\
22 Noyabr 2024 - Cümə

27 il sonra Zəngilandakı evinə qayıdan jurnalist qız... - "Ölmədik bu günü də gördük, çox şükür!"

27 il sonra Zəngilandakı evinə qayıdan jurnalist qız... - "Ölmədik bu günü də gördük, çox şükür!"
11377baxış

"27 ildən sonra Vətəndə... Ölmədik bu günü də gördük, çox şükür!

Xəzər TV sayəsində viran qalan Zəngilanın Mincivan qəsəbəsini gördüm. Hər halı ilə bizə əziz olan yurdumuzu görmək yuxu kimi gəlirdi. Həmkarım Ramal Abdullayev ömrünün sonuna qədər dua sahibi oldu. Mincivanla bağlı süjet çəkdi, İnşallah efirə gedəndə mən də burdan paylaşacam linki.

Sevincdən həm ağladım, həm güldüm, amma daha çox üzüldüm Mincivanımı o halda gördüyümə. Amma əsas o torpaqlardır. Bol - bol dua etdim şəhidlərimizin ruhuna, qanı-canı bahasına həsrətimizə son qoydular. Ailələrinə səbr dilədim yurdumun xarabalıqlarında. Qazilərimizə Allah şəfa versin. Ramala nə qədər təşəkkür etsəm azdır. Çünki 27 ildən sonra Vətənimlə qovuşdurdu məni. Deyiləcək o qədər söz var ki... Postda soruşanda, "hara, gedirsiniz?", cavabında ,"Zəngilana, Mincivana" deyəndə qulağıma qəribə gəlirdi, ürəyim ağzımda döyünürdü.

Biz doğrudan Zəngilana, Mincivana gedirik? Həmin bu Zəngilan yazılan lövhəni uzaqdan görəndə, "ay Allah şükür, çox şükür" deməkdən başqa dilim söz tutmadı. Hələ Mincvanin girişində uzaqdan - dağın başında Teleqülləni görəndə, Mincivandan Zəngilan gedən yola çıxanda, gəldik, gəldik Mincivana, girişindəyik" deyib 27 ildə sevinmədiyim qədər sevindim.

Sürücü maşını saxladı, mən necə hövlnak maşından çıxıb, "Ay Allah bizim bina, bizim evimiz, biz burda yaşamışıq, ay Allah necə daığldblar" deyib gözümün yaşı sel oldu. Uşaqlar ağladığımı görməsinlər deyə, qaça-qaça evimizə tərəf getdim. Gözümün qarşında evimizin gözək halı, qonşularimiz, Novruz bayramında məhlədə qaladığımız tonqal və daha nələr canlandı. Mina təhlükəsi olar deyə xarabalığa doğru gedə bilmədim, gedib ağlaya bilmədim dağıntılar altında qalan xoşbəxt günlərimizi. Biz 27 ildə heç vaxt Mincivandakı qədər xoşbəxt olmadıq. Və 27 ildən sonra da ürək ağrısı ilə də olsa sevindim ki, Mincivana qayıtdım. Bir tərəfdən sevindim, digər yandan Mincivanda evimizə yanaşı təhsil aldığım, məzunu olduğum 36 saylı dəmiryol məktəbini viran halını gördükdə erməni faşistlərinə də səsim, ahım Allaha gedib çatacag qədər lənət oxudum.

Məktəbin yaninda 1988-ci ilə qədər yaşadığlmız isə sadəcə üz divarı qalmışdı. Ürək edib gedə bilmədim yaxına, elə uzaqdan baxıb ağladım. Bu illər ərzində yaşadığımız onca acıya, itkiyə, çətinliyə ağlamadığım qədər ağladım, ölüsünü ağlayan insan kimi ağladım. Cəngəlliyə dönən stansiya Mincivandan 1993-cü ilin oktyabrın 20-si (anam dəqiq tarixi dedi) Bakıya Ali məktəbə qəbul imtahana gəlmək üçün son dəfə (o gün bilmirdim son dəfə olacağını, bilsəydi,m heç gəlməzdim) stansiya perronuna çıxdım, o baş bu baş gəzdikdə keçmişdən bir iz axtarirdim, amma yox idi... Baxımsız, sahibsiz, düşmən əlində olan və azadlığa qovuşan bütün yurdlarımız kimi... . Amma çox şükür torpağımızı qaytardıq. Gözəlləşdirmək, əvvəlkindən də yaxşı etmək bizim əlimizdədir".

Jurnalist Vəfa Fərəc