Qazaxın adil rəhbəri - Səbinə Yusif yazır... - FOTOLAR
... May ayı idi. Pəhləvan Ramiz Tağıyevin 70 illik şərəfli ömrünə həsr etdiyim “40-cı FƏND” kitabı çapdan çıxdı. Mən də Bakıda dayana bilmədim. Qanad alıb Qazaxa yürüdüm. Elə Qazaxa çatar-çatmaz xəbər tutdum ki, Qazaxın adil rəhbəri Ramiz müəllimi təbrik üçün (doğum günü münasibətilə) Qazax rayonunda olan idman işçilərini bir araya yığıb. Həmin görüşə məni balaca boylu, böyük ürəkli kişi, yubileyin səbəbkarı özü dəvət etdi. Rəcəb müəllim var olsun, Ramz müəllimi hər zaman diqqətdə saxlayır. Yaddaqalan bir yubiley gecəsi oldu. Həmin kitabdan bir ədəd Rəcəb müəllimə hədiyyə etdim. Bilirəm ki, Ramiz müəllimə olan hörməti qədər, o kitaba da hörmətlə yanaşdı Rəcəb müəllim.
***
Əziz oxucu, bilirsiniz ki, Azərbaycanın hər guşəsi cənnətdir.
Bahar fəsli, yaz ayları gələndə,
Süsənli, sünbüllü, lalalı dağlar.
Yoxsulu, ərbabı, şahı, gədanı,
Tutmaz bir-birindən aralı dağlar. (Aşıq ƏLƏSGƏR)
Yaz fəsli, dağların ağ donunu soyunub, yaşıl libas geyinməsi, suların şırıltısı, quşların cəh-cəhi mənə Bakıya getmə, söylədi. Ürəyimin bu çağırışına sizcə yox deyərəmmi?! Əlbəttə ki, xeyr. Könlümün səsinə qulaq asdım. Qaldım Qazaxda. Fikirləşdim ki, Şükür anamgil qızlarıma baxacaq. Mən də Qazaxın seyrinə çıxım. Qazaxda gedən tikinti-quruculuq işləri ilə yaxından tanış olum. Rəcəb müəllim Qazax üçün əvəzsiz rəhbərdir. Mən də Qazaxın ziyalı övladı kimi rəhbərin Qazaxda qurub-yaratdığı işlərlə yaxından tanış olum, sakinlərlə görüşüm, ziyalıları dinləyim və bir həqiqət yazımla Rəcəb müəllimə təşkkür etməkdə bulunum. Dərviş kimi yoluma rəvan oldum. Az da getdim, çox da getdim. Yağışa da düşdüm, yandırıcı günəşlə üz-üzə də qaldım. Bu yolda yoruldum demədən addımladım. Təxminən 10-15 gün yolçuluğuma davam etdim. Tikilən, qurulan binalar, abidə-bulaq kompleksləri, təmiz, səliqəli küçələr, hər cür şəraitlə təmin olunmuş baxçalar, gecələr səliqə ilə yanan işıqlar hamısı öz yerində, göz önündədir. Mən könülləri görüb, dilləndirmək, könüllərin rayon rəhbərinə olan sevgisindən, hörmətindən halı olub, həmin könüllərin məhəbbətini sözə çevirib, sözdən bir saray tikmək istədim. Bu məqsədlə yolçuluğa davam dedim. Şəhid valideynlərini də dinlədim, kəndlini də dinlədim, ziyalını da dinlədim, qocanı da dinlədim, cavanı da dinlədim. Hamıdan bir nəfər kimi bu sözləri eşitdim: Allah Rəcəb müəllimin köməyi olsun. Prezidentimiz də sağ olsun ki, dəyərli rəhbər göndərib rayonumuza. Rəcəb Babaşov gəlməsə idi Qazaxa, Qazax sökülüb, tökülüb, dağılıb lap pis vəziyyətə düşərdi.
Elə yazımın bu yerində yadıma Qazax şəhər 1 N-li məktəbin direktoru Bəsti Ələkbərovanın söylədiyi sözlər düşdü. Bu sözləri Bəsti müəllimə Ramiz müəllimi təbrik edən zaman rayon rəhbərinə təşəkkür edərkən səsləndirdi: Vallah o biri başçıların vaxtında bezmişdik Gəncədən, Gürcüstandan gül gətirtməkdən. Rayonda dövlət səviyyəli bir tədbir olan kimi o biri rəhbərlər boynumuza qoyurdular ki, filan qədər qızılgülü siz almalısınız. Rəcəb müəllim gələndən canımız düncəlib. Nə gülə, nə jurnala, nə qəzetə heç nəyə daha bizdən pul alan yoxdur.
...Hə harda qalmışdım, indi ordan başlayım yazmağa. Yol aldım “əsrin kəshakəsində” (E.N.Sibirel) yurdunda yurddaş olmağı bacaran Quşçu Ayrım kəndinə. Atam həmişə mənimlə yol- yoldaşı olur. Bu dəfə atamdan xahiş etdim ki, mənə icazə ver, mən kənd avtobusu ilə gedəcəm. Məqsədim isə kənd camaatının necə yaşaması ilə yaxından tanış olmaq idi. Atam isə məni sərhəd kəndinə tək yola salmaqdan ehtiyat edib mənimlə birgə getmək istəyirdi. Atam əvvəl mənimlə razılaşmasa da, bir qədər sonra razılaşmalı oldu. Avtovağzalda atamdan ayrılıb kənd avtobusuna mindim. Elə ilk dəqiqədən sərnişinlərlə ünsiyyət qurdum. Axı illər öncə Quşçu Ayrım kəndindən evimizin yaxınlığında olan baxça və məktəbə məcburi olaraq bir neçə ailə pənah gətirmişdi. O ailələr bizimlə çox doğma idi. Bir evli kimiydik. Gəlişimiz-gedişimiz vardı. Uşaq olsam da onlar mənim yadımda qalmışdılar. Avtobusda həmin insanları soruşurdum, bir də mənə dedilər ki, bax Qəfər gəldi. Qəfər Aqif dayının böyük oğludur. Qəfər biləndə ki (o zaman onlar lap körpə uşaq idilər), illər öncə ən çətin müharibə illərində biz Kosalar kəndində qonşu olmuşuq, elə bil dünyanı Qəfərə bağışladılar. Evlərinə un alıb göndərirdi. Dedi yox e, nə danışırız, siz bizim qonaq olmalısınız. Mən özüm də kəndə gedəsi oldum.
Məni isə Quşçu Ayrım kənd icra nümayəndəsi Yusif Nəbiyev qarşılamalı idi. Qəfərlə hal-əhvaldan sonra mən kənddəki vəziyyətlə maraqlandım. Hamı bir nəfər kimi Rəcəb müəllimdən razılıq etdi. Məzəm kəndinə çəkilən qala istinad divarlarının tikilməsindən, Məzəm, Quşçu Ayrım kəndində 6 sığınacağıın tikilməsindən böyük ruh yüksəkliyi ilə danışdılar. Dedilər o qala divarları tikiləndən sonra kəndin içində rahat gedib-gələ bilirik. Yoxsa ki, gölün bu üzü bizik, o üzü də üzdəniraqlar. Allah tanımır o kafirlər, durduğun yerdə atır, dinc sakinlərin həyatına son qoyurdular. Rəcəb müəllim o qala divarlarını tikdiəndən, biz rahat nəfəs alırıq. Özü də hər həftə bizim kəndimizə gəlir. Görüş keçirir. Dərdimizi-azarımızı dinləyir, ehtiyacımızla maraqlanır. Belə rəhbərdən kim inciyər? Söhbətimiz o qədər şirin oldu ki, bir də baxdım ki, Göyəzən dağının ətəyini adlayıb Məzəm kəndinə qədəm qoyuruq. Doğrudan da üzdəniraqların evi, həyətləri lap aydın görünür. Lap yaxında bir postları da var. Məzəmdə Yusif müəllim avtobusu dayandırır və mənim gəlişimi soruşur. Elə mən Quşçu Ayrıma getdiyim gün Rəcəb Babaşov da Məzəm kəndində yeni tikilən qala divarının tikintisini növbəti dəfə diqqətdə saxlamaq üçün Məzəm kəndinə gəlirmiş. O səbəbdən də Yusif müəllim mənimlə yol yoldaşı ola bilmədi, Qəfər mənə bələdçilik etməli oldu. Artıq sonuncu dayanacaqdır. Düz 20 il öncə gördüyüm Sahibə xala oğlunu gözləyir. Mən o dəqiqə tanıdım Sahibə xalanı. Görüşdük-öpüşdük. İllərin həsrətliləri kimi bir-birimizə sarıldıq. Budur bir ev görünür. Aqif dayı da eyvanda əyləşib. Qızı Gülanə, oğlu Elməddin də həyətdə idilər. Çox doğma görüşürük. Hal-əhval oluruq.
Xeyli söhbət etdik. Gəlişimin məqsədini bildilər. Bildilər ki, gəlmişəm Rəcəb müəllimin fəaliyyətini kənd sakinlərinin dilindən eşidim və eşitdiklərimi sözün yaddaşına köçürüm. Rəcəb müəllimin adını çəkən kimi həm Aqif dayı, həm də Sahibə xala çox minnətdarlıqla söhbətə başladılar. Aqif dayı dedi, Səbinə xanım, hələ biz belə diqqətli icra başçısı görmədik. Hər həftə bax gördüyün bu kəndlərə gəlir, camaatın dolanması ilə maraqlanır, kimin nə əyər-əskiyi var o dəqiqə tapşırıq verir həmin çətinliyi aradan qaldırır. Bu insan çox qorxmaz insandır. O biri icra başçıları qorxusundan sərhəd kəndinə gəlmirdilər. Qorxurdular ki, birdən atışma olar, bunlara da güllə dəyər. Ancaq bu kişi elə vətən üçün doğulub. Vətənin qeyrətli, vicdanlı, qorxmaz oğludur. Bu yerdə Sahibə xala deyir, başına dönöm a Səbinə, mənim dediklərimi də yaz. Allah haqqı Rəcəb müəllimi elə bil bizə Allah göndərib. Rəhmətlik Heydər Əliyev bu milləti necə sevirdisə, prezident İlham Əliyev bu xalqı necə sevirsə, bax Rəcəb müəllim də biz qazaxlıları elə çox sevir. Camaatın qeydinə qalır. Prezident deyir ki, məmur xalqın içində olmalıdır. Ancaq çox məmurlar xalqı saymırlar. Ancaq Rəcəb müəllim prezidentin qayda-qanunlarının, tövsiyyələrinin hamısına əməl edir. Ona görə də biz Rəcəb müəllimdən razıyıq.
Söhbət edə-edə bir süfrə ətrafına əyləşirik. Allah verəndən yeyib, söhbət edirik. Mən Quşçu Ayrımda digər kənd sakinləri ilə də görüşməli idim. Qəfərlə yolumuza davam edirik. Kəndin içində Rəcəb müəllimin mülki müdafiə məqsədilə tikdirdiyi sığınacaqlara da baş çəkirəm. 4 sığınacaq Quşçu Ayım kəndində, iki sığınacaq isə Məzəm kəndində tikilib. Sığınacaqlarla tanış olduqdan sonra şəhid anası Salatın nənənin görüşünə gedirəm. Müharibə Salatın nənəyə elə dağ çəkib ki!!! Müharibə onun həm oğlunu, həm də oğul-oğul deyib qan-yaş axıdan gözlərini əlindən alıb. Salatın nənə ilə həmsöhbət oluram. Müharibənin ağrı-acısından danışır. (O acı, qürürlu xatirələri də qələmə alacam) O illərlə bu illəri müqayisə edir. Mərd-məğrur Salatın nənə bu günkü sakitçiliyə görə dualar edir. Millətimizə, dövlətimizə, ordumuza, əsgərlərimizə dualar edir. Salatın nənə də Rəcəb müəllimdən razılıq edir. Deyir, yaxşı ki, belə diqqətli rayon rəhbərimiz var. Tez-tez kəndə gəlir. Kənd camaatı ilə görüşür. Camaatın qeydinə qalır. Qazaxda belə diqqətli, mərhəmətli rəhbərin olması Salatın nənənin də ürəyincədir. Salatın nənə ilə söhbətimizi bitirib yol alırıq sinəsi sözlü, şair qəlbli, bir oğlunu vətən yolunda şəhid verən, özü də müharibənin ən ağır dövründə həyat yoldaşı Gülnarə xanımla birgə əlinə silah alıb vətənin keşiyində dayanan Astan kişinin görüşünə. Ay ev yiyəsi deyə səslənirik. Astan kişi də, Gülnarə xanım da gəlişimizi görüb sevinirlər. Gəlin-gəlin, xoş gəlmisiniz. Gəlin evə keçin. Yox, çox sağ olun, bu gözəl yaz günündə həyətdə oturub bir az söhbət edək, deyirəm. Bir xeyli söhbət edirik. Onların oğlanları Söhrab (20 yaşında) Tapqaraqoyunlu kəndində gedən döyüşlərdə (1995-ci ildə) Vətən yolunda şəhid olub. Onlar çox mərd, səmimi insanlardır. Elə qoynunda yaşadıqları dağlar kimi alınmaz, vüqarlı insanlardır. Astan kişi çox gözütox insandır. Heç kimdə, heç nədə təmənnası yoxdur. Bir xeyli söhbət edirik. Gəlişimin səbəbini deyirəm. Həm Astan kişi, həm də Gülnarə xanım öz fikirlərini bizimlə bölüşür.
Astan kişinin dedikləri:
Rəcəb müəllim çox yaxşı adamdır. Xalqa qarşı diqqətlidir. Bütün rayon idarə və təşkilatlarına tapşırıq verib ki, gördüyün bu kəndlərin sakinlərini (Fərəhli, Cəfərli, Quşçu Ayrım, Məzəm) sorğusuz-sualsız, gözlətmədən qəbul edin. Onların hər bir işini yerindəcə həll edin. O vaxtı (təxminən 4 il öncə) bir jurnalist gəlib müsahibə götürürdü. İcra başçısının necə adam olduğunu soruşdu. Dedim, vallah rəhmətlik Üzeyir bəy “O olmasın, bu olsun” operasında Məşədi İbadın dili ilə yaxşı deyib (əslində o söz gülmək üçün yox, düşünmək üçündür): Gəlini gətirəndə baxmırdınmı bu arvaddı, ya kişidi? Həmin jurnalistə dedim ki, vallah indi məndən elə sual soruşursan ki? Mən o icra başçısının üzünü görməmişəm. Mən bilmirəm o kimdi. Bilmədiyim, tanımadığım adam haqqında rayon rəhbəridir deyə yalandan sizə tərif deyə bilmərəm. Onda mənə dedilər ki, səni incidəcəklər. Niyə belə demisən. Dedim cəhənnəmə incitsinlər. Bir dəfə rayon rəhbəri kimi camaatın içinə çıxmayıb, bir dəfə şəhid ailələrinə baş çəkməyib, bir dəfə sərhəd kəndlərində olmayıb. Ə, mən onun nəyinə yalandan tərif deməliyəm ki?! Qızım, ancaq Rəcəb müəllim rayona gəldiyi ilk gündən xalqın içindədir, xalq ilə ünsiyyətdədir, hamının dərdi-azarı ilə maraqlanır. Prezident təyin etdiyi rəhbərlər Rəcəb müəllim kimi gözütox olsalar, işinin öhtəsindən ləyaqətlə gəlsələr Azərbaycanda rüşvətin kökü kəsilər. Sağ olsun İlham Əliyev, Qazaxa belə mərd, vicdanlı rəhbər təyin edib. Özünüz də görürsünüz ki, Qazax necə irəli gedir. Orenburqdan bizə qonaq gəlmişdi. Bacım oğlunun dostları idi. Onlar Qırmızı Körpü sərhəd keçid məntəqəsindən keçib gəlmişdilər Qazaxa. İkisi də mübahisə edir ki, yalan deyirsiniz bura ya Gəncədir, ya Bakıdır. Rayon belə gözəl ola bilməz. Axırda onlara Qazaxın tarixi yerlərini göstərib inandırmışdılar ki, bura Qazax rayonudur. Sadəcə rəhbər çox məsuliyyətli, ləyaqətli, vicdanlı rəhbərdir. Ona görə də Qazax belə gözəlləşib. Rəcəb müəllim sağ olsun, içməli su çəkdirdi kəndə. “Coğaz” çayından 4 km-lik yolu ən keyfiyyətli turbalarla kəndə su çəkdirdi. Allah can sağlığı versin Rəcəb müəllimə. Biz Rəcəb müəllimdən çox razıyıq, qızım.
Gülnarə xanımın dedikləri:
Bu rəhbər yaxşı rəhbərdir. Bax o gördüyün hasarı (həyətində tikilən hasarı göstərir) Rəcəb müəllim çəkdirdi. Əvvəl uşaqlar qapıda rahat oynaya bilmirdilər. Qorxurduq uşağı həyətə çıxartmağa ki, indicə murdarlar atacaqlar, ölüm-itim olacaq. Ancaq indi uşaqlar rahat oynayır qapıda. Evimizdə işıq problemi var idi. Mən özüm getdim başçının qəbuluna. Astan qəti getməz. Deyir, Rəcəb müəllimi yormaq lazım deyil. Hamının problemini həll edir. Gördüm kişi gedən deyil. Özüm getdim. Sağ olmuş Rəcəb müəllim məni çox yaxşı qəbul etdi. Problemimi dinlədi və elə həmin gün də həll etdi problemimi. A qızım, belə rəhbərdən kim inciyər? Uca Allah onu Qazaxa çox görməsin.
Beləcə mərd ata-ana ilə ürək dolu bir söhbət etdik. Müharibə illərinin ağrı-acılarından danışdılar. Rast gəldikləri möcüzələrdən danışdılar. İnşallah o ağrılı-acılı illərin xatirələrini də yaxın vaxtlarda işıqlandıracam. Onlarla sağollaşıb ayrıldıq. Yusif müəllimlə əlaqə saxlayırıq. Təxminən saat 5 –dir. Yusif müəllim Məzəmdədir və Qazaxa getməlidir. Məzəmdə bizi gözləyir. Astan dayının oğlu bizi Quşçu Ayrımdan Məzəm kəndinə gətirir. Qazaxa üz tuturuq. Yol boyu Yusif müəllim də Rəcəb müəllimin kəndə olan diqqət-qayğısından böyük hörmətlə söz açır: “Vallah qızım, camaat ağ günə çıxıb. Rəcəb müəllim qoymaz ki, bircə adam problemli yaşasın. Hamının problemini həll edir. Hər həftə gördüyün bu sərhəd kəndlərinə gəlir. Maşından düşür, piyada bütün qapılara bir-bir gedir. Sakinlərin maddi durumu, ehtiyacları ilə maraqlanır. Qoymaz ki, bir adam ehtiyac içində qalsın. Allah razı olsun. Çox yaxşı rəhbərdir.” Beləcə söhbət edə-edə bir də baxırıq ki, Qazaxa çatmışıq. Yusif müəllimlə sağollaşıb ayrılırıq.
Bəli qürurlu olduğu kimi çox çətindir düşmənlə üz-üzə yaşamaq. Ancaq o kəndlərin sakinləri bütün təhlükəni göz önünə alıb qətiyyən qorxmadan öz yurd-yuvalarında mərdliklə dayanıblar. Allah hamısının canını sağ eləsin. Rəcəb müəllimin sərhəd kəndlərinə diqqət və qayğısı o insanlarda döyüş ruhunu, əzmkarlığı birə beş artırıb. Onlar hər biri rəhbərdən çox razılıq edirlər. Hamısı bir ağızdan deyir ki, heç istəmirik ki, Rəcəb müəllim nə vaxtsa Qazaxdan getsin. Ən böyük arzumuzdur ki, Rəcəb müəllim həmişə Qazaxda rəhbər kimi fəaliyyətini davam etdirsin. Çünki rayonumuzun Rəcəb müəllim kimi insaflı, yurdsevər, vətənpərvər rəhbərə böyük ehtiyacı var.
***
Bir neçə gün sonra mən Qazax ziyalıları ilə görüşdüm. Bütün ziyalılar da Rəcəb müəllimin ətrafında bir yumruq kimi birləşib, rayon rəhbərini dəstəklədiklərini bildirdilər. Hər kəs Rəcəb müəllimdən çox yüksək dərəcədə razılıq etdi.
Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Qazaxın mərd oğlu, pəhləvan RAMİZ TAĞIYEV:
Rəcəb Babaşov böyük insandır. Təmənnasız adamdır. Əxlaqı təmiz adamdır. 25 ildə keçmiş icra başçılarının da görmədiyi işi Rəcəb müəllim gördü. Qazaxlıların hörmətini qazanıb. Hər kəsə kömək əlini uzadır. 44 ildir Qazaxda işləyirəm. Birinci katiblər, RİH-nin başçılarından heç biri Rəcəb müəllim kimi sadə, səxavətli olmayıb. Onlar da işləyib. Ancaq Rəcəb müəllim kimi çalışan rəhbər görmədim 44 ildə. Elə icra başçısı var idi ki, Qazaxı dərindən tanımırdı. Piyada getsə küçədə yolu azardı. Ancaq Rəcəb müəllim hər bir Qazax vətəndaşını da, yaşadığı ünvanları da çox yaxşı tanıyır. Çox icra başçıları Qazaxın kəndlərini tanımırdı. Bir neçəsini tanıyırdı. O da rayona yaxın kəndlər idi. Ancaq Rəcəb müəllim qaynar nöqtələrdə olur. Kəmərliyə gedir, Məzəmə, Quşçu Ayrıma, Fərəhliyə, Cəfərliyə, bütün sərhəd kəndlərinə gedir, sakinlərin vəziyyəti ilə maraqlanır. Halbuki o biri icra başçıları qorxularından sərhəd kəndlərinə getmirdilər ki, birdən bunlara güllə dəyər. Ancaq Rəcəb müəllim bu vətən yolunda şəhid olmaqdan qəti qorxmur. Əslində fəxr edir ki, o vətən yolunda işləyir. Belə insanı Allah qoruyub saxlayır. Rəcəb müəllimin işi başqa rayon icra başçılarına örnəkdir. Başqa rayon icra başçıları var ki, onlar Rəcəb müəllimin rayon camaatı arasında olan hörmətinə, gördüyü işlərə paxıllıq edirlər. İşləyə bilməyən icra başçıları Rəcəb müəllimə paxıllıq etməkdənsə gəlib Qazaxda Rəcəb müəllimdən işləməyi öyrənməlidilər. Rayonumuz təmizdir, abaddır, nə qədər tikinti-quruculuq işləri gedib. Bu dəqiqə də durmadan binalar təmir olunur, baxçalar təmir olunur. Xalq-rəhbər, rəhbər-xalq birliyi var Qazaxda. Qazaxda rəhbərə qarşı çox gözəl münasibət var. Rəcəb müəllim hər kəsin problemini həll edir. İcra hakimiyyətindən çıxan hər kəs Rəcəb müəllimə dua edir, prezidentimizə minnətdarlıq edirlər ki, nə yaxşı ki, Qazaxa belə dəyərli rəhbər göndərib. Rəcəb müəllim Qazaxa layiq rəhbədir. Biz Rəcəb müəllimin gördüyü işlərdən razıyıq, onun iş prinsipini alqışlayırıq.
BDU-nun Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri namizədi, dosent MƏMMƏD YUSİFOV:
Zamandan və məkandan, ictimai və siyasi şəraitdən asılı olmayaraq, bütün dövrlərdə cəmiyyətin mütərəqqi ruhda inkişafı, xalqın saf məram və məqsədlər ətrafında səfərbər edilməsi məhz sağlam əqidəli, xalqa, dövlətə sədaqətlə xidmət edən şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olmuşdur. Belə insanlar qısa zamanda cəmiyyətin sayılıb-seçilən üzvünə çevrilir, üzərlərinə düşən sosial məsuliyyətli missiyanı yerinə yetirir, xüsusi idarəçilik qabiliyyəti ilə fərqlənirlər. Geriyə boylananda fəxarət hissi ilə ömrünün hədər getmədiyini, özünün cəmiyyət üçün dəyərli və gərəkli olduğunu görməklə bundan mənəvi rahatlıq tapan insanlardan biri Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur. Təyin olunduğu 2 il müddətində Prezidentinə, şəxsi bacarığına və insanlara güvənərək məmləkətimiz adına, xüsusilə Qazaxımız adına yaxşı nə varsa hamısını etməyə çalışıb. Həmişə Qazaxa və qazaxlılara dəyər verib, inam qazanıb və kifayət qədər ciddi uğurlara imza atıb.
Hesab edirəm ki, bunlar hələ son deyil. Gələcəyə planlar, görüləsi işlər də çoxdur, ünvanına təşəkkürlər və təbriklər söylənilməli anlar da. Təki sağlıq olsun. Böyük etimad sahibi, hər bir Qazaxlının doğmasına çevrilmiş Rəcəb müəllimə can sağlığı və işlərində uğurlar diləyirəm.
Qazax rayonlararası ruhi xəstəxanasının baş həkimi RAMİZ MANSUROV:
İşlədiyim 39 ildə 12 icra başçısı ilə işləmişəm. Mən hər yerdə, böyük məmnuniyyətlə deyirəm ki, bu günə qədər ruhi xəstəxanada həm ərzaq təminatı barədə, həm təmir işlərində Rəcəb müəllimin dövründə görülən işlər heç vaxt görülməyib. O, təkcə xəstəxanaya qayğı göstərmir, o, eyni zamanda rayona böyük diqqət və qayğı göstərir. Məni tanıyanlar yaxşı bilir ki, indiyənə kimi heç bir icra başçısı haqqında xoş söz, tərif söyləməmişəm. Gərək dediklərim içdən gəlsin. Boğazdan yuxarı sözləri qəti xoşlamıram. Bu gün Rəcəb müəllim haqqında dediyim fikirlər içdən gəlir. Ürəkdən söyləyirəm. Bundan əvvəlki illərlə indiki vaxt müqayisə olunası deyil. Qazax çox inkişaf edib.
Rəcəb müəllim xəstəxananı təmir etdirdi. Bağda da meyvə ağacları, qızılgül kolları əkdirdi. Demək olar ki, bir neçə il ərzində xəstəxananın meyvə ehtiyacını elə xəstəxananın həyətində salınan meyvə bağı ödəyəcəkdir. Mütəmadi olaraq Rəcəb müəllim xəstəxanaya gəlir. 8 mart münasibətilə həm xəstəxanada işləyən qadınlara, həm də qadın xəstələrə hədiyyələr və güllər hədiyyə etdi. Xəstələrə 8 mart münasibətilə konsert verildi. O xəstələrin həmin gün keçirdiyi hissləri təsəvvür edirsinizmi? Həmin sevinci xəstəxanada müalicə olunan xəstələrə Rəcəb müəllim bəxş etdi. Allah prezidentimizin də canını sağ eləsin. Prezident Qazaxa belə bir insaflı, vicdanlı rəhbər göndərib. Hər kəs Rəcəb müəllimdən razıdır.
Mayor, AYB-nin Qazax filialının ədəbi məsləhətçisi, şair MUSTAFA RASİMOĞLU:
Rəcəb Babaşov Qazaxa rəhbər təyin olunduğu ilk gündən Qazaxda görülməmiş işlərin hamısına bir-bir nəzər etdi. Bütün sahələrdə yüksək nailiyyətlər qazandı Qazaxımız. İnsanlara diqqət, qayğı artdı. Açıq deyək, indiyənəcən Qazaxda Rəcəb müəllim kimi vicdanlı rəhbər olmayıb. O, bütün qazaxlıların sevimlisinə çevrilib. Onun gördüyü yaxşı, təqdirəlayiq işlər sadalamaqla qurtaran deyil. O insan insanlara, mədəniyyətə, mənəviyyata böyük töhfədir. Böyük şəxsiyyətdir Rəcəb müəllim. Yanvar ayında əməliyyat keçirdim. Rəcəb müəllim mənim əməliyyat olunduğum xəbərini eşidən kimi mənimlə əlaqə saxladı. Məndən öz maddi və mənəvi dəstəyini əsirgəmədi. O, bütün Qazax vətəndaşlarının hamısına böyük diqqət və qayğı göstərir. Allahdan Rəcəb müəllimə can sağlığı arzu edirəm.
BDU-nun Qazax filialının “Riyaziyyat və İnformatika” kafedrasının müdiri HÜSEYN XƏLİLOV:
Rəcəb müəllim dəyərli rəhbərdir. Bütün Qazax camaatı ondan razıdır. Qazaxa indiyənə kimi belə vicdanlı katib, icra başçısı gəlməyib. Bu insan sidq ürəkdən Qazax üçün çalışır. Vəzifəsinin öhtəsindən şərəflə gəlir. Bir rəhbər olaraq onun işləri təqdirəlayiqdir.
AYB-nin üzvü, şairə TAMELLA POLADLI:
Bu obanın çəmənindən-çölündən,
Sizə alqışlar var Qazax elindən.
Bu elin-obanın tutub əlindən,
Məkkə, Mədinəyə getmiş kimisən.
Əsər yaratmısan şəhid adına,
Dəyərli şəxsləri saldın yadına,
Qaçqının, yoxsulun çatıb dadına,
Hayına-hoyuna yetmiş kimisən.
Rəcəb müəllim, qəlbimizdə yaşarsan,
Neçə ki, həyat var, özün də varsan,
İcra başçım, əzəmətli çinarsan,
Hər tində, döngədə bitmiş kimisən.
SÖZardı: Atam da, anam da dünyanın yaxşısını-pisini, mərdini-namərdini, əyrisini-düzünü görən, əyrini düzdən, yaxşını pisdən, mərdi namərddən ayırmağı bacaran insanlardır. Atam mənim həyat məktəbimdir. Kimin kim olduğunu atam necə deyirsə, illər sonra görürəm ki, atam zəndində qəti yanılmayıb. Mən hər zaman halal, mərd, vüqarlı, qürurlu valideynlərim ilə fəxr etmişəm. Valideynlərim biləndə ki, Rəcəb müəllim haqqında yazı yazmaq fikrindəyəm. Atam mənə bu cümlələri söylədi: Kosalar kəndinin yolları necə bərbad idi hamımızın yaxşı yadındadır. Dərdinalem, hələ Rəcəb müəllim yenicə rəhbər təyin olunmuşdu. Kosalar-Canallı kəndlərinin yollarına asfalt örtüyü çəkdirdi. Bir dəfə yolun bərpasından sonra kəndə gəlmişdi. Məktəbin qarşısında Rəcəb müəllimə salam verib görüşdüm və bu sözləri söylədim: Rəcəb müəllim, siz bu yolları təmir etdirməklə Həcc ziyarətinə getmisiniz. Bu böyük əməldən sonra sizin ziyarətiniz Allah dərgahında mütləq qəbul olmuşdur. Ağrınalem, əsas əməldir. Əməl ilə Allahın sevimli bəndəsinə çevrilmək ən böyük xoşbəxtlikdir. Rəcəb Babaşovun ən gözəl əməli də, ən gözəl ibadəti də Qazaxda bütün sahələrdə şəffaflıq yaratması, hərc-mərcliyin qarşısını alması, məzlumun haqqını zalıma yedirtməməsi, rüşvətin kökünü kəsməsidir. Mən də bu gözəl ibadətinə, bu gözəl əməlinə görə Rəcəb müəllimə çox sağ ol, deyirəm və gələcək fəaliyyətində uğurlar arzu edirəm.
Anam Aybəniz xanım da bizim söhbətimizə biganə qalmır. Mənim dili dualı, əli qabarlı, ömrü vüqarlı anam da Rəcəb müəllimə duaçıdır. Anamın dediklərindən də yazıma əlavə etməyi özümə borc bildim. Ay qızım, illərdir (27-28 il idi) bu arxlara su gəlməzdi. Ağaclar su deyib haray çəkərdilər. Yezidin imama eləmədiyi zülmü gördü bu günahsız ağaclar son illərdə. Suyun qarşısını əjdaha suyun qarşısını kəsən kimi kəsmişdilər. Allah can sağlığı versin Rəcəb müəllimə hər bir sahəyə xüsusi diqqət ayırdığı kimi, kənd təsərrüfatına da böyük diqqət ayırır. Ağaclar daha su deyib haray çəkmirlər. Vallah o ağacların duası bəs edər Rəcəb müəllimə. Ölənlərinə rəhmət, qalanlarına can sağlığı arzulayıram. O insan Sabirabadlıdır. Ancaq bu iki ildə qazaxlılarla elə doğma münasibət yaratdı ki, elə o da Qazaxlı oldu. Biz qazaxlılar Rəcəb müəllimin xətrini öz doğmamız kimi çox istəyirik.
***
Məni tanıyanlar yaxşı bilir. Bir yazıya ürəyim hökm etməsə yaza bilmərəm. Yaxşılardan yazmağım mənə könül rahatlığı bəxş edir. Bu dəfə də yaxşı bir insanın, yaxşı bir rəhbərin işinə xalq tərəfindən verilən qiyməti qələmə almaq niyyəti ilə yoluma rəvan oldum. Şükürlər olsun Allaha, yola çıxmağımda yanılmadığımın şahidi oldum. Rəcəb müəllimin iş fəaliyyətindən yazmağa dəyər. Əsgərlə əsgər olan, şəhid valideyni ilə çiynində vətən yükü daşıyan, sadə insanların probleminə öz problemi kimi can yandıran bir insandan yazmağa dəyər. Rəcəb müəllim şəhidlik zirvəsinə ucalmağı özünə şərəf bilən qorxmaz, mərd rəhbərdir. Rəcəb müəllim səngərdədir, Rəcəb müəllim sərhəddədir, Rəcəb müəllim yoldadır. Allah yolunda! Haqqın yolunda!
Bu yazdıqlarımı heç kim sanmasın ki, rəhbərə xoş getsin deyə yazıram. Xeyr. Belə deyil. Rəhbərin Qazaxa verdiyi qiymətə çox sağ ol, demək üçün Qazaxın adil rəhbəri haqqında yazı yazmaq Qazaxın bir ziyalı övladı olaraq mənim mənəvi borcumdur. Yazını könül xoşluğu ilə qəbul edənlər sağ olsunlar. Mən həyatda nə vara aldandım, nə pula satıldım. Nə yazdımsa haqqın yanında olmağa çalışdım. Bu yazımı da tam təmənnasız olaraq yazdım. Duyanların, sevənlərin, vətən eşqli insanların könlü şad olsun deyə yazdım. Yunis İmrə demiş: Duyanlara salam olsun!
P.S. Rəcəb müəllim haqqında yazdığım yazılar silsilə xarakter daşıyır. Bəlkə də bu yazılarım nə vaxtsa bir kitaba da çevrildi.
Böyük hörmətlə: Səbinə YUSİF