3 millətin təmsilçisi olan əsl azərbaycanlı - Eksklüziv - Örnək insan
Ata tərəfdən rus, ana tərəfdən yəhudi olan Alyoşa dayı bakılı olduğu ilə fəxr edir
İnsan dünyaya ilk növbədə insan kimi gəlir. Dil açarkən millətini, yeriyərkən vətənini, düşünməyə başlayarkən dinini müəyyən edir. Və bütün bu zənginliklər içində öz layiqli yerini tapır. Çünki yeganə şüurlu varlıq məhz elə insandır. Deməli, millətini, vətənini sevmək, dininə tapınmaq üçün həqiqi insan olmaq ən əsas şərtdir. Odlat yurdu Azərbaycanda belə insanlar çoxdur.
Onlardan biri ilə sırf təsadüf nəticəsində tanış oldum. Bacarıqlı santexnika ustası kimi evimizdə təmir işləri aparırdı. Azərbaycan dilində sırf Bakı ləhcəsi ilə danışırdı. Zahirən də azərbaycanlılara oxşayırdı, qara, qıvrımsaç, bığlı. Gözləri də bizlər kimi azacıq qıyıq idi. Bir sözlə, şəxsiyyət vəsiqəsindəki qeydlərdən başqa bütün göstəriciləri onun milliyyətcə azərbaycanlı olduğuna işarə edirdi. Söhbətcil idi, meyxanadan da az-çox başı çıxırdı. Eşidəndə ki mətbuat işçisiyəm, ondan yazı yazmağımı xahiş etdi. Sözün düzü, ilk əvvəl nə haqda yazacağımı bilməsəm də, sonradan bir məqam diqqətimi cəlb etdi. Həmsöhbətim, Bakı sakini Aleksey Nikolayev özünü həm yəhudi, həm rus, həm də azərbaycanlı saydığını iftixarla bildirirdi. “Mən əsl bakılı balasıyam, “Kubinka” uşağıyam. Atam da, anam da “korennoy” bakılı olublar”, deyə sözarası qeyd edən Alyoşa dayı iş görə-görə söhbətindən də qalmırdı:
- Heç yadımdan çıxmaz, uşaqlıqda məhəllə uşaqları məni Əli deyə çağırırdılar. Çoxu elə bilirdi elə mən də azərbaycanlıyam. Çünki ata-anam da azərbaycanca təmiz danışırdılar. Meyxanalara qafiyə açırdım, sinədən meyxana deyirdim. Adıma o qədər öyrəşmişdilər ki, ata-anam da məni elə çağırırdı. Bir-iki dəfə uşaqlarla məsciddə-zadda da olmuşdum. Bir gün anamdan soruşdum ki, biz də azərbaycanlıyıq? Dedi, biz bakılıyıq, atan malakandır, mən isə yəhudi. Yenə başa düşmədim. Məni başa saldı ki, Sovet qanunlarına görə mən rusam, yəhudi adəti ilə millət anadan götürüldüyü üçün yəhudi sayılıram, Bakıda doğulub böyüdüyüm üçün bakılı balasıyam. O vaxt millət söhbəti yox idi, hamımız bir ailənin üzvü idik. Mən anamın dediyindən belə başa düşdüm ki, elə hamımız eyni millətik. Sonra Qarabağ məsələsi düşdü. Mən də kişi kimi gedib 3 il 4 ay vuruşdum. Onda başa düşdüm ki, erməni bizim düşmənimizdir. Sən demə, Sovet vaxtı bizimlə dostluq eləyən, duz-çörək kəsən adamlar indi bizə silah qaldırıblar. Onu da deyim ki, “Beşmərtəbə” tərəfdə erməni uşaqları çox olurdu. O vaxtlar dostluq eləyirdik. Bir-iki dəfə Qarabağdan qohumları gəlmişdi, mənə təklikdə başa salırdılar ki, türk erməninin düşmənidir. Mən də elə bilirdim ki, türk deyəndə Türkiyəni nəzərdə tuturlar. Böyüyəndən sonra başa düşdüm ki, onlar azərbaycanlıları düşmən bilirlər. O vaxt “kanikulda” Yerevana, Qarabağa gedən ermənilər qayıdanda bir müddət bizimlə oturub durmurdular. Həmin uşaqlara “armixon” deyirdik. “Armixonlar” bizdən seçilirdi. Dava düşəndə səs-küy salmağı bilirdilər. Davadan qorxurdular. Bir az da gopçu, lovğa idilər. Yaxşı ki, hamısı çıxıb getdi. Necə deyərlər, Bakı gözəl şəhərdir, ermənilər olmasa.
Uşaqlıq xatirələri barədə ağızdolusu danışan Alyoşa dayı şəxsi həyatına toxunmağı da unutmadı:
- İllər keçdi. Allah rəhmət eləsin, anamla atam dünyasını dəyişdi. 90-cı illərdə vəziyyət çətin idi. İsrailə köçməli oldum. Bir il orada yaşadım. Gördüm ki mənlik deyil, qayıtdım dala. Bir qıza gözüm düşmüşdü. Azərbaycanlı idi. Uşaq evində böyümüşdü. Mərkəzi univermağın yanında dərzi işləyirdi. Hiss eləyirdim ki, onun da məndən xoşu gəlir. Bir gün ona ürəyimi açdım. Məndən soruşdu ki, müsəlmansan? Dedim, hə, özü də xalisindən, istəyirsən kəlmeyi-şəhadətimi deyim. İnandı mənə. Biz yəhudilər də müsəlman kimi oluruq axı. Başa düşürsən də məni. Evləndik onunla, toyumuz oldu. Uşağımız olana kimi o bilmədi ki, mən yəhudiyəm. Çünki uşaq olandan sonra onunla ZAQS-a girdik. İndi də əl-ələ verib 3 uşağımızı böyüdürük. Böyük oğlumun 17 yaşı var, azərbaycanlı qıza nişanlıdır. Məhərrəmlikdən sonra imkan olsa, toyunu edəcəm. Olmasa, institutu qurtarar, əli çörəyə çatar, evləndirərəm. Yaxşı ailənin qızıdır, “Xarici dillər”də bir qrupda oxuyurlar. İnşallah, toyuna səni də çağıracam.
Qeyd: Söhbətimiz o qədər şirin alındı ki, sonunda ondan şəklini almağı və ya şəklini çəkməyi unutdum. Belə ki, yazını nə vaxt yazacağımı bilmirdim.
Onunla Alyoşa dayı kimi tanış oldum, Əli dayı kimi ayrıldım. Halal zəhməti ilə, hərarətli qəlbi ilə Odlar yurduna 3 əsgər böyüdən bu insan məni düşünməyə vadar etdi: “Görəsən, ana dilinə xor baxan, başqa dillərdə danışmağı mədəniyyət sayan bəzi meşşan “azərbaycanlılar” bu millətin təmsilçisidir, yoxsa milli və dini mənsubiyyətindən iftixarla danışan, yaşadığı vətəni hər şeydən üstün tutan sıravi Azərbaycan vətəndaşı?!
Dənizi ilə, nefti ilə zəngin olan Odlar yurdunun ən böyük zənginliyi onun layiqli övladlarıdır”
Natiq Qocaman