“Vətən daşı” olan Aqil Abbas...
Mən Aqil Abbası "kəşf edib" tanıyandan sonra necə deyərlər, mat qalmışam.
Bu da, mən deyərdim ki, ondakı tükənməz enerjidir. İlk baxışda sakit təbiətli, bəlkə də biraz qaraqabaq görünən Aqil Abbas hansısa bir mövzu ətrafında danışanda onu tanımaq olmur. Sanki yüz faiz dəyişir. Tamamilə başqa bir adam olur: çılğın, emosiyalı. Və belə bir vaxtda ona diqqətlə qulaq asmamaq, gətirdiyi arqumentlərə diqqət kəsilməmək mümkün deyil...
Aqil Abbasın titullarını saymaqla qurtarmır. Yazıçı, naşir, kinossenarist, millət vəkili. Və yazımın əvvəlində qeyd etdiyim kimi, mənə ən çox qəribə gələn də, onun bu işlərin öhdəsindən necə gəlməsidir.
Aqil Abbasın təsisçisi və baş məsləhətçisi olduğu “Ədalət" qəzetinin daimi oxucusuyam. Həyat yoldaşı, dahi şair Məmməd Arazın qızı, dəyərli ziyalı İradə xanım Tuncay "Ədalət" qəzetində mənim də şeirlərimi dəfələrlə dərc edir.
Aqil müəllimin bugünkü gənc nəsilə əvəzsiz qayğı və diqqətini də xüsusi qeyd etmək lazımdır. Ədəbi mühitdə ilk addımlarını atan mənim kimi neçə-neçə gəncin arxasıdır, dayağıdır, Aqil Abbas...
Bir çox tələblərin xarici ölkələrdə təhsil almasına, gənc şairlərin kitablarının dərc olmasına həmişə Aqil müəllim kömək edib. Qazandığı halal çörəyini kasıblarla, kimsəsizlərlə yeyir, son tikəsini belə onlarla bölür.
"Ədalət" qəzetinin səhifələrində gözüm ilk növbədə onun imzası olan yazıları axtarır. Bilirsiniz niyə?!
Ona görə ki, Aqil müəllim adi mövzudan yazmır. Toxunduğu mövzu minlərlə insanı düşündürən, narahat edən məsələlərdir.
Aqil Abbas bu mövzuları öz baxış prizmasından elə şərh edir, elə nəticələr ortaya qoyur ki, hər bir oxucu ürəyində "əhsən"deyir.
Aqil Abbas qələminin gücü də elə bundadır.
Aqil Abbas əsl vətənpərvər ziyalıdır.
Və bu keyfiyyət onun bütün yaradıcılığından demək olar ki, qırmızı xətlə keçir. Kimsə haqsız "hücumlara" məruz qaldısa bu işə bəlkə də ən birinci münasibət Aqil Abbasdan gəlir. Tutarlı faktlarla, dəlillərlə kiməsə qarşı edilən haqsız fikirləri heçə endirir.
Hamımız kimi, Aqil Abbasın da dünyanın özü boyda Qarabağ dərdi var.
Doğulub boya-boşa çatdığı Qarabağ torpaqlarının işğal altında olmasına dözə bilmir. Mən Aqil Abbasın ssenari müəllifi olduğu "Dolu" filminə dəfələrlə baxmışam. Bu film gənclərimiz üçün əsl vətənpərvərlik məktəbidir.
Vətənin qeyrətli, torpaq, yurd yolunda şirin canından "uf" demədən keçməyi bacaran qəhrəman oğul və qızlarımızın hünər yoluna işıq salmaq, onları xalqa tanıtdırmaq Aqil Abbasın ən müqəddəs mövzusudur.
Onun bütün yaradıcılığı sanki bu mövzuya "köklənib".
Böyük şairimiz Məmməd Araz yada düşür:
- Vətən daşı olmayandan,
Olmaz ölkə vətəndaşı...
Biz gənclərin sevimli yazıçısı Aqil Abbas əsl " Vətən daşı"dır.
Fuad Biləsuvarlı,
AYB üzvü, Prezident mükafatçısı