansınızı like edən dost-tanışlarınız da, elə xətriniz xoş olsun deyə, bayaq dediyim o quş qoymaq xətrinə like edirlər. Yəni, bu acı da olsa, reallıqdır. O ki, özünüzü məcbur edərək kamera qarşısına keçib, filan idarənin, filan layihəsinə mən də qoşuluram deyərək, 5 dəqiqə əlləşib idarənin də adını düz əməlli deyə bilmirsiniz e, ondan sonra da obraza girməyə çalışıb da girə bilmirsiniz e, bax, o nəyə lazımdır? Heç özünüz özünüzə kənardan baxıb, zövq ala bilirsinizmi? Bəs, bu yazıq tamaşaçı neyləsin? Vallah, sizin pafosla dediyiniz o şeirlərə özünüzdən başqa heç kim baxmır. Yəni sənin hıqqana-hıqqana dediyin o şeir heç kimə lazım deyil. Teatrın olan-qalan tamaşaçısını da bu yolla didərgin salmayın. Bir müddət düşünürdüm ki, teatrlarımızın direktorları necə insandırsa, rəhbərlik etdiyi teatr da elə onun özünə bənzəyir, ancaq indi düşünürəm ki, yox e, teatrı teatr edən elə onun yaradıcı heyətidir ki, o hıqqana-hıqqana dediyi şeiri necə deyirsə, elə səhnədə də o cür obraz canlandırır.

Rejissor da tamaşanın qabağına bir quş qoymaq üçün, tamaşa xətrinə elə hər dəfəsində ona obraz verir və bu adamlar qısa zamanda olur teatrın priması. Hıqqana-hıqqana demişkən, elə bu teatr ilini də hıqqan-hıqqana birtəhər yola verdik. Mövsümün sonuna yaxınlaşırıq. Utandığımızdan sorğu da keçirə bilmirik ki, bu mövsüm teatr aləmində sensasiya ola biləcək hansı tamaşalar hazırlanıb? Çünki bilirik ki, ümumi vəziyyət necədir. Özümüz özümüzü niyə biabr edək ki? Ona görə heç sorğu-filan da etmirik.

Mart ayından teatrlarımız bəxti bağlanıb. O bir məsəl var, deyir “bu dəfə mart gəldi ki, dərd ondan qabaq gəlib”. Eyni sözü teatrlarımıza da aid etmk mümkündür.

Ancaq bu “Evdə qal” məsələsi aktyorlarımıza heç yaramadı. Onlar sosial şəbəkənin də bir səhnə olduğunu unutdular.  Səhnəyə çıxaraq öz enerjilərini səhnədə xərcləyən aktyorların sosial şəbəkədə atmacaları, söz atmaq üzrə yarışa çıxdıqlarını gördükdə isə anladım ki, bu, belə gəlib, belə də gedəcək. Ələlxüsus da, yaşlı nəslin nümayəndələrinin sosial şəbəkədəki hərəkətləri bizi düşünməyə vadar edir.

Ötən gün Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı bir verilişin anonsunun şərh bölümündə Xalq artisti adına layiq görülən Əli Nur 3 uzunqulaq rəsmi göndərmişdi. Yəni, Xalq artistinin bəsit düşüncəsi burada özünü aydın şəkildə göstərmiş oldu. Siz elə səhnəyə çıxsanız yaxşıdır. Bu karantin sizə yaramır, cənablar. Yəni, görünən budur ki, vəziyyət o qədər də üərkaçan deyil. Koronavirus ölkəmizi tərk etməsə, hələ çox mətləblər aydın olacaq. Yəni yaranan mənzərə günü-gündən ciddiləşir və müzakirə mövzusuna çevrilir. Görünür, bu xəmir hələ çox su aparacaq. (kaspi)

 

Xəyalə Rəis