Ləyaqətli oğul, nümunəvi ailə başçısı, ümummilli lider və ya sadəcə Heydər Baba - 95 yaşı olan əbədi xatirə
Azərbaycan ailəsinin azərbaycançı övladı
“Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” layihəsini işləyərkən
dahi siyasətçi, təkrarolunmaz insan Heydər Əliyevi və onun ailəsini xatırlamamaq
mümkün deyil. Bu il 95 illik yubileyləri qeyd olunan Heydər Əliyev və Zərifə
Əliyeva fenomenləri bir çox sahələrdə cəmiyyətə örnəkdir. Belə ki, onların
timsalında ən yüksək ailə dəyərlərinin təntənəsini görmək mümkündür. Gender
bərabərliyi, ailədə hüquq və bərabərliklərin düzgün bölgüsü prinsiplərini məhz
Əliyevlər ailəsinin timsalında etalon kimi qəbul edə bilirik. Digər tərəfdən, Heydər
Əliyev ailəsi və xalqı üçün gözəl övlad olduğu üçün ümummilli lider adını
qazanmışdır. O, həmçinin xalqının ağsaqqalı, müdrik rəhbəri, əbədi lideri olduğu
üçün Heydər baba adına layiq görülmüşdür. O ki qaldı demoqrafiya məsələlərinə,
məhz Heydər Əliyevin memarı olduğu Azərbaycan Respublikası tarixin özü qədər
uzunömürlü olacaqdır. Ən azı ona görə ki, Heydər Əliyev Azərbaycan üçün uzun
illər çalışdı, ömrünü büsbütün xalqına həsr etdi və bu illər ərzində səbirlə, təmkinlə
müstəqil dövlətinin işıqlı gələcəyini qurdu. Bütün bunları nəzər aldıqda, qədirbilən
xalqımızın əbədi liderinə verdiyi ulu öndər adının mənasını anlamaq olar. Ona görə
də bugünkü yazını əbədi liderin ruhuna ithaf olaraq, onun 95 illik yubileyinə həsr
etməyi özümə vətəndaşlıq borcu bilirəm.
Ümummilli lider
Azərbaycanın müasir tarixində 1969-cu il respublikanın sosial-iqtisadi və mədəni
inkişafında dönüş ili olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında respublikanın
dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz
fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji 70-ci illərin bariz əlamətinə
çevrildi.
Bu illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil
olmuşdur. Kənd təsərrüfatının inkişafında böyük nailiyyətlər əldə edildi. Sənayenin
dinamik yüksəlişini təmin etmək üçün iqtisadiyyatda struktur islahatları həyata
keçirildi. Yeni sənaye sahələri yaradıldı, sənayenin qabaqcıl sahələrində, ilk
növbədə, maşınqayırma kompleksində, kimya və neft kimyasında, əlvan
metallurgiyada texniki cəhətdən yeniləşmə və yenidənqurma işləri, neft emal edən
sənayenin, energetikanın, qara metallurgiyanın və dağ-mədən sənayesinin
genişləndirilməsi prosesi başlandı. Azərbaycan bu illərdə neft məhsulları, neft
avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, tikinti
materialları, məişət kondisionerləri, avtomobil hissələri, mineral gübrələr, çini-saxsı,
xalça və xalçaçılıq məmulatı istehsalı üzrə keçmiş SSRİ-də aparıcı yerlərdən birini
tuturdu. Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac
olunurdu. Əslində, Azərbaycanın dövlət suverenliyi və müstəqilliyi, sistemli şəkildə
artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən
inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş iqtisadi potensiala
əsaslanır.
Dinamik inkişaf edən iqtisadiyyatı yüksək ixtisaslı kadrlarla təmin etmək üçün
Azərbaycanda orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsi nəzərəçarpacaq dərəcədə
genişləndirildi, hər il Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin
aparıcı elm və təhsil ocaqlarına gənclərin göndərilməsi həmin illərdə bir ənənəyə
çevrildi. Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması,
gənc və yeniyetmə azərbaycanlı oğlanların həmin məktəbə, habelə respublikadan
kənarda ali hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar hərbi kadrlar
hazırlanması işinə böyük təkan verdi. Beləliklə, Heydər Əliyevin uzaqgörənliyi
sayəsində gələcəkdə müstəqil Azərbaycan Milli Ordusunun formalaşması üçün kadr
probleminin həlli yolunda mühüm addım atıldı. Azərbaycanın elmi, mədəniyyəti və
incəsənəti həmin illərdə böyük yüksəliş dövrü yaşadı. Respublikanın paytaxtı Bakı
şəhərinin, digər şəhər və rayonların inkişafı və abadlaşması sahəsində kompleks
tədbirlər həyata keçirildi.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, ilk illərdə ölkədə
hakimiyyət uğrunda başlanan silahlı mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi
və çoxhakimiyyətliliyin hökm sürməsi müstəqil dövlətçiliyə ağır zərbələr vurdu.
Ölkədə yaranmış ictimai-siyasi xaos, anarxiya, zorakılıq halları, milli və vətəndaş
qarşıdurmasının kəskinləşməsinə və hakimiyyətin tam iflasına rəvac verirdi.
Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhv olmaq
təhlükəsi qarşısında qaldı, ölkə vətəndaş müharibəsi və parçalanma
həddinə gətirildi. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan
Heydər Əliyev öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli
vəziyyətdən çıxarmaq üçün gərgin işə başladı. İlk növbədə, hakimiyyət vakuumu
aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış destruktiv
qüvvələr xalqın fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsinin qarşısı
alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə,
ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi.
1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olundu.
Heydər Əliyev Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdıra bildi. Azərbaycan
yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi
imkanlarını gerçəkləşdirməyə başlamışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində
Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır.
Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan
rəhbəri həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir.
Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş
Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv
edildi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin
yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda kütləvi fərarilik
hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi. Bu gün Azərbaycanın
suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan orduya
malik olması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz
xidmətlərdən biri sayıla bilər. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə
ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə
əsl dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil
dövlət quruculuğu prosesi başlandı. Azərbaycanın daxilində yaranmış sabitlikdən
və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə
edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsi
imzalandı. Onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və
müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft
strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyev öz neft
strategiyasının əsas mənasını Azərbaycanın zəngin təbii sərvətlərindən xalqın rifahı
naminə daha da səmərəli istifadə etməkdə görürdü. Azərbaycanın iqtisadi
suverenliyini əks etdirən ilk beynəlxalq neft müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını qoydu və bu gün onun praktiki nəticələri göz qabağındadır.
Müstəqil Respublikamızın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu
istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca
prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.
Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq
miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu
tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu
günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
Azərbaycan Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın demokratik
dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu
silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir.
Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına,
sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət
və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir.
Ulu öndər
Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi
Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya
əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin
yaratmışdır. Azərbaycan ziyalısının son yüzilliklərdə ən ciddi bir şəkildə
düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki
fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli
siyasət müstəvisinə keçmişdir.
Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib
zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi,
dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi
onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti
sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi
uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi
tanınmış, Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir.
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə ümummilli lider
Heydər Əliyevin xatirəsi əbədiləşdirilmişdir.
Bu il 95 illik yubileyini qeyd etdiyimiz Heydər Əliyev xalqımızın nümunəvi övladı, yəni ümummilli lideri, müdrik ağsaqqalı, ulu öndəridir.
Onun ideyaları və amalı tarixin özü qədər uzunömürlü olacaqdır.
Könül Aypara