\
12 Dekabr 2024 - Cümə axşamı

Qarabağ probleminin həlli Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti idi

Qarabağ probleminin həlli Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti idi
26705baxış
 Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubleyi xalqımızın tarixində çox əlamətdar bir dövrə təsadüf edir. Son iki ildə Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş hadisələr yaşanmışdır. YAP Sədri, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun zəfərləri, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizə qızıl hərflərlə daxil olmuşdur. Azərbaycan xalqı 30 illik işğala qəhrəmanlıqla son qoyaraq qələbə çaldı. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünü bərpa etdi və 08 noyabr tarixi Azərbaycan xalqının yaddaşına qələbə günü kimi yazıldı. YAP-ın 30 illik yubleyi torpaqlarımızın işğaldan azad olunduğu, ərazi bütövlüyünün bərpa edildiyi bir dövrdə qeyd edirik. Ona görə də, qalib ölkənin vətəndaşları olan bütün Azərbaycan xalqı və hər birimiz çox xoşbəxtik ki, bu fərəhli anları yaşayırıq. Bu tarixi qələbənin qazanılmasında 800 min fəalı öz sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının müstəsna xidmətləri vardır. Bu şanlı tarixi yaratdığına görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, partiyamızın Sədri İlham Əliyev cənablarına borcluyuq.
Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması və təşəkkül tapması milli tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. 
Ulu ÖndərHeydər Əliyev YAP-ın yarandığı dövrü belə xarakterizə edirdi: “Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır”.
Bu gün Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsini yaşayır.
Ötən illər ərzində partiyanın keçdiyi şərəfli yol, bu gün sağlam qüvvələrin partiyaya axını belə deməyə əsas verir ki, Heydər Əliyev ideyalarından güc alan Yeni Azərbaycan Partiyası ölkə qarşısında duran problemləri həll etməyə, xalqımızı xoşbəxt gələcəyə aparmağa qadir. Partiyanın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin təbirincə desək: “Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyasıdır”.
Bir sözlə, noyabrın 21-də 30-cu ildönümü qeyd edilən YAP yarandığı gündən dövlətə və xalqa xidmət nümunəsi sərgiləyib.
Prezident İlham Əliyevin noyabrın 21-də YAP-ın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə qeyd etdiyi kimi “ Bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz, şübhəsiz, hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə həmişə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz çox böyük fəlakətlə, daha böyük fəlakətlə üzləşə bilərdi. 
Daha sonra Ölkə Başçısı öz nitqində bildirdi ki, Heydər Əliyev öz siyasi vəsiyyətində bir şey də demişdir. Artıq bunu dəfələrlə demişəm, Azərbaycan xalqı da bilir ki, başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Onların arasında yəqin ki, mən belə hesab edirəm, ilk növbədə, Qarabağ probleminin həllini nəzərdə tuturdu. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Yəni, hər bir addım, hər bir təşəbbüs, hər bir sərmayə, hər bir beynəlxalq təmas bu məqsədi güdürdü ki, bu, bizi müqəddəs hədəfimizə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?! Ona görə bütün işlərimizin mahiyyəti məhz bu idi - Qarabağı azad etmək, tarixi ədaləti bərpa etmək. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. 
Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.