\
6 Noyabr 2024 - Çərşənbə

Heydər Əliyev ideyaları - Yeni Azərbaycanın dövlətçilik irsi

Heydər Əliyev ideyaları - Yeni Azərbaycanın dövlətçilik irsi
25149baxış

XX əsrdə türk dünyasının iki böyük lideri öz xalqını və ölkəsini məhv olma təhlükəsindən, zamanın ağır sınaqlarından xilas edib. Həmin tarixi şəxsiyyətlərdən birincisi Mustafa Kamal Atatürkdür. O, zəifləmiş, parçalanmış, istilalara məruz qalmış, hər bir tərəfi odlara qərq olmuş Osmanlı İmperiyasının külündən Türkiyə Cümhuriyyətini qurdu. 1923-cü ildə yoxdan bir bayraq var edən Atatürk müasir Türkiyənin banisi və ilk prezidenti kimi daim hörmətlə anılır, onun xalqı və dövləti qarşısında xidmətləri nəsildən-nəsilə ötürülür.

 

 
Milli qürur və iftixar mənbəyimiz
 
Digər tarixi şəxsiyyət, görkəmli siyasətçi ümummilli lider Heydər Əliyevdir. O da yenicə müstəqillik əldə etmiş Azərbaycanı vətəndaş müharibəsindən, dövlətçiliyin və müstəqilliyin itirilməsi, dünya erməniliyinin məkrli planı ilə tarixi səhnədən silinmək təhlükəsindən xilas edib. Xalqın təkidli tələbi ilə onun 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı xalqımızı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarıb. Məhz ulu öndər ardıcıl mübarizə apararaq ölkəmizi müstəqilliyə qovuşdurub, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə qüdrətli şəxsiyyətin zəkasının işığında qədəm qoyub. Bu gün fəxrlə deyə bilərik ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ümummilli lider Heydər Əliyevin həyat amalının təntənəsidir. Təsadüfi deyil ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoyan, azərbaycanlı olması ilə ömür boyu fəxr edən, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.
 
 
Uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi
 
Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvü, akademik Əhliman Əmiraslanov bildirib ki, Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünyamiqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu var. Akademikin fikrincə, ulu öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi, realist insan olaraq hadisələrə praqmatik yanaşıb, tarixi şəraitdən düzgün baş çıxarıb, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edib: “Heydər Əliyev beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq edib. Ulu öndər Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqinin əldə olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxıb. Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifi də ümummilli lider Heydər Əliyevdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurədir”.
 
 
Müstəqil dövlətçilik, azərbaycançılıq məfkurəsi
 
Akademik qeyd edib ki, milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilib: “İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, milli həmrəylik və xalqın bütövlüyünü təmin edən ideologiyanın yaradılması, habelə bir çox digər təşəbbüslər dövlətçilik ənənələrin inkişafına xidmət edən ulu öndər Heydər Əliyevin bilavasitə xidmətidir. Vətən müharibəsində qazanılan tarixi Zəfər də məhz ümummilli lider Heydər Əliyevin siyasi irsinin bu gün yaşamasının və Prezident İlham Əliyevin bu irsi qətiyyətlə davam etdirməsinin, ulu öndərin qoyduğu siyasi xəttə vətəndaş inamının məntiqi nəticəsidir. Çünki bu ideologiyanın təməlində milli-mənəvi dəyərlərimiz, müstəqil dövlətçilik, azərbaycançılıq məfkurəsi dayanır”.
 
 
Zəfərə aparan yolun təməli
 
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov hesab edir ki, xilaskarlıq missiyasını yerinə yetirən ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkədə sabitlik, vətəndaş həmrəyliyi bərpa olunub. Millət vəkilinin sözlərinə görə, məhz ümummilli lider Heydər Əliyev Qarabağ müharibəsində atəşkəsə nail olub, düşmən təcavüzü dayandırılıb, ordu quruculuğuna böyük diqqət yetirilib: “Ulu öndər Azərbaycana rəhbərliyi dövründə kifayət qədər qısa bir zamanda Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real silahlı qüvvələri formalaşdıra bilib. Vətən müharibəsində bizi Zəfərə aparan yolun başlanğıcında məhz Heydər Əliyevin uzaqgörən ordu quruculuğu siyasəti dayanıb. 1993-cü ildə Heydər Əliyev qarşıya qoyduğu vəzifələri bəyan edərkən demişdi ki, Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməli və demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Sözü ilə əməli bir olan ulu öndər rəhbərliyinin ilk illərindən ölkədə siyasi-hüquqi islahatlara start verib. Ölkədə demokratik idarəetmə sistemi formalaşdırılıb, ilk parlament seçkiləri keçirilib, müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul olunub. Ölkəmizdə milli, demokratik dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi, sözün əsl mənasında, çoxpartiyalı siyasi sistemin formalaşması da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”.
 
 
Sözün əsl mənasında demokratik-hüquqi dövlət
 
Komitə sədri söyləyib ki, ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin, siyasi-iqtisadi tərəqqinin təməlinin qoyulması, siyasi şüurun, siyasi dialoqun inkişafı, demokratik ənənələrin formalaşması, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması, Konstitusiyanın 58-ci maddəsində birləşmək hüququnun, o cümlədən hər kəsin siyasi partiya yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnun təsbit edilməsi Azərbaycanda siyasi partiyaların yaranmasına və çoxpartiyalı siyasi sistemin möhkəmlənməsinə təkan verib: “Mətbuatda senzuranın aradan qaldırılması, məhkəmə islahatlarının keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının yaradılması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi elan edilməsi, qanunun aliliyi prinsipinin real təmin olunması, hüquq mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, mütəşəkkil cinayətkarlığa, korrupsiya və rüşvətxorluğa, terrorizmə qarşı mübarizədə dövlətin imkanlarının səfərbər olunması, qadın hüquqlarının qorunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində iştirakının artırılması və yüzlərlə bu qəbildən olan siyasi-hüquqi islahatlar nəticəsində Azərbaycan sözün əsl mənasında demokratik-hüquqi dövlətə çevrilib”.
 
 
Azərbaycanı qüdrətləndirən beynəlxalq iqtisadi təşəbbüslər
 
YAP İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov da bildirib ki, müasir Azərbaycan dövlətinin adı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Deputatın qənaətincə, elə bir sahə yoxdur ki, o sahədə dahi şəxsiyyətin xidmətləri olmasın: “Ulu öndər Heydər Əliyev uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, hərtərəfli inkişafına nail olub, müstəqilliyini əbədi və dönməz edib. O, Azərbaycanın qüdrətini artıran beynəlxalq iqtisadi təşəbbüsləri ilə milli dövlətçilik və xalqımızın milli mənafeyini təmin etmək istiqamətində yorulmadan çalışıb. “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin tikintisi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrilib. “Əsrin müqaviləsi” Heydər Əliyevin neft strategiyasının təcəssümü olaraq Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirib. Ulu öndər hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlayıb və bu istiqamətdə mühüm islahatların reallaşdırılmasını təmin edib. Məhz onun gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilib. Bütün hüquq-mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiya və rüşvətxorluğa, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər olunub və “qanunun aliliyi” prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görülüb”.
 
 
Ömrünü xalqına həsr edən lider
 
YAP funksioneri qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. C.Osmanovun sözlərinə görə, ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlib: “Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib. Ulu öndər əməli fəaliyyəti, misilsiz xidmətləri ilə ömrünü xalqına, müstəqil Azərbaycana həsr etdiyini sübuta yetirib. Memarı və xilaskarı olduğu müstəqil Azərbaycan artıq öz ərazi bütövlüyünü təmin etmiş güclü dövlətdir. Bu gün Ulu öndərin ruhu şaddır. Çünki dahi şəxsiyyətin əsas amalı işğalda olan torpaqlarımızın azad edilməsi idi. Xalqımız və dövlətçiliyimiz naminə misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyev millətin məhəbbətini qazanaraq Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır”.
 
 
Hər bir azərbaycanlının şərəfli vəzifəsi
 
Ekspertlərin sadaladığı faktlardan da aydın olduğu kimi, geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş, cəsarətli qərarları ilə təkcə müstəqillik illərində deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib. 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması barədə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin imzaladığı sərəncamda vurğulandığı kimi, müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
 
Könül AYPARA
 
Mediapress.az saytının redaktoru