İmkan verin, insanlar oynasınlar, amma...
Sadə insanlar istənilən formada öz duyğularını və etirazlarını ortaya qoya bilərlər. Toplumun öncül düşüncə adamları isə bu cür keçici emosiyalar əsasında özləri üçün təsəlli ədəbiyyatı formalaşdırmamalıdırlar.
Məsələn, azərbaycanlıları birləşdirən ən klassik nümunə “Heydər babaya salam” əsəridir, bu gün birlik aurası üçün onun qırx il öncəki dəyəri aktualdırmı? Babək qalasına yürüşü bir vaxt nicat yolu olaraq görürdük. İndi nəticə olaraq hansı siyasi təşkilatlanmaya rəvac verdi? Vaxtilə sərhəddən kəsilmiş məftilləri insanlar sevincdən gözlərini soxurdular və hər yan Araz həsrətli şeirlə dolu idi. İndi yenə həmin Araz öz məcrasında axır, ancaq həmin həsrətin şeirlərdə izi-tozu belə yox. İndi imkan verin insanlar oynasınlar, istəyirlərsə, bir-birinə sosial şəbəkədə dəstək versinlər, ancaq bunu Azərbaycanın bütövlüyünün rəmzinə çevirmək ideyanı qeyri-ciddi səviyyəyə gətirməkdir. Oynamaq yox, şeir yazmaq, tarix uydurmaq yox, siyasi təşkilatlanmanın müasir modellərini yaratmaq lazımdır ki, dünya siyasətinin menyusuna Güney Azərbaycan problemini salmaq mümkün olsun. Oynamaq əvəzinə yeganə televiziya kanalı olan Günaz TV-yə hər oynayan şəxs ayda 10 dollar pul keçirsə, daha ərdəmli iş olmazmı?
İllərdir bu televiziya faydalı təbliğat işi aparır, təsəvvür edin ki, ona dünyadakı azərbaycanlılar cüzi dəstək versələr, daha yetkin və sağlam hədəfləri olan bir millətə çevrilmək nə çətin işdir? Hamımıza aydındır ki, totalitar dini faşizmin əsarəti altında yaşayan toplumun yüzlərlə problemi var, ancaq xaricə köç etmiş yüzminlərlə təhsilli insan Avropa və ya ABŞ demokratiyasının imkanlarından yararlanaraq axı xaricdə də ciddi siyasi, yaxud mədəni təşkilat formalaşdıra bilmirlər. Odur ki, kim istəyir özü istədiyi havaya çalıb-oynasın, ancaq böyük ideyaların üzərində bu cür naşılıqla oynamasın.
Bir də 1988-ci ilin mitinqlərinin məşhur aforizmini xatırlamanın sonda bəlkə faydası olardı. Xatırlayıram ki, bir yekəpər oğlan uca səslə meydandakı qələbəliyə "Oturmayan erməni!" deyə qəzəbli çağırış edirdi. Hamı ilə bərabər oturmadığına görə kütlənin hədəfinə çevrilmiş ağsaqqal kişi isə çarəsiz şəkildə izah edirdi ki, vallah, mən erməni deyiləm, sadəcə protezlə çöməlib oturmam mümkün deyil.
İndi də öz bayağı, zövqsüz hərəkətlərinə dəstək ala bilməyən bəzi vətənşüvənlər, fikir plüralizmi prinsipini unudaraq, başqalarının vətənsevərliyini şübhə altına salmağa çalışırlar. Kimsə millətin gələcəyini öz duyğuları, yuxuları, fantaziyaları üzərindən şəkilləndirir, kimsə də ağıla, məntiqə uyğun gəlməyən keçici təzahürləri əlinin dalı ilə itələyib məcaraçılıqdan uzaq, düşünülmüş variantlar təklif edir. Mən hər ikisini səmimi, öz millətini sevən insanlar hesab edirəm və kimisə farsa, erməniyə, rusa və yaxud da hansısa itə-qurda işləməkdə ittiham etmirəm. Təki hamı mövzunu düşünsün, yollar arasın, modellər təklif etsin.
Fazil Mustafa