\
22 Noyabr 2024 - Cümə

“Əlillik bizdə yox, onların əlil düşüncəli beyinlərindədir” - İşləmək istəyirik! - FOTOLAR

“Əlillik bizdə yox, onların əlil düşüncəli beyinlərindədir” - İşləmək istəyirik! - FOTOLAR
4404baxış

BBC telekanalında hava haqqında məlumatı hərdən bir qolu olmayan qız təqdim edir. Düzü, kanal istəsəydi, o qızı protezli də ekrana çıxara bilərdi, amma bu nüfuzlu kanalın cəmiyyətə bir jesti, həm də bütün insanlara bərabər münasibətin təbliğidir.

Sevda Səfərəliyeva  ali təhsilli  iqtisadçıdır. İllərdir, işlə bağlı çətinlik yaşasa da, işləmək üçün can atıb və son işini də özü tapıb . Hazırda özəl şirkətlərindən birində tərcüməçi kimi işləyir. Əlil arabasından(təkərli stildan) istifadə edən Sevda xanım işini evdən görür, səbəbini bildiniz yəqin. Özünün də dediyi kimi, əməkdaşlıq etdiyi şirkət şəhərin gözəl müasir binasında yerləşsə də, orada onun üçün münasib iş şəraiti yoxdur.  Sevda xanımın işə hər gün nəqliyyatla(əlilliyi olan insanların əsas problemi)  getməyi, binaya daxil olması üçün problemlər var. Bu səbəbdən işini evdən görür.  Sevda xanımın sözlərinə görə, hazırda əlillərin işlə təminatı ilə bağlı çox qanun boşluqları, əngəllər var. Əsas problem 1-ci qrup əlilliyi olan şəxslərin işə götürülməsindən imtinadır. Qanun və qaydalar bir -birinə ziddir. “Məsələn, əlilliyin təyin olunması meyarlarında müvafiq iş şəraitində 1-ci qrup əlilliyi olan şəxslərin işləməsinə yol verilir. Birinci dərəcə əlillik, xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, eyni zamanda xəstənin daimi olaraq kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olsun. Məhdudiyyətləri və ya funksiya pozğunluqlarının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlilliyi olan  şəxs, xüsusi əmək şəraiti yaradılmış istehsalat, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər, amma təcrübədə əmək müfəttişliyi 1-ci qrup əlilliyi olan şəxslərin kənar köməyə ehtiyacı olmasını əldə bayraq tutub şirkət və digər iş sahiblərini onları işə götürməyə qoymur. Zehni əməklə və ya əl əməyi ilə məşğul olan şəxsin əmək hüququnun pozulması diskriminasiyadır. Deyirlər ki,  əlilliyi olan şəxslər işləmək istəmir, cəmiyyətə qarışmır utanırlar, çəkinirllər. Belə deyil, sadəcə onlar üçün şərait yoxdur, qanunlar onlara kömək etməlidir, icra mexanizmi əskikdir deyə, problem mövcuddur. Digər məqam, 1-ci qrup əlilliyi olan şəxs məşğulluq mərkəzinə özünüməşğulluq proqramına qoşulmaq üçün müraciət edir, amma idarə daxil ola bilmir, idarənin rəisləri də belə insanlara laqeyd, bəzən də  ciddi kobudluqla yanaşırlar.  

Bir məsələ də var. Məsələn, kvota qoyulub. Həmin kvotalar üzrə iş yerlərinin əlilliyi olan şəxslərin ehtiyaclarına uyğun olub olmamasını heç kim yoxlamır. Yəni konkret bir konsepsiya qaydalar, normativlər belə yoxdur. 2015-ci ildə ABŞ-da ADA-nın(The Americans with Disabilities Act) proqramının iştirakçısı kimi səfərdə oldum. ABŞ-da əlilliyi olan şəxslərin gündəlik həyatı ilə yaxından tanış olmaq şansım oldu, təcrübə qazandım. ABŞ-da 1990-cı ildə əlilliyi olan insanar üçün qanun qəbul olunub, ölkədə yollar, səkilər, ictimai nəqliyyat, iş yerləri, infrastruktur obyektləri belə insanlar üçün uyğunlaşdırılıb, yenidən qurulub. Texnologiyalar görmə, eşitmə, danişma məhduddiyyəti olan şəxslərin ünsiyyətini asanlaşdırır. İşləmək istəyən, buyursun işləsin.”

Sevda xanımın fikrincə, Azərbaycanın hansısa xarici ölkə modeli və təcrübəsindən istifadəsi zəruridir. “Bizdə problemlərin əsas həlli əlilliyin dərkidir, ardınca infrastrukturun əlilliyi olan insanlara uyğun qurulmaması, kvotanın işlək olmamasına əncam çəkilməsidir. “Dövlət qulluğunda kvota yoxdur, ümidimiz qalır özəl şirkətlərə. Şirkətlər də məcburiyyət qarşısında işə götürdüyü üçün uyğun, standartlara uyğun şərait yarada bilmir. Binalar tikilir, sonra bizi fikirləşirlər. İndi də başqa gözləntilər var. DOST xidməti aprel ayında rəsmi şəkildə işə başlayır. Amma bu vaxta qədər hər hansı vakansiyanı görməmişəm, orada işləyənlərin nə qədəri əlilliyi olan insan olacaq bilinmir, bu heç nəzərdə tutulubmu, işçilərin ştata götürülməsi məsələsi qaranlıq qalıb.”

Qeyd: DOST(Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi ƏƏSMN( Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi) və Prezident yanında Vətəndaşlara Xidmət və sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasındakı qarşılıqlı əməkdaşlıq əsasında yaradılıb. Ölkə rəhbərinin “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası əsasında qurulub.  

 

Bəs peşəsi olmayan əlilliyi olan insanlar  nə etməlidir?

Cəmiyyətdə əlilliyi olan insanlara baxışlardan tutmuş, yaradılmayan imkanlara qədər kifayət qədər problem hökm sürür. Ən pisi də onların bu vəziyyətinə biganə qalan səriştə sahibləridir. Əlilliyi olan insanlara görə, əlillik həmin insanların elə düşüncələrindədir. Əvvəlcə bu “əlilliy”i aradan qaldırmaq gərəkdir.

Qarabağ qazisi, eləcə də əlilliyi olan uşaq atası Əhməd Rəhmanov  isə başqa məqamlara dair fikirlərini bölüşüb. “Mən özünüməşğulluq proqramından  başlamaq istərdim. Birinci bosluq- ünvanlı sosial muavinat alanlarla bağlıdır. Əgər  özünüməsgulluqla bağlı ərizə verirsənsə, sosial muavinat o andan dayanır, ərizəyə baxilma isə bəzən 1 il çəkir. Əgər ərizə qəbul olundusa,  2 ay ən azından pulun ayrılması və avadanlığın alınması üçün sərf olunur.  Bu günki vəziyyətdə sağlam rəqabət olmayan yerdə özünüməşğulluq proqramına qoşulanın sonrası da tam bəlli olmur. Bir də özünüməşğulluq proqramından ancaq maddi bazası olan əlil yararlana bilir ki, həmin o gözləmə dövründə  o da ailəsini hansı pulla saxlaya bilər? Mənə maraqlı gələn məsələlərdən biri isə, illərdir iş yerlərində əlilliyi olan insanlar üçün  kvotanın  qoyulmasına baxmayaraq, bu vaxta qədər bu şərtlə işləyən könüllü təşkilat, şirkətlər görmüsünüzmü? Yaxud müvafiq nazirlik haranı, nə vaxt və nə qədər cərimə etməsi barədə hər hası rəsmi məlumat verilməyib.Ölkədə cəmi bir əlilliyi olan insanlar üçün reablitasiya mərkəzi var, oradan da 30 yaşa qədər insan yararlana bilir. Sual olunur, bu yaşa qədər əlilliyi olan insana peşə lazım deyil? Axı insanlar əlilliyi sonradan da qazana bilir, bəzən aldığı təhsil onun ixtisası üzrə işləməsinə yol vermir, yeni sahəni seçmək məcburiyyətində qalır. İşsiz kimi qeydiyyatda dayanan və elekron müraciət edənlərin iş tapması isə qeyri-mümkündür.Səbəbini  bilirsiz.”

 Məlumat üçün deyək ki, ƏƏSMN-nin elektron səhifəsində işsiz və işaxtaran kimi elekron müraciətlə qeydiyyatda durmaq olur. Vurğulandığı kimi, elektron müraciətdə əlilliklə bağlı qeyd olmalıdır . Bunu görən işəgötürən təbii ki, həmin şəxsin  peşəkar və mütəxəsis olmasından çox, onun “əlillik” dərəcəsinə görə iş verməkdən vaz keçəcək.

Müsahibin qeyd etdiyi, peşəyə yiyələnmə məsələsinə gəlincə, “İşsizlikdən sığorta haqqında” Qanunda (2018)  bir daha  vurğulanır ki,  “Məşğulluq haqqında”  Qanuna əsasən işaxtaran kimi qeydiyyata alınmış və işsiz statusu almış şəxslər üçün aşağıda nəzərdə tutulan aktiv tədbirlər: peşə hazırlığının verilməsi, əmək yarmarkalarının təşkili, özünüməşğulluqla bağlı məsləhətlərin təşkili və bağqa  fəaliyyət həyata keçirilməlidir. Qanunda bütün tələblər səliqə ilə qeyd olunub.

Azərbaycanda hazırda bir neçə peşə hazırlığı məktəbləri olsa da, əlilliyi olan şəxlər üçün yeganə müəsisə Ramana qəsəbəsində yerləşən Dövlət Sosial Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin reablitasiya  Mərkəzidir. Mərkəzə xüsusi gönədrişlə 15-29 yaş arası şəxslər qəbul olunur, bu günə qədər ( 2013-cü ildə yeniləndikdən sonra) 1500-dən çox gəncə dəstək verib. Mərkəzin direktori Rəhilə Həsrətovanın verdiyi məlumata görə, burada  10-a yaxın peşə öyrədilir. Dərnəklər var, Mərkəzi ziyarətim zamanı  gənclərlə söhbətdən məlum olur ki, bura neçə-neçə əlilliyi olan gəncin arzularını reallaşdırıb, psixoloji güc tapıb yeniləniblər.  Hətta onlar arasında özünü tanıdan, öz ailəsinin büdcəsini yaradan insanlar  da var. ABAD-la işləyən əlilliyi olan şəxslər artıq müstəqil fəaliyyət  göstərirlər.

Təəssüf ki,  əlilliyi olan insanlar  üçün  yalnız bu mərkəz fəaliyyət göstərir. Müsahubim Əhməd Rəhmənov da vurğuladığı kimi, orada da yaş limiti bəzi insanların yenidən peşəyə yiyələnməsinə imkan vermir. Hər şey qalır, ayrı-ayrı keçirilən təlimlərin ümidinə.

Kvotaya görə cəzalanan işəgötürən gördünüzümü?

Ötən il “Əlilliyi olan İnsanların hüquqlarının Müdafiəsi” haqqında Qanun yeniləndi və qüvvəyə mindi. Bir qrup ekspertlərin fikrincə, qanununu normal hesab etmək olar. Qanunun 1-ci maddəsi  peşə-əmək reabilitasiyası - əlilliyi olan şəxsin peşə seçiminə, əvvəlki və ya yeni peşədə əmək qabiliyyətinin qaytarılması məqsədi ilə zəifləmiş, yaxud itirilmiş funksiyasının bərpa edilməsinə və ya onun yeni peşəyə uyğunlaşdırılmasına yönəldilmiş tədbirlər sistemi, maddədə isə əlilliyi olan şəxslərə müyəssərlik - iş, təhsil, səhiyyə və digər sosial mühitin, ictimai, nəqliyyat və kommersiya infrastrukturunun əlilliyi olan şəxslərin xüsusiyyətlərinə uyğunluğu; 20- 22-ci maddələr isə  əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığ,  məşğulluğunun təmin edilməsini diqtə edir.  “Məşğulluq haqqında” Qanununa uyğun olaraq, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə və təşkilatlarda kvota müəyyən edilir. Kvota( kvota şamil olunmayan müəsisələr istisna olmaqla) müəyyən edilmiş iş yerlərinə əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə işə qəbul edilirlər. Əvvəlki qanunda da olduğu kimi, yeni qanun da əlilliyi olan şəxsləri  iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş məsuliyyət daşıyırlar. “Məşğulluq” haqqında qanuna görə, kvota – sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin edilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən işəgötürənlər üçün müəyyən edilmiş iş yerlərinin (işçilərin) minimum sayıdır.  

Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli Qərarı ilə "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası" təsdiq edilib.Bu kateqoriyaya- məcburi köçkünlər, müharibə veteranları, əlilliyi olan uşaqları tərbiyə edən qadınlar, şəhid ailələri və başqa həyat şəraiti çətin olan insanlardır.  Həmin Qaydaya əsasən, işçilərin sayı 25-dən 50-dək olan müəssisələrdə kvotanın miqdarı işçilərin orta illik siyahı sayının 3 faizi, 50-dən 100-dək olan müəssisələrdə kvotanın miqdarı işçilərin orta illik siyahı sayının 4 faizi, 100-dən çox olan müəssisələrdə kvotanın miqdarı işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında müəyyən edilir. Bütün hallarda müəyyən edilmiş kvota yerlərinin 50 faizi əlillər üçün nəzərdə tutulur.

Kvota üzrə müəyyən olunan iş yerlərinə qəbul etməyənlər cərimə olunurlar. Bu cərimənin məbləği 1500 manatdan 2000 manatadəkdir. Təəssüf ki, pulla cəzalandırılan hər hansı şirkət, obyekt adını çəkmək olmur, çünki bu mexanizm praktikada yoxdur və ya bunun statistikası aparılmır!

“Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzinin rəhbəri  Aydın Xəlilovla söhbətdə o bildirib ki, təşkilat illərdir əlilliyi olan gənclər üçün müxtəlif istiqamətdə dəstək proqramları həyata keçirir. Yeni qəbul olunmuş qanunu şərh edən ekspert bildirib ki,  qanun qüvvəyə minib, bitib. Amma bu hələ başlancıqdır. Müvafiq fəaliyyət planı olmalıdır, qanun dəyişsə də, hələlik ciddi addımlar atılmayıb. Kvotalarla bağlı cərimələr artırılıb, amma bu məsələ də tam həllini tapmayıb. İşəgötürənlər qaydaları tam mənimsəməyib, azca tərpəniş olsa da, yenə də bunun icra mexanizmi tam yoxdur.  Kvota postsovet ölkələrində tətbiq edilir. Bizdə hələ də dövlət müəsisələrində(kvotaya daxil deyil) yox, özəl şirkətlərdə qismən buna əməl edirlər. Bizim təşkilatın British Councıl-la(aparıcı neft şirkətinin maliyyələşdirdiyi) birgə layihəmiz vardı, səylərimiz nəticəsində 100-ə yaxın çox əlilliyi olan gənclərə təlim keçildi, bir hissəsi aparıcı şirkətlərdə işlə təmin olundu. Xaricdə işəgörüən vergilərdən azad olunur, əlliyi olan insanlara verdiyi dəstəyi qiymətləndirilir. Dövlət məşğulluq xidmətlərinin təklif etdiyi işlər əlliyi olan insanlar üçün demək olar ki, uyğun olmur. Əmək haqqının olması, işçi üçün münasib iş şəraitinin olmaması... Böyük sosial siyasət aparılmalııdr, məlumatlı, beynəlxalq təcrübəyə malik mütəxəsislər, ekspertlərlə ictimai müzakirələr aparılmalıdır. Sorğular keçirilməlidir. Heç olmazsa şirkətlər əlilliyi olan şəxslərə korporativ sosial məsuliyyət layihələri daxilində iş versinlər.Təəssf ki, hələ ki, vəziyyəti ürəkaçan hesab etmək olmaz”.

Əlilliyi olan insanların əl işlərinin internet satışı ilə məşğul olan HandArt sosial biznes layihəsinin müəllifi, motivator, təlimçi Murad Məmmədov da xarici təşkilatın icra etdiyi “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarnın artırılması layihəsindən” bəhrələnib. “Təlim sonrası imtahan verdim, banklardan birind işə qəbul olundum və konsultant kimi işlə təmin olundum. Onun sözlərinə görə, ümumiyyətlə hər yerdə təqdim olunan kvotada say azlığı var. “ Bundan başqa əlilliyi olan şəxslərə qarşı işəgötürənlərin güclü sterotipləri var. Cəzalar daha ciddi şəkil almalıdır. Dövlət də bizim kimi insanları işəgötürənlərə güzəştlər etməlidir ki, onlar qarşısında da tələblər qoysun. Digər məqam əlilliyi olan şəxslər arasında kadr azlığı da var, onların peşə hazırlığı və ali təhsil alması üçün imkanlar yaradılmalıdır, inklüziv təhsilə baş vurulmalıdır.” Bu yaxında Almaniyada təcrübə məqsədiylə səfərdə olan Murad deyib ki, Almaniyada əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması üçün bir çox təşkilatlar işləyir, onlara dövlət tərəfindən də dəstək verilir. Dövlət və ictimai qurumlar arasında sağlam körpü olmadan birgə uğurlar qazanmaq mümkünsüzdür.”

Müsahiblərin bəhs etdiyi  və əlillərə dəstək layihəsini maliyyələşdirən nüfuzlu əcnəbi neft şirkətindən verilən məlumata görə,  icra olunan birillik layihə uğurla başa çatıb. 2018-cu ilin sonunda bitən layihədə (ümumi dəyəri 400 min manat)  86 əlilliyi olan şəxsə  təlimlər keçirilib, 22 nəfər işlə təmin olunub, bir hissəsinin peşə və ixtisaslaşmasına dəstək verilib, həmçinin iştirakçılar arasından seçilənlər həmin nefy şirkətin təcrübəli heyətindən təcrübə qazanma  imkanını əldə ediblər. Layihənin planına uyğun olaraq 40-a yaxın işəgötürən təşkilatla birgə əmək yarmarkaları, forumlar da təşkil olunub. Müvafiq nazirlik və Dövlət Məşğulluq Mərkəzləri ilə əməkdaşlıq çərçivəsində icra olunan layihənin davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2018-ci ilin dekabrında  ƏƏSMN və BMT-nin İnkişaf Proqramı (BMTİP) da Azərbaycanda inkluziv iqtisadi inkişaf və xüsusilə əlilliyi olan insanlar üçün biznes imkanlarının yaradılması məqsədli layihəyə başlayıblar.

Beş il müddətində davam edəcək “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” adlı texniki yardım layihəsinin məqsədi əhalinin həssas təbəqələrindən olan işsiz şəxslərin potensialını artırmaq və onların formal əmək bazarında məhsuldar məşğulluğu üçün imkanlar yaratmaqdır.

Ekspertlər ən əvvəl əlilliyin dərkindən yanadırlar

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, Azərbaycanın rəqabətli əmək bazarında əlilliyi olan şəxslərin hamı ilə bərabər işləməsi üçün uyğun iş şəraiti təşkil olunmayıb, əlillər üçün müasir infrastruktur nəzərdə tutulmayıb, panduslar yoxdur. S.Məmmədov fikrincə, şəhər infrastrukturu hələ də əlilliyi olan şəxslər üçün nəzərdə tutulmayıb: "Ona görə də əlilliyi olan şəxslərin iş tapması çox çətindir. Ölkədə yarım milyondan çox əlilliyi olan şəxs var. İşləyən əlilliyi olan insanların sayı 10-15%-dən çox deyil. Yeni qanunun tətbiq mexanizmləri yox dərəcəsindədir. Məsələn iş kvotasının icra mexanimi yoxdur və qanun qüvvəyə minəndən sonra hər hansı dəyişiklik yoxdur. Müyəssərlik təmin olunmayınca, bu mümkün olan məsələ deyil. Qanunda əlilliyi olanların aktiv dəstəklənməsi üçün mexanizmlər də yoxdur. Ənnənəvi passiv dəstək elementləri var.  Bir də əlilliyi olan insanlara münasibəti elə onlara davranışdan başlamaq lazımdır! Stereotiplər yaradan kəlmələrdən, təhqiredici sözlərdən istifadə yolverilməzdir. Misal üçün: “ağıldan kəm”, “şikəst”, “qüsurlu” kimi sözlərdən istifadə etməməliyik.”

Ekspertin sözlərinə görə, əlilliyi olan şəxslər üçün qanunvericilkdə imtiyazlar nəzərdə tutulub: "Sağlam insanlara 21 gün, əlillərə 41 gün məzuniyyət verilir. Bu da işəgötürənlərə sərf etmir. Xarici dövlətlərdə bu məsələni işəgötürənlər deyil, müvafiq orqanlar, fondlar həll edir. Onlara verilən əlavə vəsaitin xərci həmin fond hesabına ödənilir. Ona görə də bizdə işəgötürənlər əlilliyi olan şəxsləri işə götürməkdən uzaq dururlar. “Münasib iş yoxdur" deyib başlarından edirlər”.

Hüquqşünas Səməd Vəkilov da bildirib  ki, əlilliyi olan insanlarla  bağlı qanunvericilikdə  kvotanın ayrılması nəzərdə tutulsa da, gerçəklikdə bu kvotanın ayrılması sahəsində heç bir monitorinq aparılmır. “Məşğulluq idarələrində iş yerləri tərəfindən vakansiyalar verilən zaman bu kateqoriyadan olan insanların məşğulluğu ilə bağlı məsələlər öz həllini tapmır. Təklif edirəm ki, əlilliyi olan insanların   məşğulluğunun təmin edilməsi ilə bağlı yol verilmiş pozuntulara dair inzibati məsuliyyət müəyyən edilsin.”

 

 

Raminə Eyvazqızı