"Təəssüf ki azərbaycanlıyam" deyənlərə bir tələbədən tutarlı cavab...
Hazırda təhsilimlə əlaqədar Türkiyənin İstanbul şəhərində yaşayıram. Burada bir neçə dəfə olub. Əsasən də gənclər arasında. Danışıqlarından filan hiss edib soruşursan ki, “Siz də azərbaycanlısız?” Cavabları “təəssüf ki hə” olur çox zaman.
Başa düşürəm, dövləti, bəyənməyə bilərsiniz, hakimiyyətə müxalif düşüncədə ola bilərsiniz, hətta xalqın da müəyyən qismini sevməyə bilərsiniz. Amma bu cavabı 18-22 yaş aralığındakı gənclər deyəndə heç anlamaq da istəmirəm.
Çoxu da “qaçıb gəlmişəm” düşüncəsindədir və bunu fəxrlə ifadə edir. Niyə qaçdığını, nədən qaçdığını soruşanda isə əsaslı cavab verə bilmirlər. Eləcə dövlət elə, hakimiyyət belə kimi şablon cavablar verirlər. Ətrafımda müxalif gənclər də var, sona qədər iqtidar tərəfdarı da. Siyasi proseslərə qarışmadığım üçün tərəf tutmayacam, amma mən tanıdığım müxalif gənclər öz düşüncələri üçün mübarizə aparanlardır. İstədiklərini tam əldə edə bilmədiklərini görəndən sonra kimisi mübarizəsini xaricdə davam etdirmək, kimisi də sadəcə uzaqlaşmaq üçün gedib ölkədən. Mən bu cür müxalif düşüncəli gənclərə hörmət edərəm. Amma heç nə etmədən təəssüflənən gənclərə əsla.
Bəs, siz nə etmisiniz? 18 yaşında orta məktəbi bitirən kimi qaçırlar ölkədən. Universitet bitirib gələnlərin çoxunun da nə məktəb, nə universitet həyatlarında təhsil uğurları yoxdur. Harada işləmisən deyəndə “iş var ki? Ölkədə filan qədər işsizlikdir” kimi klassik cümlələri köməyə çağırırlar. Sən haralara müraciət etmisən? Universitet qiymətlərin neçədir? suallarına ehtiyac qalmır belə cavabdan sonra.
Heç olmasa, ölkədən xaricə çıxanda milliyətçilik damarınızdakı qanı dövr elətdirin. Ölkə içində bəyənməyə bilərsiniz, amma ölkədən kənarda ölkəmizi aşağılamayın. Qardaş olan Türkiyə xalqı heç zaman Türkiyəni nə ölkələrində, nə də kənarda pisləməzlər. Müxtəlif dövrlər üçün “hakimiyyətdə olanların işidir (işi idi)” deyirlər, amma ümumilikdə ölkəni heç zaman aşağılamırlar. Ən azından qardaşlarımızdan örnək götürək!
Belə insanlar öz ölkələrində heç bir uğur qazanmayıbsa, çox zaman üz tutduqları ölkələrdə də böyük uğur qazana bilmirlər.
Hamı bilir ki, ölkədə müəyyən sahələrdə boşluq və çətinliklər var, hansı ölkədə yoxdur ki?! Bütün problemlərin həlli üçün çox işlər görülür. Arzuladığınız ölkələrin heç biri sizdə “vauu” effekti yaradan gözəllikləri, maddi və sosial imkanları 10-20 il ərzində təmin etməyib. Siz olsaydınız, 1950-ci illərdə İkinci Dünya Müharibəsindən yenicə çıxmış Almaniyaya gedərdinizmi? Ya da 60-80-ci illərdə Türkiyədə hərbi çevrilişlər olan dövrdə gələrdinizmi?
Hamı rahatlıq arzulayır. Eləcə də siz. Amma mübarizə aparmağı, gecədən qaranlığa çıxmaq üçün işıq axtarmağı heç kim istəmir. Hər yeni dövlət gənclərini xaricdə oxumağa göndərir. Çünki xarici təcrübə hər zaman fərqli və uğurlu ola bilir. Dövlət də düşünür ki, gənclər oxuyub ölkəsinə xeyir verə bilər, ölkənin gələcəyi üçün uğurlu işlər görə bilər. Fəqət bizim bəzi gənclər bunların əksinə hər axşam pub-larda, kafelərdə doyunca pivə, araq içib səhəri günün günortasına qədər “paxmel” vəziyyətdə yatmağı üstün tuturlar. O zaman sizə arzumuz “paxmel”dən qısa vaxtda ayılıb özünüz və gələcəyiniz haqqında düşünün. Pub-larda, kafelərdə əldə pivə bakalı tutmaqla ölkələr sizin deyiminizlə desək, xilas olmur, müstəqil olmur.
Ölkəni düşünmürsünüzsə, qoyun kənara, əvvəlcə özünüzü, gələcəyinizi düşünün, özünüzlə mübarizə aparın, beyninizin boz maddələrini hərəkətə keçirib düşünməyə başlayın. Uzağa getməyin, düşünməyə Google-da “boz maddə nədir?” sualını yazmaqla başlayın.
P.S. (1) Xırda bir məsləhətim də var: yazanda `ə` hərfi yerinə `e` hərfi yazmayın.
P.S. (2) Sizin təbirinizcə desəm, ölkədən qaçan kimi “təəssüf ki azərbaycanlıyam” deməyin. Vətəni siz sevmədiyiniz zaman nəinki o ölkə inkişaf edər, hətta əsrlərlə geriləyər...
Kamil ƏMİRLİ