\
22 Noyabr 2024 - Cümə

Şuşanın işğalı günü niyə bayram kimi qeyd olundu?! - Eksklüziv - Təhsil müəssisələrində biabırçılıq

Şuşanın işğalı günü niyə bayram kimi qeyd olundu?! - Eksklüziv - Təhsil müəssisələrində biabırçılıq
1425baxış

Sovetlər dövründə  23 fevral tarixi “kişilər günü” kimi qeyd olunurdu. Daha doğrusu, XI Qızıl Ordunun yaranma tarixi ümumən kişilərin bayramı kimi götürülürdü.

Təbii ki, müstəqil Azərbaycanda həmin gün məhz 23 fevral günü qeyd oluna bilməzdi. Ən azı ona görə ki, XI Qızıl Ordu Azərbaycanı müstəqillikdən məhrum etmiş ordudur. Digər tərəfdən, 1990-cı ilin 20 yanvar günü məhz XI Qızıl Ordu günahsız həmvətənlərimizin qanını töküb.

Bütün bunlara baxmayaraq, “kişilər günü”nün qeyd olunmasına cəmiyyətimizdə sosial sifariş var. Müstəqilliyin ilk illərində Azərbaycan ərazisində 23 fevral köhnə qaydada bayram kimi qeyd olunurdu. Sonradan bu gün ancaq bölgələrdə aktuallığını qoruyub saxlaya bildi. Paytaxtda isə 26 iyun Azərbaycan ordusunun yaranma günü “kişilər” bayramı statusunu almış oldu.

Bu yaxınlarda isə 9 may Faşizm üzərində Qələbə Günü milli kişilərimizin bayramı statusunu aldı. Qəribə də olsa qeyd etməliyik ki, ilin 365 günündə kişilər üçün başqa bir tarix tapmaq mümkün olmamışdı. Belə çıxır ki, bizim kişilərin özəlliyini vurğulayacaq bir gün olmayıb. Ortalığa qəribə suallar çıxır: “Bəs qəhrəmanlarımızın göstərdiyi şücaətlərin müəllifi kimlər olub? Məgər bizdə tarixə damğasını vurmuş insanlar az olub?” Digər tərəfdən, faşizm üzərində qələbə bütün dünya insanlarının qələbəsidir, onu cinslərə, millətlərə, irqlərə bölmək absurddur.

Qayıdaq mövzuya. Taleyin oyunu ilə builki kişilər günü 8 may gününə təsadüf edib. Bu gün isə Şuşanın işğalının 26-cı ildönümü ürək ağrısı ilə qeyd olunur. Məhz 1991-ci ilin 8 may günü bütün Azərbaycan kişilərinin, ümumən vətəndaşlarının utanc günü kimi tarixə düşüb. Həmin gün şəhər erməni işğalçıları tərəfindən həmləyə məruz qalıb, 9 may günü isə tamamilə işğal altına keçib. Maraqlıdır ki, ermənilər Şuşanın zəbt olunması gününü 9 mayda qeyd edirlər. Bu isə o deməkdir ki, nə 8, nə də 9 may günləri Azərbaycan kişilərinin günü kimi qeyd oluna bilməz. Olsa-olsa erməni kişilərinin günü kimi və ya Şuşanı bizdən alıb onlara hədiyyə edən rus kişilərinin günü kimi qeyd edilə bilər. Bu isə olduqca gülünc səslənir. Ən azı ona görə ki, Qarabağ döyüşləri hələ bitməyib və tarixin təkamül yolunda biz torpaqlarımızı geri qaytaracağıq, mütləq qaytaracağıq.

O zəfər gününə qədər biz səhvlərə yol verməməliyik və ya səhvlərimizi gecikmədən düzəltməliyik. Əks halda, başqa millətlərin bizə güdüyünü hiss etməli olacağıq.

Mövzunu uzatmaq olardı. Ancaq fikrimizcə, hər kəs öz mesajını almış oldu. Əziz valideynlər, müəllimlər, təhsil nazirliyinin əməkdaşları və ümumən azərbaycanlılar! Bu gün – Şuşanın işğalı günü bütün təhsil ocaqlarında bayram təntənəsi ilə qeyd olunmuş oldu. Gələcəyin kişiləri hədiyyələr və xoş sözlərlə təltif olundular.

Bir kişi olaraq, ata olaraq öz adımdan deyə bilərəm ki, torpaqlarının 20 faizi işğal olunmuş, 1 milyondan çox qaçqın və köçkünü olan, əsirlikdə yüzlərlə qız-gəlini kömək gözləyən bir millətin kişiləri bayram etməsələr, yaxşı olar. Oğurlanmış papağımızı tapsaq, bayram edərik...

Natiq Qocaman