İnanc və dini hisslərin istismarı yolverilməzdir
8410
Din pərdəsi altında gizlənmiş pozucu elementlər öz fitnəkar əməlləri ilə cəmiyyətimizdə bölücülük yaratmağa çalışırlar
XX əsrin sonunda Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra, dövlətimizin hər sahəsində olduğu kimi, din-dövlət münasibətlərində də yenidənqurma prosesinə start verilib, dövlət xalqımızın milli-mənəvi dəyərlərinə sahib çıxıb. Azərbaycan dövləti dini təhlükəsizliyi milli təhlükəsizlik siyasətinin tərkib hissəsi kimi nəzərdən keçirib, ölkənin hüquqi, dünyəvi və unitar bir Respublika olmasında qətiyyətli addımlar atıb. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu və 1995-ci ildə qəbul edilən Konstitusiyada dövlətin dünyəvilik prinsipinə sadiq qalacağı ümumxalq referendumu ilə təsdiqlənib. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində Azərbaycanda ictimai-siyasi sabitlik daha da möhkəmlənib, makroiqtisadi sabitlik və yüksək iqtisadi artım təmin edilib.
Vicdan və dini etiqad azadlığı təmin olunub
Cəmiyyətin bütün sahələrində olduğu kimi, vicdan və dini etiqad azadlığı ən yüksək səviyyədə təmin olunub. Qeyd etmək yerinə düşər ki, Azərbaycan yenidən müstəqilliyini qazananda respublikada cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 2253-dür. Bu günədək 992 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 955-i İslam, 37-si qeyri-islam, yəni 26-sı xristian, 8-i yəhudi, 1-i krişna, 2-si bəhai təmayüllüdür. Habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Bununla yanaşı, Azərbaycanda dini qurumlara mütəmadi olaraq maliyyə yardımları ayrılır, milli-mənəvi dəyərlərin gənc nəsillərə çatdırılması, gənclərin dini təhsil almasi istiqamətində mühüm addımlar atılır. Bütün bu sadalanan faktlar, statistik göstəricilər ölkəmizdə dini-mədəni müxtəlifliyin, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına əyani misaldır.
İslam dəyərlərindən sui-istifadə edilir
Lakin əfsuslar olsun ki, Azərbaycanın uğurlarından və mövqelərinin daha da güclənməsindən narahat olan bəzi dairələr vətəndaşların dini inancından sui-istifadə etməklə məkrli, destruktiv əməllərə rəvac verirlər. Dini pərdə altında gizlənmiş, insanların inanc və dini hisslərini istismar edən belə pozucu elementlər fitnəkar əməlləri ilə cəmiyyətimizdə bölücülük yaratmağa çalışırlar. Bu cür qərəzli və qeyri-sağlam mövqe tutan, xarici ölkələrdə “dini təhsil” alıb “ruhani” kimi yetişdirilən “kadrlar” İslami dəyərləri daim uca tutan müsəlman ölkəsində - Azərbaycanda “İslamı müdafiə” adı altında pozucu fəaliyyətə əl atır, sosial mediada dövlət qurumlarının əleyhinə şər və böhtan kampaniyasına rəvac verir, sülh və barışa böyük önəm verən İslam dəyərlərindən sui-istifadə edərək süni gərginlik yaratmağa səy göstərirlər.
Dinə münasibət özünəməxsus tolerantlıqla səciyyələnir
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu mövzu ilə bağlı bildirib ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, dövlətimiz daima dini-mənəvi dəyərlərimizə sahib çıxmaqla, onun inkişafı və qorunması üçün mümkün hər şeyi edib. Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidenti öz çıxışlarında dini mədəniyyətimizi milli mədəniyyətimizin tərkib hissəsi kimi göstərir: “İstər paytaxt Bakı şəhərində, istərsə də regionlarımızda ardıcıl olaraq dini ibadət yerləri, məscidlər inşa olunur, milli mirasımız olan dini abidələrimiz davamlı olaraq təmir və bərpa edilir. Bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da çox mühüm fəaliyyət həyata keçirir. Azərbaycanın hər yerində, son dövrlərdə isə işğaldan azad edilmiş ərazilərimizdə dini abidələrimizin bərpası sahəsində görülən işlər ayrıca əhəmiyyət kəsb edir. Şübhəsiz ki, Azərbaycan təcrübəsində dinə münasibət özünəməxsus tolerantlıqla səciyyələnir. Dini dözümlülüyümüz həm də Azərbaycan multikultiralizminin əsaslarından birini təşkil edir”.
İslam dininə münasibətdə vacib nümunə
Deputat qeyd edib ki, Azərbaycan Prezidenti və Birinci vitse-prezident İslam dininin müqəddəs mərkəzi hesab edilən Məkkəni ziyarət etməklə, həm də şəxsi zəmində İslam dininə münasibətdə vacib nümunə göstərib: “Təsadüfi deyildi ki, Prezident İlham Əliyev öz çıxışlarının birində Həcc ziyarəti zamanı müqəddəs Kəbədə etdiyi birinci duasının torpaqlarımızın işğaldan azad olunması ilə əlaqədar olduğunu bildirdi. Ağdam işğaldan azad edildikdən sonra Birinci vitse-prezident Mehriban xanım Əliyeva Ağdam Cümə Məscidinə müqəddəs kitabımızı təqdim etdi. Bu mərasimdə məscidə daxilolma mədəniyyəti və nümunəsi göstərdi. Eyni zamanda, bu gün cəmiyyətimizdə dinin obyektiv əsaslarda dərk edilməsi üçün də Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılır. İlahi fəlsəfəni düzgün mənimsəmək üçün universitetlər yaradılır, dini işlər üzrə xüsusi icra orqanı təsis edilir. Bütün bunlar Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin dinə olan diqqəti və qayğısının bariz təcəssümüdür”.
Konstitusion hədəflərə tam nail olunub
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov da bildirib ki, demokratik, hüquqi, dünyəvi və unitar respublika olan Azərbaycan bütövlükdə İslam dünyasında dövlət-din münasibətlərini həm hüquqi, həm də mənəvi cəhətdən tam tənzimlənməsinə nail olmuş azsaylı ölkələrdəndir. Onun qənaətincə, Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda çox həssas bir məsələ olan din siyasətinin qüsursuz həyata keçirilməsi üçün, ilk növbədə, güclü və qətiyyətli siyasi iradənin, iqtisadi və siyasi müstəqilliyin olması zəruri şərtdir: “Azərbaycanda ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması ilə güclü mərkəzi hakimiyyətin qurulması, iqtisadi və siyasi müstəqilliyə nail olunması istiqamətində ciddi addımlar atılıb. Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə bu hədəflərə tam nail olunub. Bu tendensiya, eyni zamanda, dövlət-din münasibətlərinə də sirayət edib, Azərbaycanda çoxəsrlik tolerantlıq ənənələrinin bazisində din siyasətində yeni bir səhifə açılıb. Xüsusən, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sferaya diqqət və qayğısı həm normativ sahədə qəbul edilən qərarlar, həm də əməli addımlarla dövlət-din münasibətləri ilə bağlı qəbul edilmiş konstitusion hədəflərə tam nail olunub”.
Dünyəvi və dini ideyaların dəqiq sərhədləri
Millət vəkili söyləyib ki, Azərbaycan Respublikasında dinin dövlətdən ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabərliyi bütövlükdə cəmiyyət tərəfindən könüllü şəkildə dərk və qəbul edilən münasibətə çevrilib: “Azərbaycan kimi köklü dini ənənələri və ruhaniyyət mənəviyyatının güclü olduğu cəmiyyətlərdə din-dövlət münasibətlərinin dünyəvilik şərti ilə bu cür mükəmməl formada tənzimi təbii ki, ciddi səy və şəxsi nüfuz tələb edir. Prezident İlham Əliyevin dini ənənələrə münasibətdə şəxsi nümunə göstərməsi, müsəlmanların müqəddəs məkanları, o cümlədən Məkkəyə səfəri, habelə, onun hakimiyyəti illərində regionun ən gözəl məscidlərindən biri olan Heydər Məscidi kompleksinin tikilməsi, Bibiheybət, Təzəpir, o cümlədən Şamaxı Cümə məscidləri başda olmaqla çoxsaylı ibadətgah və dini abidələrin bərpası, habelə, işğaldan azad olunan bölgələrdə təmir və bərpa prosesinə məhz Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi nəzarətində dini abidələrdən başlanması ilə Azərbaycanda dünyəvi və dini ideyaların dəqiq sərhədlərinin müəyyən olunması təmin edilib”.
Antiislam dairələr qarşısında cəsarətli duruş
Deputat B.Məhərrəmov deyib ki, istər işğal dövrü, istər sonrakı zamanlarda vandalizmə məruz qalmış dini abidələrlə bağlı tutduğu barışmaz və qətiyyətli mövqeyi, o cümlədən antiislam dairələr qarşısında cəsarətli duruşu ilə Prezident İlham Əliyev İslam dünyasının təəssübünü çəkən müsəlman aləminin liderlərindən biri olduğu reallığını ortaya qoyub: “Həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun analoji istiqamətdə həm yerli, həm də beynəlxalq müstəvidə titanik fəaliyyəti dövlət-din münasibətlərinin hazırkı mükəmməl səviyyəsinin formalaşmasında həlledici amillərdən birinə çevrilib. Cəmiyyətdə bu sahədə hakimiyyətlə həmrəyliyin müşahidə olunmasının kökündə dayanan vacib nüanslardan digəri isə heç şübhəsiz Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın özlərinin şəxsi nümunələrində dini-mənəvi amillərə yüksək ehtiramla yanaşmaları olub. Dövlətimizin başçısı və birinci xanım işğaldan azad edilən bölgələrə ayaq basarkən ilk olaraq məscidə qədəm qoyublar. Ağdam və Şuşada məscidlərinin ziyarət edilməsi zamanı yaşanan duyğusal anlar, oraya 30 il sonra ilk dəfə məhz Birinci vitse-prezident tərəfindən Quran gətirilməsi xalqın yaddaşında əbədi həkk olunub”.
Dini dəyərlərdən radikal məqsədlərlə istifadə cəhdləri
Millət vəkili Azərbaycan Konstitusiyasına əsasən dövlətin təhsil sisteminin dünyəvi xarakter daşımasına da diqqət çəkib: “Həyata keçirilən uğurlu din siyasətinin nəticəsi olaraq, dini təhsil idarəçiliyinin, o cümlədən qanunvericiliyə son dəyişikliklərlə din xadimlərinin təyinatının dünyəvi formata salınması daha təşkilatlanmış və daha savadlı kadrların yetişməsi ilə din siyasətinin daha sağlam təməllər üzərində həyata keçirilməsi istiqamətində mühüm addımdır. Bu, eyni zamanda, bəzi dairələrinin dini dəyərlərdən radikal məqsədlərlə istifadə cəhdləri perspektivlərini heçə endirmiş olub”.
Milli kimliyinə hörmətlə yanaşan sağlam cəmiyyət
Millət vəkillərinin fikirlərinə dəstək olaraq sonda onu da vurğulayaq ki, Azərbaycanda dünyəvi və demokratik dəyərlərə sadiq, milli kimliyinə hörmətlə yanaşan sağlam cəmiyyət və gənclik var. Ölkəmizdə aparılan dövlət siyasətinin, o cümlədən milli-mənəvi dəyərlərin qorunması, dini məsələlərin tənzimlənməsi istiqamətində atılan addımların əsas qayəsini məhz Vətənin bütövlüyü, Azərbaycanın tərəqqisi, vətəndaşların sülh və əmin-amanlıq şəraitində yaşamasının təmin olunması təşkil edir.
Könül AYPARA
Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Vicdan azadlığı və media” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.