\
5 Oktyabr 2024 - Şənbə

Milli iqtisadiyyatımızı tərəqqi yoluna çıxaran LİDER - FOTOLAR

Milli iqtisadiyyatımızı tərəqqi yoluna çıxaran LİDER - FOTOLAR
18058baxış
Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, uzaqgörən daxili və xarici siyasəti yeni tariximizin müxtəlif dövrlərində xalqımızı böyük bəlalardan xilas edib. Müstəqilliyimizin ilk illərində ölkədəki ağır siyasi, iqtisadi, hərbi və mənəvi böhranı, silahlı vətəndaş qarşıdurmalarını məhz o, aradan qaldırıb.
 
Ümummilli lider Heydər Əliyevin sayəsində 1991-1995-ci illəri əhatə edən tənəzzül dövrü geridə qalıb, 1996-cı ildən etibarən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf start götürüb. 2003-cü ilə qədər ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunub. Bütün bunlar qeyd-şərtsiz Ulu Öndər Heydər Əliyev zəkasının, zəhmətinin bəhrəsidir. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə də saytımıza açıqlamasında deyib ki, müasir və müstəqil Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında Ümummilli Lider Heydər Əliyevin milli iqtisadi inkişaf strategiyası dayanır.
 
Millət vəkili vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın milli qurtuluşdan başlanan yolda əldə etdiyi uğurlar ölkəmizi həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevirib: “Dahi şəxsiyyət Heydər Əliyevin bizlərə miras qoyduğu məqsədyönlü siyasət sayəsində müstəqil Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edib, eyni zamanda Azərbaycan bu gün siyasi-iqtisadi cəhətdən regionda aparıcı güc kimi diqqət mərkəzindədir.
 
1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə Ümummilli Lider Heydər Əliyevin yüksək işgüzarlığı və idarəetmə bacarığı sayəsində respublikanın iqtisadiyyatı möhkəmlənərək, ittifaqda ön sıralarda yer alıb. Sonralar o illəri yada salan dahi şəxsiyyət belə deyirdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur”. Azərbaycana rəhbərliyinin birinci dövründə Ulu Öndərin gələcəyə hesablanmış müdrik siyasəti sayəsində milli iqtisadiyyatımız formalaşmağa, inkişaf etməyə başlayıb”.
 
Millət vəkili söyləyib ki, 1990-cı illərin əvvəllərində, Azərbaycan dövlətinin varlığı, xalqın gələcək müqəddəratı sual altında qaldığı çətin dövrdə dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıtması müstəqil dövlətimizin yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirib: “Daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyasını yerinə yetirərək ölkəmizin müstəqilliyini qorumaqla, bütün sahələrdə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırmaqla yanaşı, milli iqtisadiyyatımızı tənəzzüldən tərəqqi yoluna çıxarıb.
 
Ulu Öndər xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra müstəqil ölkəmizin yeni dövr üçün iqtisadi inkişaf prioritetləri müəyyənləşib. “Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinin yaxşılaşması üçün əsas şərtlərdən biri də, şübhəsiz ki, respublikanın iqtisadi potensialıdır. Bu gün biz böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi yaşaması üçün yaxşı, gərəkli və etibarlı iqtisadi potensialı var və onun əsasını sənaye təşkil edir. Ata-babalarımızdan, nəsillərdən-nəsillərə keçən, müasir dövrdə Azərbaycanın zəhmət adamlarının gücü ilə, əməyi ilə, ağlı ilə yaranan zavodlar, fabriklər, digər sənaye müəssisələri respublikanın iqtisadi potensialının əsasını təşkil edir və mən yaxşı bilirəm ki, bu, çox güclü potensialdır.
 
Əgər ondan səmərəli, tam gücü ilə istifadə edə bilsək, iqtisadiyyatımız çox sürətlə inkişaf edəcək və Azərbaycan vətəndaşlarının həyat tərzini yaxşılaşdırmaq üçün yaxşı şərait yaranacaqdır. Mən buna əminəm”. 1993-cü il 28 sentyabrda Ulu Öndər Heydər Əliyevin Bakı Kondisioner Zavodunda paytaxtın sənaye müəssisələrinin əmək kollektivlərinin nümayəndələri ilə görüşündə əminliklə səsləndirdiyi bu fikirlər müasir dövrümüzdə reallığa çevrilib”.
 
Deputat P.Kərimzadə dahi şəxsiyyətin “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir!” – fikrini xatırladaraq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan tez bir zamanda iqtisadi böhrandan xilas olmağı bacarıb: “İqtisadiyyatı inkişaf etdirməyə Azərbaycanın gücü olduğunu dönə-dönə vurğulayan Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə Azərbaycanın siyasi həyatı ilə yanaşı iqtisadi həyatında da taleyüklü dəyişikliklərin başlanğıcını qoyub. Ölkədə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü təsdiq edib.
 
Həqiqətən də məhz Ümummilli Liderimizin müəllifi olduğu milli iqtisadiyyat strategiyası Azərbaycanın nəticə etibarı ilə güclü iqtisadiyyata sahib olan bir dövlətə çevirib. Bu gün müasirləşən, demokratikləşən dövlətimizin qazandığı bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli iqtisadi inkişaf strategiyası dayanır. Ümummilli Lider Heydər Əliyevin xilas etdiyi, inkişaf yoluna çıxardığı Azərbaycan indi onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayır, eyni zamanda dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında addımlayır”. “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov da bildirib ki, müasir Azərbaycanın iqtisadi problemləri yalnız dahi dövlət rəhbəri, uzaqgörən siyasətçi Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra çözülməyə başlanıb.
 
Onun sözlərinə görə, ölkədə 1993-1994-cü illərdə bir-birinin ardınca baş verən dövlət çevrilişi cəhdlərinə, cəbhədəki gərginliklərə, bir sözlə ölkə həyatında yaranmış qeyri-stabil ictimai-siyasi duruma baxmayaraq, Ulu Öndər ölkə iqtisadiyyatının, onun maliyyə sisteminin problemlərinin həll edilməsi məqsədilə yüksək səviyyədə ardıcıl müzakirələr keçirib, iqtisadiyyatda sabitliyin əldə olunması, maliyyə sistemindəki özbaşınalıqların aradan qaldırılması üçün zəruri qərarlar qəbul edib: “Məhz görülən bu tədbirlərin nəticəsində 1994-cü ildə 1750-1800 faizə çatan illik hiperinflyasiya, 1995-ci ilin sonlarında tam ram edilərək, 8-10 faiz səviyyəsinə qədər endirilə bildi. İqtisadiyyatın hiperinflyasiya səviyyəsinin ram edilməsi və onun sonrakı inkişafını təmin edə biləcək qətiyyətli qərarların qəbulu Heydər Əliyev dühasının uğurları idi”. İqtisadçı ekspertin qənaətincə, “Əsrin müqaviləsi” ilə Ulu Öndər Heydər Əliyev Azərbaycanın yüz illik enerji strategiyasının təməlini qoyub: “Bu müqavilənin imzalandığı 1994-cü il Azərbaycan iqtisadiyyatının və onun maliyyə sisteminin yaşadığı ən kəşməkəşli bir dönəm idi. Belə bir dönəmdə, xüsusilə də ölkədə ictimai-siyasi sabitliyin yetərincə gərgin olduğu bir vaxtda, öz müstəqilliyinin ilk - kövrək illərini yaşayan Azərbaycana iri həcmdə xarici investisiyaların gətirilməsi mümkünsüz bir iş idi.
 
Lakin Heydər Əliyev bunu etdi. Xarici investorlar Azərbaycanın neft sənayesinə milyardlarla dollar yatırımlar etmək qərarı verdilər. Dünya təcrübəsində bəlkə də belə bir vəziyyətdə olan heç bir ölkəyə investorlar kapital yatırtmamışdı. Bu, Heydər Əliyev siyasi kursunun təntənəsi idi. Azərbaycan neft sənayesinə dünyaca məhşur olan neft şirkətlərinin bu yatırımları məhz Heydər Əliyev kimi nəhəng bir siyasətçiyə olan güvənin təzahürü idi. Bu müqavilə həm iqtisadi, həm də siyasi baxımdan gənc Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun yüksəlişi üçün ciddi bir dönüş nöqtəsi idi. Heydər Əliyev bu müqavilə ilə Azərbaycan iqtisadiyyatının gələcək yüksəlişinin və inkişaf strategiyasının bünövrəsini qoyub”.
 
Könül AYPARA
 
Yazı İqtisadiyyat Nazirliyi tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar olaraq media nümayəndələri arasında "İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi" mövzusunda elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir