\
22 Noyabr 2024 - Cümə

“Bu qəzeti ölkəmiz üçün yaşatmışam” - Zeynab Kazımova

“Bu qəzeti ölkəmiz üçün yaşatmışam” - Zeynab Kazımova
10665baxış

"... Heç vaxt heç kimdən nəsə ummamışam, istəməmişəm. Hər zaman öz ayaqlarım üstdə durmuşam, özümə güvənmişəm. Həmişə ümidlə yaşamışam. Inanmışam haqqın və ədalətin haçansa öz yerini tutacağına...

2007-ci ildə Azərbaycanın yeganə fransızdilli nəşrini - ölkənin yeganə frankofon "Le Carrefour" ( Yol qovşağı) qəzetini yaradanda da ancaq özümə güvəndim. 2008-ci ildə "Le Carrefour" qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Mətbuat Şurası ilə birgə "Azərbaycanda xaricidilli mətbuat" mövzusunda dəyirmi masa keçirəndə də, inanırdım bu qəzetin uğurlarına. Bu təşəbbüs sonrakı illərdə də davam etdi və yenə də qəzetin təşəbbüsü ilə məhz xaricidilli mediaya həsr olunmuş bir neçə dəyirmi masalarımız oldu. Fransa mediası - TV5 kanalının en baxımlı verilişlərindən olan "Destination Francophonie" (İstiqamət Frankofoniya) proqramının aparıcısı milyondan artıq izləyicisi olan facebook şəbəkəsində " Qafqazı Azərbaycanın yeganə fransızdilli qəzeti ilə kəşf edin!" yazdı. Fransız həmkarım özü yazdı, könüllü. Bir azərbaycanlı vəzifəli "soydaş"ımız qəzetin hətta fransız dili üzrə və ya Fransa ilə əlaqəli təhsil alan tələbələrə pulsuz paylanmasının qarşısını kəsdiyi halda, fransız jurnalist həmkarımın dəstəyini gördüm. Yenə inandım. Dünyada kimliyindən asılı olmayaraq, yenə də daxili zədələnməmiş, qəlbi qaralmamış insanların varlığı ümid, inam verdi mənə.

13 ildir öz gücümə yaşatdığım qəzetə yaradılarkən əslində məqsəd və məramında, rəsmi təsdiqlənmiş konsepsiyasında bu qəzetin fəaliyyəti ilə üst-üstə düşən bəndlər olan (xüsusilə V bənd) media uçun dəstək olan quruma ünvanladığım məktublara şablon cavablar gəldi. 2018-ci ildə Beynəlxalq Frankofoniya Təşkilatının Sammitinin Ermənistanda - Yerevanda keçiriləcəyi, Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin (BFMB) üzvü olan, dünyanın 100-dən çox ölkəsindən çoxlu sayda jurnalistlərin, nüfuzlu agentliklərin, TV-lərin nümayəndələrinin Yerevana səfər edəcəyi, bununla da, beynəlxalq fransızdilli media vasitəsilə işğalçi, xain Ermənistanın dünya ictimaiyyətinə özlərini "yalançi qurban" olaraq fake newslarla sırıyacaqlarını, heç olmasa bu ərəfədə "Le Carrefour" qəzetinə fəaliyyətini qurmaq uçun cüzi dəstəyin verilməsini, fransızdilli media ilə işləməyimizi teleqram vasitəsilə həmin dövrdə mediaya məsul şəxslərə çatdırdım. Lakin teleqram çatdımı, çatmadımı bilmirəm, əvəzində cavabım "sükut" oldu. Sammit də oldu, Makron da gəldi-getdi, 110 ölkədən fransızdilli medianı birləşdirən jurnalistlər də yazdılar-pozdular. Biz isə yenə də Azərbaycanın dünya mediasına inteqrasiyası, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması üçün azərbaycandilli qəzetlərə maliyə ayırdıq. Daha doğrusu, ayırdılar, yazdılar-pozdular. Amma özümüz oxuduq. Fransızın bizim dildə oxumaq şansı yoxdur axı. Ermənistanın fransızdilli "Le courrier d'Erevan" portalında isə "Dossier spécial" da qondarma "Artsaxda frankofoniya", "Artsax məktəbliləri fransız dilini öyrənirlər" və s. məzmunlu yazılar tirajlanmaqda davam etdi (və edir), sammitə gələn jurnalistlərin müsahibələri, erməni "mədəniyyəti", "qədim" tarixi, adət ənənələri, milli geyimləri, Qarabağın ermənilərə məxsus olması haqda "sanballı tarixi faktlar" üzə çıxarıldı (davam edir). Onlar yazdılar, oxuduq. Ermənicə deyil, fransızca. Çünki fransızdilli auditoriyaya ermənicə deyil, fransızca çatdırdılar öz "həqiqətlər"ini... Yenə ümidimi itirmədim. Yenə inandım. Axı ruhdan düşməyə haqqım yoxdur. Nə zamansa ölkənin yeganə fransızdilli nəşrinin şəxsi maraqlar deyil, ölkəmiz, dövlətimiz naminə mühüm əhəmiyyət daşıdığını bilən əsl dövlət adamları, əsl peşəkar, dövlətini sevən, vətənpərvər əqidəli insanların mövcudluğuna həmişə inandım.

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə qrupun rəhbəri, Milli Məclisin deputatı Soltan müəllimlə görüşümüz mənim ümidlərimin doğrulacagına inamımı təzələdi. İndi daha çox inanıram. İntellektual səviyyə, gözəl analiz, qarşısındakı müsahibi ilə mədəni və kübar davranışı, məsələyə peşəkar yanaşması üçün təşəkkür edirəm.

Bu qəzeti mən təsis etsəm də, heç vaxt şəxsi hesab etməmişəm. Bu qəzeti ölkəmiz üçün yaşatmışam. Azərbaycan mediasının yeganə mətbu orqanı heç bir dəstəksiz 13 ildir bu cəbhədə tək vuruşub.

Çox inanıram ki, bundan sonrakı fəaliyyətində qəzetin qarşısına qoyduğu bu çətin, məsuliyyətli, amma çox vacib və əhəmiyyətli məqsədlər davam etdiriləcək."

Zeynəb Kazımova

Mediapress.az