“Jurnalistləri söyən və döyənlər düz edirlər” - Məhəmmədəli Qəribli yazır
Son zamanlar jurnalist həmkarlarımızın bir sıra yüksək vəzifəli şəxslərlə ciddi münaqişəsi müşahidə olunur. Belə hallar bundan əvvəl də çox olub və həmkarlarımızın haqlı olduğu bütün məqamlarda onlara dəstək verməyi özümə mənəvi borc saymışam. Ancaq proseslərin gedişi zamanı müşahidə olunan bəzi detallar məni bu məsələyə toxunmağa vadar etdi. İstedadlı qələm adamı olan Kəramət Böyükçöl iddia etdi ki, onu baş redaktoru Aynur Camalqızının həyat yoldaşı dostları ilə birləşib döyüblər. Hadisəni ətraflı təsvir etdiyi statusları sonra sildi və bunun səbəbini belə izah edir ki, adam gəlib bundan üzr istəyib. Bundan əvvəl Elşad Eyvazlının rəhbərlik etdiyi modern.az saytının əməkdaşı general rütbəli millət vəkili Əliağa Hüseynov tərəfindən ağır söyüş və təhqirə məruz qalmışdı.
Mən həmin hadisədə də, heç tanımadığım həmkarımızı sona qədər dəstəklədim. Proses "söndü" , amma biz Əliağa Hüseynovun etdiyi əməldən fəxr duyduğunu və ya peşmançılıq çəkdiyini bilmədik. Jurnalistlərə qarşı olan təzyiqlər kontekstindən "Bizim yol"a əməkdaşlıq edən Əli Vəliyevin general Ərzuman Əliyev tərəfindən təhqir olunmasını qeyd etməyə bilmərəm. Bu, lap biabırçı bir hadisədir. Siyahını uzatmaq da olar. Bundan sonra da, həmkarlarımıza qarşı edilən istənilən təzyiqlərlə bağlı onları dəstəkləyəcəyəm. Amma əziz həmkarlarımızdan bir xahişim var, belə məsələləri ya ictimailəşdirməyin, yox, ictimailəşdirirsinizsə prosesin sonluğunun da hüquq müstəvisində həllinə nail olun. Bu cür məsələ ictimailəşəndə artıq hansısa A adlı jurnalistlə, B adlı məmurun münaqişəsi çərçivəsindən çıxıb, daha qlobal miqyas alır.
Bu, jurnalistika ilə məmur arasında yaşanan bir konfliktə çevrilir və prosesə yalnız bu kontekstdən qiymət verilməyə başlanılır. Kəramət deyir ki, adam gəldi məndən üzr istədi və mən onu bağışladım. Lap yaxşı, onda belə çıxır ki, sabah istənilən bir varlı adam və ya məmur gəlib məni təpiyin altına salar, sonra da ya məndən üzr istəyər, ya da cibimə bir az pul basar və mən onu bağışladığımı bəyan etməklə , məsələ həllini tapmış olar? Dəstə ilə və ya tək adam döymək cinayət sayılırsa, onun hüquqi məsuliyyəti də olmalıdır. Tərəflər barışırsa, bu məsuliyyət bir qədər yumşalır. Heç olmasa, inzibati qaydada həbs və ya pul cəriməsi ilə əvəz olunur. Bunların heç biri olmursa, deməli belə nəticəyə gəlinir ki, bəzi adamlar, qanunların fövqündə durur?
Bir daha xatırladıram ki, hansısa xoşagəlməz proseslə üzləşən həmkarlarımız medianın təzyiqindən istifadə etdikdən sonra, qarşı tərəfi güzəştə məcbur edirsə, sonluqda yalnız özlərini deyil, ictimai rəyi də nəzərə almalıdırlar. Axı, onların ictimailəşdirdiyi məsələlər çox vaxt cinayət tərkibli olur və buna görə hansısa formada məsuliyyət nəzərdə tutulmalıdır. Biz cəngəllik qanunları ilə idarə olunan bir ölkədə yaşamırıq, hüquqi dövlətdə yaşayırıqsa, belə prosesləri bir xahiş və ya "öpüşlə" yola vermək olmaz. Yaxşı , Kəramət deyirsə ki, bu onun şəxsi işidir, adamı bağışlayıb və sonra da yazdıqlarını silib.
Onda belə çıxır ki, Kəraməti və bundan əvvəlki təzyiqə məruz qalan jurnalistləri yalnız onlardan üzrün istənilməsi tam qane edir. Bəs hüquqi məsuliyyət harda qaldı? Jurnalistə edilən hörmətsizlik harda qaldı? Bunlar sizi düşündürmür? Onda mən də onları müdafiə edən bir həmkarları kimi desəm ki, sizin kimi adamları lap əcəb edib döyürlər, söyürlər, bu necə qarşılanar? Təbiidir ki, qanunlara arxa çevirmiş olaram. Cinayət varsa, mütləq cəza olmalıdır. Xüsusilə də bu məsələ ictimailəşirsə, onun sonluğu cəmiyyəti qane etməlidir ki, digərlərinə görk olsun. Yoxsa, hər yoldan keçən bizi döyüb, söydükdən sonra, bir xahişlə, "öpüşlə" və ya cibimizə pul basmaqla məsələni yoluna qoyacaqsa, bunun adı başqa şey olur...
Məhəmmədəli Qəribli