\
22 Noyabr 2024 - Cümə

“Azərbaycanda xəbər saytları 1 gündə bağlana bilər” - Aktual mövzu

“Azərbaycanda xəbər saytları 1 gündə bağlana bilər” - Aktual mövzu
1619baxış

Ölkəmizdə olan xəbər (informasiya) saytlarının böyük əksəriyyətinin hostinqi xarici ölkələrdə olan serverlərdə yerləşir. Həmin serverlər əsasən Almaniya və ABŞ-da qərarlaşıb. Bu informasiya təhlükəsizliyi baxımından düzgün deyil. Bir gün saytlarımızı xarici serverlərdən məqsədli şəkildə ayırsalar Azərbaycan ciddi informasiya blokadası ilə üzləşə bilər. Bir anlıq təsəvvür edin. Ölkədə olan yüzlərlə informasiya saytı açılmır. Böhran vəziyyətində vətəndaşlar informasiyasız qalır. Fəsadları izah etməyə ehtiyac yoxdur. 

Dövlət hökumət qurumları, vacib dövlət obyektləri, strateji müəssisələrimizin data məlumatlarının qorunması istiqamətində Azintelekom şirkətinin balansında regionda analoqu olmayan Data Mərkəzi yaradıb. Orada müasir infrastruktur və ideal şərait var. Dövlətimizi strateji əhəmiyyətli məlumatların qorunmasını təşkil edib. 

Fikrimcə belə bir mərkəz informasiya təhlükəsizliyinin təmin olunması üçün də yaradılmalıdır. Milli xəbər resursları xarici serverlərdən asılı olmalı deyil. Elə həmin Data Mərkəzində yerli informasiya resurslarına xüsusi şərtlərlə yer təşkil etmək olar. Əlbəttə ki, pullu xidmət, ancaq xarici serverlərin qiymətləri ilə rəqabətli qiymət. 

Belə olarsa biz daha təhlükəsiz şəraitdə çalışa bilərik. Bu gün informasiya ən vacib silahdır. İnformasiya saytlarında olan toplam big data xarici şirkətlərin əlindədir. Onlar bu informasiyadan necə və nə məqsədlə istifadə edir bir Allah bilir. Bütün datamızı vermişik xarici dövlətlərə. Bu haqda fikirləşmək lazımdır. Əgər jurnalist dostlarımız bu fikirlə həmrəydirlərsə, toplaşaq NRİTN-nə müraciət edək. Əminəm ki, bu məsələ öz müsbət həllini tapa bilər.

Seymur Teymurov

Mediapress.az