Köhnə kinolardakı mənfi obrazlar müsbət qəhrəmana çevriliblər - Araşdırma - FOTOLAR
Ön söz: Bir vaxtlar Sosializm dövründə yaşayırdıq. İşıqlı Kommunizmi qurmaq ümidi ilə cəmiyyətdə geniş təbliğat-təşviqat işləri aparılırdı. Bu yolda kinonun da müstəsna xidmətləri var idi. Belə ki, bədii filmlərdə sosializm realizmi geninə-boluna təbliğ olunmaqla kapitalizm romantizmi pislənirdi. Dövran dəyişdi. Təbii ki, hadisələrə baxış da dəyişdi. Məhz bu fəsadları nəzərə alaraq sizə köhnə kinolar, daha doğrusu, həmin kinolarda vəsf olunan obrazlar barədə məqalə yazmaq qərarına gəldim. Doğrusu, əvvəllər mən də ideoloji təbliğatı olduğu kimi qəbul edirdim. Lakin indiki dövrdə köhnə bədii filmləri yenidən izlədikdən sonra hiss etdim ki, mən artıq fərqli düşünməyə başlamışam. Başqa sözlə desək, bir zamanlar mənfi obrazlar kimi təqdim olunanlar barədə fikrim tamamilə və ya qismən dəyişib. Eyni sözləri müsbət obrazlar barədə də işlədə bilərəm. Mövzuya keçməzdən əvvəl bir məsələni qeyd edim ki, məqsədim köhnə kinoları tənqid etmək deyil. Əksinə, o dövrdə böyüyüb boya-başa çatmış bir insan kimi mən də həmin filmlərin təsiri altında şəxsiyyət tək formalaşdığımı qürurla qeyd edə bilərəm. Onlar yaddaşlarımızda əbədiyyən həkk olunmuş nadir sənət inciləridir. Yeganə məqsədim kinolara müasir düşüncə tərzi ilə yanaşmaq və subyektiv fikirlərimi sizlərlə bölüşməkdir.
Eyniniz açılsın deyə, araşdırmalara komediya filmlərindən başlayacağam. Yəqin ki, 1964-cü ildə lentə alınmış «Ulduz» filmini hamınız seyr etmisiniz. Kinoda Gülümsərov kimi təqdim edilmiş obraz savadsız alim qismində qabardılıb. Onun yeni ideyaları əvvəldən-axıra qədər tənqid olunub. Halbuki müasir dövrdə limonla-naringinin, portağalın və ya çayın kökündən calaq edilməsi geniş surətdə tətbiq edilir. Bazarda bu cür sitrus meyvələrini hər addımbaşı görmək olur. Kinoda limandra, limçay adları ilə məsxərəyə qoyulan elmi yeniliklər bir neçə ildir ki, həyata keçirilməkdədir. Doğrusu, limonla çayın calağı geniş tətbiq olunmur. Belə ki, çayı limonla yalnız Azərbaycanda və İranda içirlər. Bununla belə, portağalın və ya naringinin qarışığına rast gəlmək olur. Deməli, zamanını ən azı 40 il qabaqlaya bilmiş Gülümsərov, həqiqətən də, novator alim imiş.
1975-ci ildə çəkilmiş «Alma almaya bənzər» kinosundakı tüfeyli Məmmədəli obrazı haqda da bu gün xoş sözlər söyləmək olar. Ən azı ona görə ki, atası Nadirin araya-ərsəyə gətirdiyi çəyirdəksiz almaları heç bir elmi instansiyada qəbul etməmişdilər. O isə bazara çıxarmaqla meyvəyə geniş alıcı kütləsi toplaya və cəmiyyətdə maraq oyada bilərdi. Müasir dövr də bunu tələb edir. İqtisadiyyatı bilənlər mənimlə razılaşarlar ki, istehsalın əsas hədəfi bazardır. Əgər satış təşkil olunmasa, malı istehsal etməyə ehtiyac qalmaz. Digər tərəfdən, hər bir elmi yenilik ilk növbədə satış yarmarkaları vasitəsilə reklam olunur.
Götürək, 1978-ci ildə lentə alınmış «Qayınana» filmindəki epizodik Əli obrazını. Xatırlayırsınızsa, o, bibisindən aldığı 50 manatı dövriyyəyə buraxmaqla özünə bahalı «Jiquli» maşını almış və borcundan qat-qat artıq qiymətə olan çex xrustalını Cənnət xalaya bağışlaya bilmişdi. Halbuki Əli kinoda avara və səfeh kimi təqdim edilirdi. Şəxsən mənim fikrimcə, avara adam sosializm dövründə qısa müddət ərzində nə maşın ala bilərdi, nə də tapılmayan çex xrustalını. Müasir dövrdə də bu qədər kiçik sərmayə ilə biznesdə uğur qazanmaq hər adamın işi deyil.
Söhbət biznesdən düşmüşkən, 1977-ci ildə çəkilmiş «Qərib cinlər diyarında» kinosunun baş qəhrəmanı olan Qəribin xoş güzəran arzusunda cinlər ölkəsinə səfərindən bəhs edir. Bildiyimiz kimi, o, həmin ölkəyə cinlərin şahı Akşadın şəxsi dəvəti ilə yollanır. Orada hər bir arzusuna nail olur, hətta baş vəzir vəzifəsinədək yüksəlir, ancaq nədənsə ailəsi və gecə-gündüz fəhlə kimi çalışdığı tarlası üçün darıxıb geri qayıdır. Məsələyə müasir dövrün prizmasından yanaşsaq, cinlər ölkəsinin Avropa ölkələrinin biri olduğunu anlaya bilərik. Bir anlıq düşünün ki, sizi bu ölkələrin birinin rəhbəri şəxsən dəvət edir və sizin üçün orada hər cür şərait yaradır. Bu halda bütün ailəni, hətta bütöv kəndin əhalisini də oraya köçürmək daha məqsədəuyğun olardı, nəinki kasıb həyata qayıtmaq. Mənimlə razılaşmayanlar xaricə xoş güzəran arzusu ilə emiqrasiya edən minlərlə insanı yada salsınlar. Digər tərəfdən, öz ölkəsində acından ölməkdənsə xaricdə nüfuz sahibi olmaq, vətəninə kömək etmək daha yaxşı olmazdımı?
Bu yerdə 1967-ci ilin məhsulu olan «Dağlarda döyüş» filmini yada salmaya bilmərəm. Yadınızdadırsa, sərhədçi Fərrux dağda qaçaq adamı izləyərkən təsadüfən atası ilə qarşılaşır. Bu görüşə sevinmək əvəzinə atasını silah gücünə dövlətə təhvil verir. Məlum məsələdir ki, o dövrdə müharibə əsirlərini qeyd-şərtsiz vətən xaini adı ilə güllələyirdilər. Deməli, Fərrux ona həyat vermiş bir atanı öz əlləri ilə ölümə göndərir. İnanın ki, onun özünü də xalq düşməninin oğlu kimi ən azı işdən qovulma və karyerasının sonu gözləyəcəkdi. Halbuki atası həyatını risk altında qoyaraq Almaniyadan yalnız oğlunu görməyə gəlmişdi. O, son görüşdə Fərruxa zəngin olduğunu da söyləmişdi. Bundan başqa, SSRİ-nin antidemokratik bir ölkə olduğunu bildirərək oğlunu öz yanında yaşamağa dəvət etmişdi. Bir anlıq təsəvvür edin ki, Fərrux atası ilə razılaşaraq Almaniyaya köçür. İnanın ki, onda həm onun həyat yolu yaxşılığa doğru dəyişərdi, həm də atası oğluna qovuşardı. Zaman keçdi, zor gücü ilə yaranmış SSRİ imperiyası dağıldı, sərhədlər açıldı, əsarətdə olan Azərbaycan azadlığa qovuşdu. Fərrux kimilər onu görmədilər, görə də bilməzdilər. Analoji vəziyyətlərdə düzgün addım atanlar isə bu gün sayılıb-seçilən diaspora üzvlərimizdir və müstəqil vətənlərinin çiçəklənməsində birbaşa iştirak edə bilirlər.
Bu gün SSRİ-nin qaniçən, işğalçı və riyakar bir imperiya olduğu hər kəsə məlumdur. Heç təsadüfi deyil ki, həmin ölkə qurulan ərəfədə «torpaq kəndlilərə» şüarı altında kəndliləri aldatmışdı. Bu yolla böyük kütlələri öz tərəfinə çəkə bilmişdi. Doğrudur, inqilabın ilk illərində torpaq öz sahiblərinə verildi. Lakin cəmi bir neçə ildən sonra «kolxoz quruculuğu» adı altında hamının torpağı və varidatı əlindən alındı. Hələ üstəlik ortabab kəndlilər sürgün də edildi. Belə bir şəraitdə dövlətə necə inanmaq olardı? Axı heç kəs sabahkı gün onu gözləyəcək sürprizdən xəbərdar olmur? 1971-ci ildə lentə alınmış «Axırıncı aşırım» kinosu da məhz bu mövzudan bəhs edir. Var-yoxu talan edilmiş kəndlilər Kərbəlayının ətrafında birləşərək dağlara çəkilirlər. Torpaqlarını və illərdən bəri qurduqları şəxsi təsərrüfatlarını dövlətə verməkdən boyun qaçıraraq fırıldaqçı dövlətə silahlı müqavimət göstərirlər. Zaman sübut etdi ki, onlar seçimlərində haqlı imişlər. Ən azı ona görə ki, 1937-ci ildə repressiya dalğasının qurbanı olacaqdılar. İnanın ki, Abbasqulu bəy də sağ qalsaydı, bəy nəslindən olduğuna görə sürgünə göndəriləcəkdi. Halbuki o, dövlətin nümayəndəsi qismində Kərbəlayını ziyarətə gəlmişdi və üsyançıları təslim olmağa dəvət etmişdi. Yaşlı nəslin nümayəndələri mənimlə razılaşarlar ki, repressiya illərində qurban gedənlər arasında SSRİ-yə canla-başla xidmət etmiş insanlar da az olmayıb. Göründüyü kimi, 70 il bizi əsarətdə saxlamış bir imperiya haqda xoş sözlər söyləmək qəbahətdir. Deməli, bu imperiyanı qurmaq yolunda atılmış addımlar da yanlış olub.
1970-ci ildə ekranlaşdırılmış «Yeddi oğul istərəm» əsəri bədii və texniki cəhətdən mükəmməl olsa da, mənfi obraz kimi təqdim edilmiş Gəray bəyin mərdliyinə valeh olmaya bilmirəm. O, sonadək düşmənləri ilə kişi kimi üzbəüz vuruşub. Eyni zamanda gözünün ağı-qarası olan bircə qızı Humayı Komsomolla evləndirməyə razılıq verib. Bu zaman Komsomolun qarşısına şərt qoyub ki, gələcək kürəkəni onun qatı düşmənini qətlə yetirsin. Sizcə, bundan başqa o, nə etməli idi? Komsomolu alqışlayası deyildi ki, ona qarşı vuruşan silahlı dəstədə fəaliyyətini davam etdirsin. Digər tərəfdən, komsomol bəy nəslindən idi və onun atası Gəray bəylə yaxın dost olmuşdu. Deməli, həmin gəncin düşmənlərə qoşulması Gəray bəy tərəfindən təbii olaraq səhv addım kimi qiymətləndirilməli idi. Odur ki, bəy komsomola son dəfə imkan yaratdı. O isə razılaşmayaraq gələcək qayınatasının üzünə tüpürdü. Bəy rəsmən təhqir edildi. Qızını istəməyə getdiyiniz kişinin üzünə tüpürməyin nə ilə nəticələnə biləcəyini təxmin etmək elə də çətin deyil. Lakin bəy öz tituluna uyğun olaraq səviyyəsini aşağı salmadı. Əksinə, qarşısındakı düşməninin bəy oğlu olduğunu nəzərə alıb onu ağa-bəy havası altında güllələdi. Müqayisə üçün bildirim ki, Komsomolun aid olduğu dəstənin üzvləri düşmənlərini sorğu-sualsız terror yolu ilə aradan götürürdülər. Mən heç də Gəray bəyin gənc bir oğlanı öldürməsinə bəraət qazandırmaq fikrində deyiləm. Sadəcə, onu nəzərinizə çatdırmaq istəyirəm ki, o və onun kimi bəylər torpaqlarını işğalçılardan azad etmək üçün vuruşurdular. Uzun illər sonra müstəqillik qazanmış dövlətin vətəndaşı kimi onun mübarizəsinə inamla haqq qazandırıram.
Yeri gəlmişkən: Azərbaycan kinosu olduqca zəncin və çoxşaxəlidir. Hər birimizin tərbiyəsində bu ekran əsərlərinin müstəsna rolu olmuşdur. Məhz buna görədir ki, günümüzdə də köhnə filmlər sevilə-sevilə izlənilir. Lakin nədənsə zaman dəyişdikcə kinolardakı obrazlar da gözümüzün önündə dəyişməyə başlamışdır. Heç kimə sirr deyil ki, dünya qloballaşır və cəmiyyətlər ortaq mənəvi dəyərlərə doğru irəliləyir. Bu yolda istər-istəməz məsələlərə yanaşma tərzi də dəyişir.
Məsələn, götürək 1958-ci ildə lentə alınmış «Uzaq sahillərdə» filmini. Orada İtaliya və Yuqoslaviya partizanlarının keçdiyi qəhrəmanlıq yolundan bəhs olunur. Daha doğrusu, həmyerlimiz Mehdi Hüseynzadənin partizan dəstəsindəki fəaliyyəti önə çəkilir. Bəli, Mixaylo bizim fəxrimizdir və biz onu inkar etmək fikrində deyilik. Lakin nə qədər qəribə səslənsə də, onun apardığı mübarizə yolu indiki dövrdə, yumşaq desək, pislənilir. Başqa sözlə, partizanlıq hərəkatı artıq terrorizm adlanır və dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə qınanır. Maraqlıdır ki, artıq dünya lüğətlərindən partizan sözü də yığışdırılıb və ya terrorçu kəlməsi ilə əvəzlənib. Şəxsən mən bu fikirlə razılaşmasam da, reallıq dəyişməz olaraq qalır. Müasir dünya partizanlıq hərəkatını qəhrəmanlıq kimi qəbul etmək istəmir. Əksinə, terrorizm adı ilə lənətləyir.
Söhbət müharibə mövzusundan açılmışkən 1969-cu ildə çəkilmiş «Bizim Cəbiş müəllim» kinosunu xatırlamamaq olmur. Bildiyiniz kimi, əsərdə əsasən müharibə dövrünün iqtisadi sıxıntılarından bəhs olunur. Daha dəqiq desək, qonşu Əbülfəzin və Suqra xalanın təklifi ilə Cəbiş müəllimin arvadı onu sabun bişirməyə razı salmağa çalışır. Yadınızdadırsa, Cəbiş müəllim israrla sabun bişirməkdən imtina edir. Buna görə də arvadı məcburiyyət qarşısında qalıb evdəki əşyaları bir-bir satışa çıxarmalı olur. Halbuki Cəbiş müəllim əvvəlcədən sabun bişirməyə razılıq versəydi, ilk növbədə onun ailəsi, başsız qalmış Nəcəfovlar, Tanyanı saxlayan Suqra xala, qonşu Əbülfəz, məktəbə qadın alt paltarında gəlmiş şagird, Cəbiş müəllimin digər şagirdləri və ümumən qonşular acından ölmək təhlükəsindən qurtula bilərdilər. İnanın ki, Cəbiş müəllim sabun bişirib satdırsaydı, bir neçə ailənin həyatı xilas olunacaqdı. Şəxsən mən bunda heç bir qəbahət görmürəm. Unutmaq olmaz ki, arxa cəbhədə çalışan insanlar da ölkə üçün əsgərlər qədər önəmli idilər. Digər tərəfdən, o dövrdə başı müharibəyə qarışmış dövlət mağazalarını təmin etmək iqtidarında deyildi. Dükanlarda ancaq kartoçkalarla çörək verilirdi. Ona görə də hamı üz tuturdu bazarlara. İndi təsəvvür edin ki, sabunun hava-su kimi vacib olduğu bir vaxtda insanların sabun ehtiyacı ödənə bilərdi. Yeri gəlmişkən, müharibə zamanı yüz minlərlə adam antisanitariya şəraitində müxtəlif xəstəliklərə tutularaq həyatlarını itirmişdilər. Doğrudur, Cəbiş müəllim filmin sonlarına yaxın, nəhayət ki, sabunu bişirdi. Ancaq hamısını əsgərlərə payladı. «Hər şey cəbhə üçün» şüarı ilə fəaliyyət göstərən dövlət onsuz da öz ordusunu mümkün qədər təmin etməyə çalışırdı, o cümlədən də sabunla. Deməli, sabun ilk növbədə sadə vətəndaşlara lazım idi. Göründüyü kimi, sovet dövründə ölkəni yalnız bir fikir maraqlandırırdı: insan həyatı bahasına olsa belə, hər şey SSRİ yolunda fəda edilməlidir.
Heç təsadüfi deyil ki, zəhmətkeşlərin əməyinin istismarı da o dövrdə dövlət tərəfindən geniş təbliğ olunurdu. 1955-ci ildə ekranlaşdırılmış «Görüş» kinosunda bu, qabarıq şəkildə özünü göstərir. Tüfeyli kimi təqdim edilmiş Kamil, Şıxəli, Əbülfəz obrazları məsxərəyə qoyulur. Doğrudur, onların faydalı işlə məşğul olmamaqlarını alqışlamaq olmaz. Lakin filmdən bu epizodu yadınıza salmaq istərdim. Kolxoz sədri Münəvvər Kamilə Lalanın məktubunu verir. Məktubda özbək pambıqçısı sevgilisini yarışa dəvət edir. Münəvvər Kamilin qarşısında həlli mümkün olmayan plan qoyur. Təbii ki, o da sahəyə çıxıb öz gücünü yoxlayır, amma qoyulmuş vəzifənin öhdəsindən gələ bilmir. Çünki o qədər pambığı yığmaq üçün sutkalarla vaxt sərf etmək lazım idi. Bu isə o deməkdir ki, gün ərzində 8 saat işləməli olan adamlar sosializm yarışması adı altında günün 24 satını istismar edilirdilər. Orta və yaşlı nəslin nümayəndələri bilirlər ki, səhərdən axşamadək günün altında ac-susuz işləmək, bitkilərə verilmiş zəhərli maddələrlə təmasda olmaq çoxlarının həyatında sağalmaz izlər buraxmışdı. Bir sözlə, o dövrdə insan hüquqları, əmək məcəlləsi pozulurdu. Halbuki BMT-nin Cenevrə Konvensiyasının qərarlarına əsasən, hər bir insanın iş saatı 8 saatdan artıq olmamalıdır. Demək, zəhmətkeşlər dövlət tərəfindən qul kimi istifadə olunurdular. Bəlkə elə buna görə idi ki, Kamil planı yerinə yetirməyin mümkün olmadığını anladıqdan sonra dostları Şıxəli və Əbülfəzi köməyə çağırmaq məcburiyyətində qalmışdı? Doğrudur, onların fırıldağı tez bir zamanda ifşa edildi. Amma razılaşın ki, o dövrdə məhsulun qəbulu zamanı bundan qat-qat artıq saxtakarlıqlara yol verilirdi. Tam məsuliyyətimlə deyə bilərəm ki, dövlət tərəfindən fəxri adlar almış adamlar özləri işləmədikləri halda, başqalarının topladığı məhsul onların adına qeydiyyata alınırdı. Hətta çəkidə reallıqdan xeyli artıq yazılırdı. Bundan başqa, o zamanlar pambıq planının artıqlaması ilə ödənildiyi barədə bəzi respublikalarda saxta sənədlər də tərtib olunurdu. Kinoda bu barədə bəhs edilməsə də, tarixi fakt faktlığında qalır. Məsələyə bu baxımdan yanaşsaq, Kamilin, Şıxəlinin və Əbülfəzin tarlada işləməməklərinə insan hüquqlarının pozulmasına etiraz əlaməti kimi bəraət qazandırmaq olar.
1968-ci ildə lentə alınmış «Uşaqlığın son gecəsi» filmi də araşdırma baxımından maraqlıdır. Yadınızdadırsa, Rüstəm anbardar vəzifəsində çalışır. O, yeni iş yerində Elya adlı bir qadınla eşq macərası yaşayır. Elya isə eyni zamanda Rüfətlə görüşür. Rüfətin məqsədi anbarı soymaqla dövlət malını oğurlamaq olur. Filmin sonunda bu işdə ona Elya kömək edir. İlk baxışdan Rüstəmin müsbət, Elya ilə Rüfətin isə mənfi obrazlar olduğunu söyləmək olar. Ancaq nəzərinizə kiçik bir epizodu çatdırmaq istəyirəm. Əgər diqqət yetirmisinizsə, Elya Rüstəmdən quzu istəyir. O da quzunu kombinatın həyətindən oğurlayaraq qoltuğunda gizlədir və yük maşınında eşiyə çıxardıb sevgilisinə verir. Bildiyiniz kimi, quzu da kombinatın balansında idi, yəni dövlətə məxsus idi. Belə çıxır ki, Rüstəm hislərinə qapıldığı şəraitdə tərəddüdsüz oğurluq edə bilərdi. Necə ki etmişdi. Halbuki dövlətə məxsus olan quzunu oğurladığına görə o da məsuliyyətə cəlb olunmalı idi. Demək, zəif xarakterə malik olan Rüstəmi də Rüfət kimi oğru adlandırmaq və mənfi obraz kimi səciyyələndirmək olar.
Mənəviyyatdan söz düşmüşkən, 1993-cü ildə çəkilmiş «Təhminə» kinosu barədə danışmaq istərdim. Baş qəhrəmanlar olan Təhminə ilə Zaurun məhəbbətinə toxunmadan məsələyə Zaurun valideynləri prizmasından baxmaq maraqlı olardı. Şəxsən mən yaşımın üzərinə yaş gəldikcə onları anlamağa başlamışam. Belə ki, Zivərlə professor Zeynallı gözlərinin ağı-qarası olan bircə oğullarını el adəti ilə evləndirmək istəyirlər. Ona halal süd əmmiş qız da tapırlar. Lakin Zaur Təhminə adlı bir qadına uyur. Hələ bu azmış kimi günlərlə evə gəlməyərək valideynlərinə qarşı hörmətsizlik və tərbiyəsizlik etmiş olur. Bu yerdə sizə bir sual vermək istərdim, amma xahiş edirəm səmimi cavab verin. Təsəvvür edin ki, oğlunuz və ya qardaşınız dul bir qadınla görüşür. O qadınla ki, adı başqaları ilə hallanıb. Siz bu izdivaca razılıq verərdinizmi? Bir şeyi nəzərinizə çatdırım ki, Zaur kimi təcrübəsiz bir oğlan üçün Təhminə real təhlükə kəsb edirdi. Ona görə təhlükə adlandırdım ki, Zaur hətta başqası ilə ailə quracağı təqdirdə Təhminə sağ olsaydı, onun həyatından çıxmayacaqdı. Bu isə gənc ailə üçün bitib-tükənmək bilməyən problemlər yaradacaqdı. Həyatda həmişə belə olur. Deməli, məsələyə təkcə iki insanın ehtirası nəzərindən baxmaq düzgün deyil, hərtərəfli yanaşmaq lazımdır.
Hərtərəfli yanaşma demişkən, 1955-ci ildə ekranlaşdırılmış «Bəxtiyar» filmində də Yusiflə Ağabala obrazları tənqid edilir. Yusifin ticarətçi peşəsinə yiyələnməsi az qala cinayətkarlıq qədər qəbahət hesab olunur. Eyni zamanda Ağabalanın prodüserlik fəaliyyəti də məsxərəyə qoyulur. Halbuki müasir dövrün iqtisadiyyatı güclü ticarətçilərin olmasını tələb edir. Bundan başqa, bütün dünya ölkələrinin incəsənəti bacarıqlı prodüserlərin təşkilatçılığı hesabına təbliğ olunur.
Son söz əvəzi: Azərbaycanda indiyə qədər 300-dən artıq film çəkilmişdir. Onlardan 300-ə qədəri tammetrajlı bədii film, təxminən 100-ü qısametrajlı bədii filmlərdir. Hər biri haqda ayrı-ayrılıqda araşdırma aparsam, nə sizin oxumağa hövsələniz çatardı, nə də mənim yamağa. Odur ki, mövzunu burada bitirirəm. Sonda onu demək istəyirəm ki, milli kinomuzun klassik nümunələri dünya şöhrətli yazıçılar, dramaturqlar, ssenaristlər, rejissorlar, bəstəkarlar, rəssamlar, aktyorlar və digər bədii heyət üzvləri tərəfindən araya-ərsəyə gətirilmişdir. Sizə təqdim etdiyim məqalədə fikrim kimlərinsə əsərlərini tənqid etmək deyil. Əsla! Yeganə arzum budur ki, kinolara baxarkən hərtərəfli düşünməyə çalışın.
Bu yerdə müqayisə tam uyğun olmasa da, bir faktı qeyd etmək itərdim. Ermənilərin çəkdiyi antitürk motivli kinolara baxmışam. Təbii ki, orada erməni ailələri məzlum, türk qonşuları isə vəhşi obrazlarda qələmə verilir. Heç şübhəsiz, tarixdən az-çox xəbərdar olan bir insan kimi, hadisələr barədə özüm nəticə çıxarıram. Azad söz sahibi kimi sizlərə də tövsiyəm budur ki, hər zaman azad düşüncə tərzinə malik olun.
Natiq Qocaman