Təhsil, müəllim və sevgi dərsi ... - Şəhla Aslan yazır...
Sevgi - yaxında və ya uzaqda olmasından asılı olmayaraq, xüsusilə ehtiyac duyduqlarında, qayğıkeşlik, həssaslıq, dəstək olmaq, kömək etmək, anlamaq kimi duyğuları, davranışları ehtiva edən bir münasibətdir.
Sevgi! Bu, insanın sevdiyi şeylərin yaşaması və inkişafına olan fəal marağıdır. Fəal maraq olmayan yerdə sevgi də yoxdur!..
Sevgi eqoist olmamaq, hər bir varlığın bir-biri ilə əlaqəsini təyin etmək, bu əlaqələri ardıcıllığa doğru inkişaf etdirmək və problemlərin həllində birgə çalışmaqdır.
Sevgi sual vermir. Onun təbii halı ölçü və müqayisə deyil, böyümə və genişlənmədir. Sevgi qorxudan azaddır!..
Qərəzsiz və şərtsiz sevgi! Bu isə, insanın etdiyi hər şeyin sevgi və hörmətə layiq olduğunu qəbul edən bir anlayışın məhsuludur. Özündə təmənnasızlığı etiva edir. Belə sevgi qarşılıqlı reaksiyalara əsaslanmır; burada şəxsi mənfəət motivləri yoxdur, müzakirə olunmur. Təmənnasız sevgi hüdudsuzdur; həyatın əsas mənası, ləyaqətinin mənbəyi, insan mənliyinin əsası sayılır. Belə münasibətdə dinindən, dilindən, irqindən, cinsindən asılı olmayaraq hər kəs sevilir. Təmənnasız sevgi təkcə insanlar üçün deyil, heyvanlar, bitkilər, hətta cansız varlıqlara da duyulan bir hissdir...
Oshonun "Sevginin sücü” kitabında sevgiyə maraqlı bənzətmələr var: "Sevgi varlığın saf səadətindən doğan şeirdir. Sevgi mahnıdır, rəqsdir, şənlikdir; bəzən heç bir səbəb olmadan, bəzən bizi əhatə edən bu nəhəng hədiyyəyə, bütün kainata, yerdən ilahi gücə qədər hər şeyə görə minnətdarlıq nəğməsi, şükür rəqsidir."
Sevgi qəlbləri bir-birinə yaxınlaşdıraraq insanlar arasında harmoniya yaradırsa, nifrət disharmoniyaya, nifrət edilən obyektdən transfiziki və mütləq uzaqlaşmağa gətirib çıxarır. Bu gün insanların fərdi və ictimai həyatında qarşılaşdıqları problemlərin əsas elementi sevginin nifrətə “məğlub” olması reallığıdır. Sözsüz, sevgi olmayan yerdə kin, nifrət, düşmənçilik hökm sürür. Kin və nifrət bəsləyən bir çox amillər var; Lakin bunların ən əsası eqoizmdir. Tamah və paxıllıq kimi başqa duyğular da kin və nifrəti alovlandırır...
Sevginin təhsildə xüsusi rolu var; Təhsilin səmərəliliyində və uğur olmasında mühüm amildir, sevgi. Sevgisiz təhsil ağlasığmazdır. Mayası sevgi ilə yoğrulmuş təhsil eyni zamanda, sülh mənbəyidir. İçərisində sevgi olmayan təhsildə iğtişaşlara meylilik və düşmənçilik davranışları daha bariz görsənir.
İsveçrəli məşhur pedaqoq Pestallozzi deyir: “Sevgiyə əsaslanan hər hansı bir təhsil heç vaxt uğursuz olmaz”. Əlbəttə ki, uşağın inkişafında sevgiyə əsaslanan təhsil mühiti vacibdir. Sevgi hissi insanlarda anadangəlmədir və fərd yalnız sevdiyi şeylə maraqlanır. Təhsilin məqsədi insanlarda bu maraq və sevgi işığını yandırmaqdır. Bu hissi inkişaf etdirmək ancaq sevginin mövcud olduğu təhsil mühitində mümkün ola bilər. Sevgi ruhumuzun qidası və dərmanıdır. Yemək maddi varlığımız üçün vacib olduğu kimi sevgi də ruhumuz üçün eyni funksiyaya malikdir.
Sevgi faktoru öyrənməyi asanlaşdıran ən mühüm amildir; Uşaq inkişaf yaşında ailədə, məktəbdə kifayət qədər sevgi görməlidir. Sevgisizlik uşağı ailədən, məktəbdən uzaqlaşdırır. Onda pis vərdişlərə alışqanlıq yarada bilir. Bunun üçün evlər, məktəblər sevgi və şəfqət yuvası olmalıdır. Uşaqların uğurunda cəzalandırma deyil, sevgi və təqdir etmə daha təsirlidir. Sevginin olduğu yerdə sevinc, xoşbəxtlik, sülh, uğur və məhsuldarlıq var.
Sevgi pedaqoji prosesdə istifadə edilməli olan vacib bir cəhətdir. Pedaqoqlar təhsilalanları sevgi aləmində gəzərək tərbiyə etməyi bacarmalıdırlar.
Pestalozzi kimi sevginin təhsildə gücünə tam inanan Tolstoy “Sevgi insan həyatının daxili qanunudur və insanların təbii olaraq arzuladığı xoşbəxtliyə çatmaq üçün yeganə vasitədir” deyirdi. Bu inam naminə təhlükələrlə üz-üzə qalaraq kənd məktəbində işləyirdi. Tolstoy haqlı olaraq deyirdi ki, şagirdlərini ata və ya ana kimi sevən bir müəllim, bütün kitabları yaxşı bilən, lakin nə işini, nə də tələbələrini sevməyən müəllimdən yaxşıdır”.
Müəllimlik peşəsi insan yetişdirmək və ya insan qazanmaq peşəsidir. Hər bir müəllimdə sevgi, xüsusiylə də, insan sevgisi yüksək səviyyədə olmalıdır. Çünki insan qazanmaq ancaq qarşıdakının qəlbinə girə bilməklə, qəlbə girmək isə yalnız SEVGİ ilə ola bilər. Müəllim şagirdini (tələbəsini) sevgi ilə həvəsləndirə bilər. Eyni zamanda, müəllim şagirdini sevdiyini hərəkətləri ilə də göstərməlidir. Müəllim şagirdini sevdiyi kimi öyrənməyi də sevdirməlidir. Tədris prosesində yaradılan belə mühitində uğur təbii şəkildə baş verəcək. Müəllim sevgisi, öyrənən sevgisi və öyrənmə sevgisi uğurun dinamizmi olacaq.
Bütün bunları diqqətə alaraq, hesab edirəm ki, məktəbəqədər yaşdan başlayaraq şagirdlərdə düzgün sevgi anlayışını formalaşdırılmaq və özünə inamlı, dinamik, həssas, sağlam nəsillər yetişdirilmək naminə təhsil müəssisələrində “SEVGİ DƏRSİ” tədris olunmalıdır. Fənn bakalavr və magistr pillələrində seçmə dərs kimi tədrisə əlavə edilməlidir. Xüsusilə, müəllim hazırlığı proqramlarında ixtisas bilgisi və ümumi bilgilərlə yanaşı, "Sevgi dərsi”nə yer verilməlidir.
DAVAMI OLACAQ...
Şəhla Aslan,
Təhsil araşdırmaları üzrə doktorant