Mənim sevinc payım - Afelyanın poetik duyğuları - FOTOLAR
Gülə layiq olan insan qızılgüldə tikanlar axtarmaz, tikanlar arasında qızılgülü görər
(Natiq Qocaman)
Bir yazımda da gülə olan sevgimdən danışmışdım. Gülbəşəkər mənə uşaqlıqdan sevgi gətirən olub, o zamanlar heç “Çalıquşu” əsərini oxumamışdım. Amma sevirdim gül mürəbbəsini, gül lokumunu. Heç vaxt unutmaram, Tovuzda Əhməd babamın məhəlləsində də Qızıl güllər olardı, ətirli, Gülbəşəkər ətirli. İcazə verməzdilər bizə onu dərməyə, amma mən qaçıb hey onların yanında dururdum. İyləyirdim, bəzən heç kəs görmədən dərirdim...
Sonra kitabı oxudum, aşiq oldum kitaba, mən özümü Gülbəşəkər hiss etdim... Hər kitabımın içində bir qızılgül qurutdum. Deyirlər, gül nədir, xoşbəxtmi edir insanı? O quruyub gedir axı! Məncə, elə deyil, gül məsumiyyətdir. Hər gülü qurudub saxlamaq, onun əziz xatirəsini qorumaq, yaşatmaq deməkdir. Hər kitabdan bir Gülbəşəkər qoxusunu duymaq... Sizcə də gözəl deyil? Gülə aid olan hər şeyi sevmək gül ətirli saf duyğulardan irəli gəlmirmi?..
Hər dəfə rayonda gül mürəbbəsi hazırlananda qadınların əllərinə baxardım. Elə maraqlı gəlirdi ki mənə. Bir dəfə necəsə ana nənəmin yanında, “nənə, mən gül mürəbbəsini çox sevirəm” dedim. Bilirsinizmi, hələ də rayona gedəndə o məni Gülbəşəkərlə qarşılayır. “Nənən qurban, gəl, gül mürəbbəsi açmışam, çay içək” deyir. Sizcə, gül təsadüfənmi sevgi rəmzi seçilib? Məncə, yox. Güldə olan xoş ətirlərin qamması insanın ən incə, ən məsum duyğularına xitab edir.
Heç yadımdan çıxmaz, bir dəfə Qabil babam bizimlə Şəkiyə getmişdi. “Maralım, bunun tamına bax” dedi (babam mənə həmişə Maral deyərdi). Gül suyu tökdü çayıma Gülbəşəkər ətirli... Bəlkə də Çalıquşu əsərini oxuyanda mənə doğmalıq hissi yaşadan məhz həmin səmimi, kövrək xatirələr idi. Nənəmin hər dəfə mürəbbə açması, Əhməd babamın qapısında yetişən güllər, Qabil babamın çayıma gül suyu əlavə etməsi... Yeri gəlmişkən, babalarım üçün çox darıxmışam. Sizi geri gətirə bilməsəm də, Çalıquşu kimi hər ikinizi ulduzlarda yaşadıram, onlara baxıb sevirəm.
Bir də gül lokumu var... Hər dəfə atamın mənə aldığı gül lokumu... Onu ata məhəbbətini simvolizə edən gül buketi kimi qəbul edirəm. “Bacı, gör nə dadlıdır” deməsi, məgər, gül sevgisi deyilmi, gülbəşəkər sevgisi demək deyilmi? Mən Gülbəşəkərin əslinə sahibəm, bunun üçün şanslıyam. Güllər tək gözəl anam var... Gülbəşəkəri mən anamdan sevdim, onun gül üzü, gül ətri sevdirdi mənə Gülbəşəkəri... Onun qucağında gülüstanda hiss etdim özümü, addım atdıqda isə ilk qaçdığım yer oldu gül bağçası.
İndiki kimi yadımdadır, hər dəfə rayona gedəndə qaçıb Qızıl gülləri iyləyərdim və hər dəfə də əl-ayağıma tikan batardı. Axşam tikanlarım çıxsa belə, yenidən qaçardım gülləri qoxlamağa, Gülbəşəkər olmağa... Gülbəşəkəri çox, lap çox sevirəm...
Şəkildəki gülləri rayondan nənəm göndərib, Gül suyunu qrup yoldaşım Günay Şəkidən mənim üçün gətirib...Gül lokumunu atam, gül mürəbbəsini anam alıb mənim üçün... Hamısının gözlərindən anladım mən Gülbəşəkəri çox sevdiklərini... Gülbəşəkər də sizi çox sevir, hər kəsi çox sevir... Həyatımda olduğunuz üçün çox sağ olun...
Afelya Qocayeva