\
22 Noyabr 2024 - Cümə

Şəhid haqqını yemək millətə, dövlətə, prezidentə xəyanətdir! - FOTOLAR

Şəhid haqqını yemək millətə, dövlətə, prezidentə xəyanətdir! - FOTOLAR
2173baxış

Şəhid qanı yerdə qalmayacaq! Şəhid haqqı yerdə qalmayacaq! Şəhidin haqqını yeyənlərin burnundan şəhid axıtdığı qan gələcək!

Bu bir gün olacaq! Tez ya, gec! Ancaq olacaq!

Bu nə biabırçılıqdır?!

Şəhidə 11 min manat pul ayrıldı. Ancaq 90 faiz şəhid ailələrinə dedilər ki, get, sən alıb yemisən! Otur yerində. Pul zad yoxdur! 10 faiz şəhid ailələri adlarını axtarıb siyahıda tapanda sevindilər. Ancaq bu sevinc də uzun sürmədi. İndi həmin ailələrə qarşı süründürməçilik edilir. 
Qazax rayon sakini Firuz Xasmemmedov şəhid qardaşıdır. Qardaşı Tahir Xasməmmədov Qarabağ döyüşçülərində könüllü olaraq cəbhəyə yollanıb. Silahsız, ağır bir vəziyyətdə Vətən uğrunda döyüşüb. Qan töküb, can verib. Ən acınacaqlısı da odur ki, Şəhid Tahir Xasməmmədovun meyidi düşmən əlində qalıb. O şəhidin doğmalarına məzarı da yadigar qalmayıb. Şəhid Tahir Xasməmmədovun qardaşlarının maddi durumları heç də ürəkaçan deyil. Şəhidin adı siyahıda tapılsa da, aidiyyəti dövlət orqanlarının bəi işçiləri pulu verməmək üçün min dona girirlər. Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin Pərviz adlı əməkdaşı öhdəsinə düşən işi nədənsə yerinə yetirmir. Süründürməçilik edir. Gah ailəyə Qazax rayonu Dövlət Notariat Kontorunun lazımi sənədləri onlara göndərmədiyini deyirlər. Qazax Dövlət Notariat Kontoru Sosial müdafiə nazirliyi ilə əlaqə saxlayanda deyirlər ki, bu işlərə Pərviz baxır. Qazaxdan Pərvizə zəng edirlər. Pərviz deyir ki, bir saat sonra gözləyin baxım görüm Qazaxdan göndərilən vərəsəlik sənədi bizim email ünvanına gəlibmi? Bir saat sonra zəng edilir, deyir, iki saat sonra zəng edin. İki saat sonra zəng edilir, deyir, işim çoxdur, iki gün sonra zəng edin. Axı bu nə süründürməçilikdir?! Elə fikirləşməyin ki, o adamlar bezib sizə müraciət etməyəcəklər, siz də onların göndərdiyi sənədlərə lazım olan vaxtda imza atacaqsınız. Elə bir iş iştahınızdan keçməsin! Bu şəhidin haqqıdır! Şəhidin haqqını yemək millətə, dövlətə, prezidentə xəyanət etmək deməkdir! Ey səlahiyyətlilər, işinizin öhdəsindən vicdanla gəlin. Millətə, dövlətə, prezidentə xəyanət etməyin!

Yayda mən şəhid Tahir Xasməmmədovun ata evində oldum. Qardaşı Firuz Xasməmmədov və həyat yoldaşı əlildir. Firuz Xasməmmədov əlil arabasında gəzir. Siz bu əlil insanı, ayağı yer tutmayan insanı neçə dəfə Qazax Rayon Dövlət Notariat Kontoruna göndərəcəksiniz?
Bu işdə köməyi çatan insanlara burdan müraciət (bir-bir ad yazmıram) edirəm və xahiş edirəm: Şəhid Tahir Xasməmmədovun qan pulunun alınıb ailəsinə verilməsində öz hüquqi və qanuni imkanlarınızdan istifadə edin. Şəhidin haqqını ailəsinə çatdırın. İşinin öhdəsindən gələ bilməyənlərə yedirtməyin şəhid haqqını!

Səbinə Yusif