\
25 Noyabr 2024 - Bazar ertəsi

Nərimanbəyov silsiləsindən xatirələr... - FOTOLAR

Nərimanbəyov silsiləsindən xatirələr... - FOTOLAR
2309baxış
Hər əsrin öz unudulmayan sənətkarları vardır. Hansı ki, üslubu, sənətkarlığı ilə insanların qəlbində öz yerini tutur. Bu sənətkarlar sırasında bir çox ölkələrdə nümayiş etdirdiyi fərdi sərgiləri ilə tanınan dünyaşöhrətli Azərbaycan rəssamı Toğrul Nərimanbəyov da var.
Toğrul Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakıda anadan olub.Ata əcdadları Şuşalı, anası isə Fransada doğulub. İxtisasca mühəndis-energetik olan atası Fərmanbəy Fransada Tuluzada olarkən İrma lya Rude ilə tanış olur və onunla evlənir. Üç ildən sonra isə ailəsi ilə Bakıya köçür. Şərq mədəniyyəti və adətlərinə maraq, əntiq əşyalar toplama və tətbiqi sənət nümunələrindən olan kolleksiyalar bu ailənin mədəniyyətə olan marağından qaynaqlanırdı. Fərmanbəy Nərimanbəyov 1937-ci ildə Sibirə sürgün olunur, 1941-ci ildə isə Orta Asiyaya göndərilir və orada öz xanımı ilə 20 il ömür sürür. Toğrul və qardaşı Vidadi isə dayələri Anna Andreyevnanın himayəsində qalır. Uşaq ikən rassamlığa maraq göstərən Toğrulun ilk rəsm müəllimi tanınmış Azərbaycan rəssamı Kamil Xanlarov idi. 40-cı illərdə fəaliyyət göstərən piyanerlər evində ilkin rəssamlıq hazırlığı gənc və uşaqlar üçün ilkin məhələ idi. Balaca Toğrul da ilk addımlarını məhz burada atmışdı. 1946-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin təsviri sənət fakultəsinə daxil olur.1950-ci ildə məktəbi bitirdikdən sonra təhsilini Litva Dövlət Rəssamlıq İnstitunda davam etdirmək qərarına gəlir. Təsviri sənətin sirrlərini öyrənən gənc tələbə paralel olaraq bədii fəaliyyətə qoşularaq, çoxsaylı sərgilərdə iştirak edir və hüdudsuz rəsm çəkmək istəyini gerçəkləşdirməyə çalışırdı. Eyni zamanda istedadlı Toğrulun vokal qabiliyyəti özünü biruzə verirdi. Əbəs yerə demirlər, qarabağlı təbiəti incəsənət və musiqi istedadı olan insanlara müsbət təsir göstərir. Tələbəlik illərində rəssam Vilnus konservatoriyasında paralel olaraq klassik vokalı öyrənir. Musiqi ilə maraqlanması və klassik müğənni kimi inkişaf mərhələləri rəssamın bütün rəsm kompozisiyalarında öz əksini tapmışdır. Demək olar ki, onun təsviri sənəti musiqidir, musiqi isə onun təsviri sənətinin əksidir. Istənilən baxımdan ideal səviyyəyə çatdırılmış rəsm üsulu, mürəkkəb təsvir sxemini düzgün qurmaq bacarığına sahib olan Nərimanbəyov fitri istedad olmadan emosional səslənmə baxımından belə möhtəşəm əsərləri yarada bilməzdi. Özünəməxsus üslubda çəkdiyi natürmort, portret, mənzərə kimi rəsm əsərlərində ustalığını məharətlə nümayiş etdirib. Portret janrına hələ sənət yolunun başlanğıcında müraciət edib. Portretlərində istifadə etdiyi rəng çalarları mürəkkəbdir. Bu da rəsm əsərlərinə baxarkən tamaşıçılarda heyranlıq hissi doğurur. Sadə xalqın həyatına həsr olunmuş və öz-özlüyündə parlaq, işıqlı, çoxtərəfli arzunun tam mənada təcəssümü kimi çıxış edir. Portretlərində orta əsr miniatürlərinə bənzərlik vardır. «Papiros çəkən Səttar» əsərində isə o böyük rəssam Səttar Bəhlulzadəni monolit şəkildə təsvir etməyi bacarmışdır. Çəkdiyi mənzərə əsərlərində ağacların budaq və gövdələri, təravətli meyvələr, rənglərin parlaq koloritin coşğunluğu insanın təbiətin bir hissəsi olduğunu, onun qoynunda rahatladığı fantastik aləmə aparır. Bir çox əsərlərində nar çəkməsi onun əsərlərinin fərqləndirən xüsusiyyətlərindən biridir. Nərimanbəyovun «Narlar» tablosu elə «Nar» qaleriyasının əldə etdiyi ilk əsər olaraq rəssamın şəxsi qaleriyasında əsas simvola çevrildi. Həm həyatı, həmdə həyatın özünü təcəssüm etdirən nar öz qalın qabığı altında qiymətli nar dənələrini gizlətdiyi kimi, bu qaleriya da incədən-incəyə topladığı əsərlərdən ibarət bu mədəniyyət xəzinəsini qoruyub saxlayır. «Mövzu və janr rəngarəngliyi yüksək sənətkarlıq və estetik kamilliyi ilə səciyyələnən yaradıcılığınız Azərbaycan təsviri sənətinin inkişafında mühim rol oynamışdır.Fırçanızdan çıxmış rəngkarlıq əsərləri Azərbaycanın qədim miniatür sənətlərinin rəng harmoniyasını və dünya incəsənətinin mütərəqqi ənənələrini özündə birləşdirən sənət inciləri kimi milli incəsənətimizin qızıl fonduna həmişəlik daxil olmuşdur. Vətən təbiətinin gözəlliyini, insanları mənəvi gözəlliyini təmin edən mövzularının ana xəttini həyata, insanlara məhəbbət təşkil edir» - bu ifadələr 5 avqust 2000-ci il Azərbaycan qəzetində çap olunmuş ümumilli lider Heydər Əliyevin Toğrul Nərimanbəyovun 70 illik yubileyi münasibətilə etdiyi təbrikdən bir parçadır. Həqiqətəndə, Toğrul Nərimanbəyov yaddaşlardan silinməyəcək sənətkarlar sırasındadır və Azərbaycan xalqı öz dahi oğlunu heç zaman unutmayacaq!
 
Sayalı Abasova