\
22 Noyabr 2024 - Cümə

Uşaqları zorakılıqdan necə qorumalı? - SOSİAL PROBLEM

Uşaqları zorakılıqdan necə qorumalı? - SOSİAL PROBLEM
9201baxış
Ekspertin qənaətincə, bu məsələyə birtərəfli deyil, kompleks yanaşma lazımdır
 
Bu ilin əvvəlində İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçinin azyaşlıya qarşı şiddət göstərilməsini əks etdirən videosu yayıldı. Həmin video cəmiyyətin sərt reaksiyasına səbəb oldu, geniş müzakirələrə yol açdı. Sosial mediada və xəbər saytlarında ictimailəşdirilən bu görüntülər Təhsil və Daxili İşlər nazirliklərinin diqqətini çəkdi, operativ araşdırmalara başlanıldı. İsmayıllı rayon polis şöbəsinin təhqiqat qrupu dərhal bağçaya gedərək müvafiq sorğu və izahat işləri apardı. DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bu barədə mətbuata açıqlamasında bildirdi ki, üç yaşlı usağı vuranın tərbiyəçi-müəllimə - 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova olduğu müəyyən edilərək təhqiqata cəlb olunub. Sonradan araşdırmanın nəticəsinə uyğun olaraq, tərbiyəçi-müəllimə barəsində hüquqi tədbir görülüb. Lakin bununla uşaqlara qarşı zorakılıq halına son qoyulmayıb. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən sığınacaqların birində uşaqların zorakılığa məruz qalması faktına dair iyunun 2-də KİV-də daha bir məlumat yayılıb. Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Rayon Prokurorluğu, Daxili İşlər Nazirliyi, Ombudsman Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hadisənin “Sevgi Evi” qadın və uşaq sığınacağında baş verdiyi müəyyənləşdirilib, müvafiq araşdırmalara başlanılıb, hətta cinayət işi açılıb. Bu olay uşaqların zorakılıq qurbanı olması faktını, azyaşlılarla işləyəcək mütəxəssislərin düzgün seçilməsinin zəruriliyini yenidən gündəmə gətirib.
 
 
Vəzifə səlahiyyətlərindən sui-istifadə
 
İlk növbədə onu qeyd edək ki, Təhsil Nazirliyi uşaqlara qarşı zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyir və bunun yolverilməz olduğunu bəyan edir. Bunun nəticəsidir ki, cari ilin əvvəlində İsmayıllıda yaşanan hadisəyə də nazirlik tərəfindən sərt təpki verilib. Uşağa qarşı şiddət göstərən İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 14 yanvar 2022-ci il tarixdən ləğv edilib. Qanunvericiliyin sözügedən bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
 
 
Fiziki və psixi zorakılığın bütün formaları
 
Xatırladaq ki, 14 aprel 2017-ci il tarixli “Məktəbəqədər təhsil haqqında” Qanunun müddəalarında (maddə 17.2.1, 17.2.2) uşaqların həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq, şəxsiyyətin alçaldılmasına, mənəvi və psixoloji duruma və sağlamlığa zərər vuran hərəkətlərin bütün formalarından, fiziki və psixoloji zorakılıq hallarından müdafiə olunmaqla bağlı hüquqları öz əksini tapıb. Eyni Qanunun başqa bir maddəsində (maddə 18.2.6., 18.2.7) təhsilverənlərin vəzifələrinin uşaqların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq olduğu qeyd edilib.
 
Müxtəlif mövzuları əhatə edən təlim və tədbirlər
 
Qanunların tələblərinin yerinə yetirilməsi aidiyyəti dövlət qurumları tərəfindən nəzarətdə saxlanılmalıdır. Bundan başqa, Prezident İlham Əliyevin 8 may 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın müvafiq tapşırığını da xatırlatmaq yerinə düşər. Məhz həmin tapşırığa müvafiq olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə aidiyyəti dövlət orqanlarını təmsil edən ekspertlər qrupunun əməkdaşlığı çərçivəsində dövlət, qeyri-dövlət uşaq müəssisələrində dövri və növbədənkənar monitorinqlər təşkil olunur. Baş verə biləcək neqativ halların aradan qaldırılması, cəmiyyət arasında maarifləndirmə işinin təşkili məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq müxtəlif mövzuları əhatə edən təlim və tədbirlər həyata keçirilir.
 
 
Mədəni-estetik zövqün formalaşması
 
Təəssüf ki, həyata keçirilən tədbirlər və maarifləndirmə işinə baxmayaraq, hələ də uşaq hüquqlarının pozulması halları yaşanır. Cari ilin əvvəlində İsmayıllıda, iyunun 2-də paytaxt Bakıdakı “Sevgi Evi” qadın və uşaq sığınacağında baş verənlər buna əyani misaldır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, uşaq hüquqlarının pozulması ilə nəticələnən hadisələr, həmçinin buna bənzər hallar bir daha onu göstərir ki, uşaqlarla işləyən mütəxəssisləri işə qəbul edən zaman onların pedoqoji biliklərinin yoxlanılması ilə yanaşı, psixoloji sağlamlığı, mənəvi dəyərləri, peşəkarlıq səviyyəsi ilə bağlı qiymətləndirilməsinə xüsusi diqqət edilməlidir. Dövlət Komitəsindən bildirilib ki, məktəbəqədər təhsil vasitəsilə uşaqlarda erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialın, mədəni-estetik zövqün formalaşmasının, sadə əmək vərdişlərinə yiyələnmənin, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu yanaşmanın əsası qoyulur. Bu səbəbdən də, vəzifəsindən asılı olmayaraq uşaq müəssisələrində çalışan hər bir kəs uşaqların şərəf və ləyaqətinə hörmət etməli, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, uşaqların təhlükəsizliyinin təmin olunmasında bilavasitə iştirak etməlidirlər.
 
İşgüzar və səmərəli əməkdaşlıq
 
 
Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin üzvü Rauf Əliyev deyib ki, Azərbaycanda uşaq hüquqlarının qorunması üçün qanunvericilik nöqteyi-nəzədən heç bir problem yoxdur. Onun sözlərinə görə, Azərbaycanda bu sahani əhatə edən, müasir tələblərə cavab verən hüquqi baza yaradılıb. Deputat vurğulayıb ki, yetərincə normativ-hüquqi baza olsa da, cəmiyyətdə bu sahədə maarifləndirmə işləri yetərincə deyil: “Qüvvədə olan “Uşaq hüquqları haqqında” Qanun Konstitusiyamıza, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq hüquqlarına dair Beynəlxalq Konvensiyaya, digər hüquq normalarına uyğun olaraq Azərbaycanda uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi, fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir. Bundan başqa, “Ümumi təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında” qanunlarda, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə, “Məktəbəqədər təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə təhsilverənlərin və təhsilalanların, o cümlədən, valideynlərin hüquq və vəzifələri müəyyənləşdirilib. Qeyd etmək lazımdır ki, yetərincə normativ-hüquqi baza olsa da, cəmiyyətdə bu sahədə maarifləndirmə işləri yetərincə deyil. Eyni zamanda, müxtəlif kütləvi informasiya vasitəlirindəki yazılarda, televiziya verilişlərində əsasən təhsil müəssisələrinin, müəllimlərin və tərbiyəçilərin tənqid olunduğu müşahidə olunur. Valideynlərin, uşaqların vəzifələri və məsuliyyətləri barədə nədənsə az danışılır. Bu məsələyə birtərəfli yox, kompleks yanaşma lazımdır. Bütün vasitələrdən istifadə olunaraq cəmiyyətdə bu sahədə maarifləndirmə işlərini gücləndirmək lazımdır. Eyni zamanda, valideynlərlə bu sahəyə cavabdeh olan dövlət qrumları ilə, ictimai təşkilatlarla təhsil müəssiəsələri arasında işgüzar və səmərəli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilməlidir”.
 
Qeyri-etik hərəkətlərə yol verməmək
 
 
Baş verən hadisələr, görülən tədbirlər, tərbiyəçi-müəllimin, uşaq sığınacağında günahkar şəxslərin cəzalandırılması fonunda təəssüf doğuran məqamlardan biri də problemi ictimailəşdirən sosial media istifadəçilərinin və sayt əməkdaşlarının özlərinin də qeyri-etik hərəkətlərə yol verməsidir. Belə ki, video sosial şəbəkə və saytlarda ictimailəşdirilən zaman azyaşlının – şiddətə məruz qalanın üzü aydın şəkildə göstərilir, hətta onun ad-soyadının da dəqiqliklə göstərilməsinə cəhdlər olurdu. Bu da yolverilməz haldır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, “Vətəndaşların əmək hüquqlarını müdafiəsi liqası”nın İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov bildirib ki, uşaqlarla əlaqəli zorakılıq hallarının ictimailəşdirlməsi zamanı zorakılıq qurbanı olan uşaqlara münasibətdə etik qaydaların pozulması, zorakılıq qurbanı olmuş uşağın (uşaqların) vizual görüntülərinin (video, foto) yayılması zamanı sifəti örtən filterdən (baby face filter) istifadə olunmaması, onların fərdi məlumatlarının, o cümlədən adlarının, yaşayış ünvanlarının verilməsi hədsiz narahatlıq doğurur: “Belə həssas məsələlərin ictimailəşdirilməsi zamanı ilk növbədə uşağın ən ümdə mənafeləri birinci yerdə olmalıdır. Ölkəmizin tərəfdar çıxdığı müvafiq beynəlxalq normalara və milli qanunvericiliyimizə görə heç bir uşaq onun şəxsi və ailə həyatına, mənzil toxunulmazlığı, yazışma sirri hüququnun həyata keçirlməsinə özbaşına və ya qanunsuz müdaxilə və ya şərəf və nüfuzuna qanunsuz qəsdin obyekti ola bilməz. Bizlər bəzən bilməməzlikdən, bəzən səhlənkarlıqdan və ya hər hansı bir səbəbdən zorakılıq qurbanı olan uşaqlara qarşı zorakılıq hallarını ictimailəşdirərkən uşağın ümdə mənafelərinə xələl gətiririk və beləliklə zorakılıq qurbanın mənafelərinə zidd hərəkətlər etmiş oluruq. Media, vətəndaş cəmiyyəti nümayəndələri və sosial şəbəkə istifadəçilərinin hər birini zorakılıq qurbanı olmuş uşaqlara münasibətdə daha həssas olmağa, uşağın ümdə mənafelərinə zidd olan, onun şəxsi həyatına müdaxilə sayılan və fərdi məlumatlarının yayılmasına xidmət edən hərəkətlərdən çəkinməyə çağırırıq”.
 
Könül AYPARA