\
22 Noyabr 2024 - Cümə

Azərbaycan atalar sözlərində və el məsəllərində qadınlar niyə aşağılanır?! - ARAŞDIRMA

Azərbaycan atalar sözlərində və el məsəllərində qadınlar niyə aşağılanır?! - ARAŞDIRMA
1142baxış

Hüququn bitdiyi nöqtə

Müasir dövrdə gender bərabərliyi adı altında qadınların hüquqları daha da məhdudlaşdırılır. Əvəzində vəzifələri artırılır. Əgər keçmişdə evdar qadın olmaq normal sayılırdısa, indi işləmək, sosial fəaliyyətlə məşğul olmaq dəb halını alıb. Əslində, keçmişin qadınının ev işləri sələfinin bütün işlərindən qat-qat ağır olub. Bununla belə, çağdaş dövrün qadını da ev işləri ilə yanaşı, ailənin maddi yükünü kişilərlə çiyin-çiyinə daşımağı özünə vəzifə sayır. Demək olar ki, qadın sutkanın böyük bir hissəsini işləməklə məşğul olur: ev işləri, çöl işləri, uşağa qulluq, ərə xidmət və sair. Onun istirahəti isə ərinin təbii istəklərini ödədiyi vaxtla məhdudlaşır. Bu zaman gücü tükənmiş qadın əsasən cinsi təcavüzə məruz qalmış olur. Və ya ən yaxşı halda hamilə qalmaqla öz yükünü artırmış olur. Qəribədir ki, ailənin dincəlmək, yemək, yatmaq kimi istirahət elementlərinin təşkili də birbaşa qadının vəzifəsi sayılır. Sadə dildə desək, ailəliklə süfrə arxasında oturmaq, yatmaq, yaxud səyahətə çıxmaq üçün qadın, sözün hər mənasında hazırlıq görməlidir. Halbuki, kişilərin vəzifələri ailənin maddi durumunu təmin etmək üçün evdən kənarda işləməklə məhdudlaşır. Hüquqları isə günortaya qədər itirilmiş enerjinin gün boyu, təkrar edirəm, gün boyu bərpası ilə məşğul olmaq qədər genişdir. Ağsaqqal nəsihətləri, ağbirçək xeyir duaları, həmçinin el məsəlləri, atalar sözləri və başqa folklor nümunələri də kişilərin hüquq və vəzifələrinin sərhədini açıq-aydın bəlli edir. Heç təsadüfi deyil ki, kişilərin ev işləri ilə məşğul olmaları əsrlər boyu birmənalı şəkildə pislənib. Əksinə, ailədə hamıya onların istirahətinə xidmət etmək tövsiyə olunub. Bu baxımdan kişilərin ailə rəhbəri statusuna malik olmaları da təsadüf sayıla bilməz. Belə ki, dinimizdə də kainatın dolayısı ilə kişilərə xidmət etməsi üçün yaradıldığı fikri təlqin olunur. Dini rəvayətlərə inansaq, bütövlükdə təbiət, səma, ulduzlar insana xidmət etmək üçün xəlq edilib. İlk insan isə Adəmdən ibarət olub və sonradan onun qabırğasından Həvva yaranıb. Qadınların sonrakı dövrlərdə də “qabırğa” statusuna malik olmaları bütövlükdə kişinin Tanrı tərəfindən seçilmiş bir varlıq olduğu ideyasına xidmət edir. Və ya bir başqa dini fərziyyəyə görə, insanların cənnətdən qovulmaları Həvvanın Adəmi günaha sövq etməsinə bağlıdır. Guya ilk qadın ilk kişini yoldan çıxararaq onu cənnət meyvəsini oğurlamağa təhrik edib ki, nəticədə bütün insanlıq əbədiyyətə qədər bu günahın cəzasını çəkməli olub. Belə çıxır ki, qadınlara qarşı inamsızlığın, diskriminasiyanın kökündə İlahi ədalət prinsipi durur. Heç şübhəsiz, XXI əsrin insanları kimi biz həyatımızı sağlam məntiqə söykənməyən absurd fərziyyələrə, rəngarəng nağıllara, subyektiv maraqlara xidmət edən ideologiyalara əsasən qura bilmərik.

Biz beş duyğu orqanına malik olan varlıqları insan adlandırırıq. Bu orqanlardan alınan siqnallarla şüurlu şəkildə dərk edirik ki, cinsiyyətindən asılı olmayaraq insan ən ali canlıdır. Çünki şüurludur. Bununla belə, şüurlu olduğu üçün ən yırtıcı, qaniçən canlı da elə insan sayılır. Bəlkə elə buna görədir ki, insanlar bir olan həqiqəti müxtəlif cür dərk edir, öz yırtıcı maraqlarına xidmət edirlər? “Adam kişi olar” deyimini də eyni məntiqin fəsadı adlandıra bilərik. Az qala aksioma çevrilən bu fikir çoxdandır el məsəli statusunu alıb. Göründüyü kimi, patriarxal düşüncə tərzinə malik olan cəmiyyət qadını adam yerinə qoymaqdan qorxur. Halbuki qadın anadır və insan nəslini davam etdirən, onu yaşadan yeganə varlıqdır. Bəli, qadın sevgini yaradır, yaşadır, bu sevgidən dünyaya övlad gətirir, onu böyüdür, bir sözlə, ailənin bütün yükünü sevə-sevə zərif çiyinlərində daşıyır. Lakin buna baxmayaraq, tənələrə, qınaqlara, hər cür ayrı-seçkiliklərə məruz qalan da elə odur. Qəribədir ki, bu, bütün dövrlərdə belə olub və analoji tendensiya müasir zamanda da davam edir. Hətta milli-mənəvi dəyərlərimizi formalaşdıran folklor nümunələrimiz də qadınların hüquqlarının diskriminasiyasına xidmət edir. Atalar sözləri və el məsəlləri də istisna deyil. Azərbaycan folklorunda elə bir nümunə tapmaq olmaz ki, zərif cinsin nümayəndələrini qadınlıq missiyasına görə aşağılamasın.

Atalar sözləri

“Qızını döyməyən dizini döyər” atalar sözündən göründüyü kimi, bu halda söhbət qız övladının tərbiyə almasından deyil, heyvan kimi əhliləşdirilməsindən gedir. “Ərsiz arvad yüyənsiz at kimidir” məsəli də eyni münasibətdən xəbər verir. Yeganə fərq ondadır ki, ikinci nümunədə kişi atı idarə edən çapar kimi təqdim edilir, ərsiz arvad isə idarə olunmayan ata bənzədilir. “Yüyürək at özünə qamçı vurdurmaz” deyimi də eyni məntiqin təsdiqinə xidmət edir. Qadınları dördayaqlı canlılarla eyniləşdirən misallar bununla bitmir. Sizə təqdim edəcəyim növbəti nümunə, fikrimcə, ən bayağı, bayağı olduğu qədər də mənəviyyata zidd olanıdır. Bu atalar sözünün müəllifi şəxsən mən olmasam da, bir ata kimi əfvinizə sığınaraq onu sizlərə təqdim edirəm: “Anası gəzən ağacı balası budaq-budaq gəzər”. Göründüyü kimi, mövcud nümunədə qadınların əxlaqı şübhə altına alınır. Deməli, onu atalar sözündən çox atmaca adlandırmaq olar. Digər tərəfdən, qadın bu halda insandan çox insanabənzərə oxşadılır. Elimizdə belə bir deyim də var: “Qız uçar quşdur”. Quşun budaqdan-budağa qonduğunu nəzərə alsaq, bu məsəlin də birmənalı səslənmədiyini anlaya bilərik. Ağacdan söz düşmüşkən, “Qız ağacı, qoz ağacı” el məsəlini də yada salmaq yerinə düşərdi. Bu ifadədə qoz ağacının məhsulunu daş atmaqla əldə etmək nəzərdə tutulur. Belə çıxır ki, qızın bostanına daş atmaq normal haldır. Nəzərə alsaq ki, çürük qoz bənzətməsi də dilimizdə çox işlənilir, el məsəlinin sətiraltı mənasında gizlənən atmacanı açıq-aydın anlaya bilərik. Gələcəyin analarına bu cür münasibət, fikrimcə, mövcud el məsəlinin müəllifi olan xalqa başucalığı gətirməz. Folklor nümunələrimizdə qadınların təbiət obyektlərinə bəzədilmə hallarına çox rast gəlmək olar. Onlar asanlıqla flora, fauna nümunələri ilə uyğunlaşdırılır, həm də sözün neqativ mənasında. Lakin mənəvi terror bununla bitmir. Daha çox məişətdə istifadə olunan “Gəlin evin süpürgəsidir” deyimi birbaşa qadın məfhumuna ünvanlanmasa da, gəlinin də qadın olduğunu nəzərə alsaq və ya qızların gələcəkdə gəlin olacağını düşünsək, bu ifadəni də bütövlükdə xanımlar üçün təhqir kimi qəbul edə bilərik. Axı ailənin fiziki və mənəvi təmizliyini təmin edən bir varlığı daim zibil içində olan əşyaya necə bənzətmək olar? Hətta ifadədə süpürgənin bir əşya kimi qoyulan yerdə qalması nəzərdə tutulsa belə, bu əşyanın funksiyasını nəzərə alaraq mövcud yanaşmanı çirkab düşüncənin məhsulu kimi qəbul etməliyik. “Qızım, sənə deyirəm, gəlinim, sən eşit” el məsəli ilk baxışdan ibrətamiz müraciətə bənzəyir. Lakin dərindən təhlil etdikdə, görmək olur ki, bu, sadə bir müraciət deyil, birbaşa gəlinə tutulan iraddır. Belə çıxır ki, gəlinlər məsləhətlə deyil, atmacalarla başa salınmalıdır. El məsəli təkcə bu mənada işlədilməsə də, cümlədə məhz qadın cinsinin nümayəndəsinin adının hallanması kişilərin onlardan daha ağıllı olmasına işarədir. “Arvad dediyini etsən, bərbad olar” məsəli də eyni məntiqin təsdiqinə xidmət edir. Halbuki, bu, fərdi məsələdir və bunu birmənalı şəkildə qəbul etmək olmaz. Ümumiyyətlə, bir çox folklor nümunəsində qadın zərif deyil, zəif məxluq kimi təqdim edilir. Qadınların fiziki cəhətdən kişilərə nisbətən zəif olduqlarını qəbul etsək belə, bu məntiqin nəticəsində onların qayğı ilə əhatə olunduqlarını deyil, məhz qınağa tuş gəldiklərini görürük. Məsələn: “Analı qızın özü böyüyər, anasız qızın sözü böyüyər” məsəli birmənalı şəkildə yetim qızların immunitetsizliyindən xəbər verir. Xatırladım ki, hətta əxlaqı şübhə altında olan oğlanlar haqqında bu cür sərt ittihamlar səsləndirilmir. Halbuki, qadın heç də zəif deyil. Evin, çölün, ailənin bütün işləri onların zərif çiyinlərindədir. Bunu dəyərləndirmək əvəzinə biz əsrlər boyu onları inandırmağa çalışmışıq ki, bu, belə də olmalıdır. Atalar sözündə deyildiyi kimi: “Qız evlərdə tanınar, ipək dəzgahda”. Mövcud nümunədə qız ipəyə bənzədilsə də, məhz dəzgahda kəsib doğranılma, yəni istismara dözümlülük xüsusiyyətlərinə görə qiymətləndirilir. Digər bir ifadədə isə qadınlar ümumiyyətlə bez parçasına tay tutulur. “Anasına bax qızını al, qırağına bax bezini al”. Ataların fantaziyası bununla bitmir. Onların sözlərinə inansaq, yəni atalar sözlərinə etibar etsək, qadın hər zaman kişilər üçün ən ağır yük olub. “Qız yükü, duz yükü” məsəli az qala ailələri qızlardan imtina etməyə bir çağırışdır. Yəni qız ərə getmədikcə valideynlər üçün ciddi problemə, başağrısına çevrilir.  Bu məsəli qızlara veriləcək cehizin ağırlığı kimi də yozanlar var. Hətta belə düşünənlərlə razılaşsaq da, ortalığa haqlı bir sual çıxır: “niyə oğlanlara çəkiləcək xərclər dilə gətirilmir?” Sadaladığımız atalar sözlərində, el məsəllərində yeganə bir nümunə var ki, nisbətən qadınlara dəyər verir: “Qız qala-qala qızıla dönər”. Ancaq təəssüf ki, bu da acı bir təsəllidən başqa heç nəyə bənzəmir. Axı Mendeleyev cədvəlindəki kimyəvi elementlər zaman keçdikcə tərkibini dəyişib qızıla çevrilə bilmirlər. İnanın ki, heç olmasa sonuncu atalar sözündə qız əvvəldən axıradək qızıl kimi təqdim olunsaydı, bu məqalə də qələmə alınmazdı. Amma təəssüf ki, bizim qadınlara qarşı düşüncə tərzimiz tarix boyu dəyişməyib və dəyişməz olaraq qalır. Hətta milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan çoxəsrlik folklor nümunələrində rəsmiləşdirilib. Təbii olaraq, ortalığa belə bir sual çıxır: “Görəsən, təkcə bizmi belə düşünürük?” Dünya xalqlarının folklor nümunələrinə nəzər saldıqda, Marsdan gəlmədiyimizi görmək olar. Sən demə, onlarda da qadınlara münasibət müvafiq deyil.

Dünya qadını, qadın dünyası

BMT-nin Əhali Fondunun rəhbərliyi altında Norveçin Xarici İşlər Nazirliyinin Maliyyə Dəstəyi ilə həyata keçirilən “Gender Əsaslı Zorakılıqla Mübarizə” layihəsi çərçivəsində hazırlanmış təlim vəsaitində bunun bir daha şahidi oluruq.

“Kişilər qızıl, qadınlar isə geyim əşyasıdır” (Kamboca zərb-məsəli): bu o deməkdir ki, qadınlar geyim əşyası kimi cinsi əlaqə nəticəsində çox asan ləkələnə bilirlər, kişilər isə bir neçə dəfə cinsi əlaqədə olsalar belə, hər dəfə qızıl kimi daha da parıldayırlar.
“Eybəcər qadınların ərləri həmişə oyananda qorxurlar” (Braziliya zərb-məsəli): bu o deməkdir ki, kişilər gözəl olmayan qadınlar haqqında pis fikirdədirlər.
“Qadınlar duker (balacaboylu antilop növü) peyini kimidirlər” (Zambiyanın bembalılar tayfasının atalar sözü): bu o deməkdir ki, qadınların sayı duker peyini qədər çoxdur; arvadınız sözünüzə baxmadıqda atın bayıra, başqasını tapın.
“Qadının sözünə baxan acından ölür” (Zambiyanın tonqalılar tayfasının atalar sözü): bu o deməkdir ki, qadınların sözünə əhəmiyyət verilməməlidir, əks halda bu sonradan çətinliklərə gətirib çıxarar.
“Kişilər avtomobil, qadınlar isə avtomobil üçün dayanacaqdırlar” (Bir çox Asiya xalqlarında tez-tez işlədilən ifadə): bu o deməkdir ki, kişilər öz həyat yoldaşlarını seçə bilərlər, qadınların isə belə seçimi yoxdur. Çünki dayanacaq müəyyən olunmuş yerlərdə mövcud olduğundan istənilən şəxs öz avtomobilini orada saxlaya bilər.
“Arvadlarına kömək edən ərlərə arvad qulu deyərlər” (Hindistan zərb-məsəli): bu o deməkdir ki, qadınlara kömək edən kişilər ləyaqətli deyillər.
“Nikahın ilk günləri ər-arvad arasında olan məhəbbət uşaq olandan sonra yoxa çıxır” (Hindistan zərb-məsəli): bu o deməkdir ki, ana uşağını böyütməklə, kişi isə istədiyi işlərlə məşğul olmalıdır.

“İş çox, haqqı az olanda deyərlər ki, bu qadın üçün işdir” (Svahili atalar sözü): bu o deməkdir ki, qadınlar kişilərdən çox işləməli, lakin az qazanmalıdır.
“Deyirlər qadınlara zəif “ulduzlar” himayədarlıq etdiyindən onları adətən şər qüvvələr ələ keçirir” (Hindistan zərb-məsəli): bu o deməkdir ki, qadınlar kişilərdən qeyri-stabil hesab olunur.
“Sahibsiz ev ərsiz arvad kimidir” (Şumer və akkadların atalar sözü): bu o deməkdir ki, tənha qadın bir insan kimi nakamdır.
“Qadının yeri mətbəxdir” (ABŞ atalar sözü): bu deməkdir ki, qadınlar evdə oturub yalnız ev işlərini görməlidirlər.
“Güclü küləklər və eybəcər qadınlar yalnız budaq qırar” (Braziliya zərb-məsəli): bu deməkdir ki, hər ikisi problemlər yaradır.
“Qorxaq oğlan əlinə qolbaq taxmalıdır” (Hindistan atalar sözü): bu o deməkdir ki, cəsarətsiz, qorxaq insanlar ancaq qadınlardır.

Son söz əvəzi

Əcnəbi xalqların milli-mənəvi dəyərlərini əks etdirən nümunələrdən sonra qayıdaq öz mənəvi dünyamıza. Əlimizi ürəyimizin üstünə qoyub bir anlıq düşünək. Görəsən, biz həqiqətənmi nənələrimiz, analarımız, bacılarımız, qızlarımız, gəlinlərimiz, nəvələrimiz olan qadınlara bu qədər nifrət edirik?! Axı bizi doqquz ay bətnində gəzdirən, həyata gətirən, nazımızı çəkən ana da qadındır! Şübhə etmirəm ki, hamımızın cavabı birmənalıdır. Bəs onda nədir bu uyğunsuzluğun səbəbi? Niyə Nigarlar, Həcərlər, Sara xatunlar yetişdirmiş bir xalq əsrlərdən bəri qadınına layiqli qiyməti verə bilməyib?! Budurmu bizim öyündüyümüz milli-mənəvi dəyərlər?! Ulularımızı qınamağa tələsməyin! Belə ki, hər bir xalq tarix boyu mövcud olduğu quruluşun, ideologiyanın təsirinə məruz qalır. Bu zaman istər-istəməz insanlarda stereotiplər, yalançı vərdişlər formalaşır. Və bu vərdişlər uzun müddət təkrarlandıqda milli-mənəvi dəyərlərdə iz qoyur. Mənimlə razılaşmayanlar ən azından yaxın tarixə nəzər salsınlar. İslam dövründən qalan xurafatlar azdırmı? Və ya sovet dövrünün assimilyasiya prosesindən kütləvi ruslaşma miras qalmayıbmı bizə? Bu gün qloballaşma adı altında internet məkanında hansı dəyərlər təbliğ olunur? Suallar çoxdur. Cavabı isə hər kəs özü verməlidir. Şəxsən mən cavabımı çoxdan vermişəm, oxuyub sona çatdırdığınız məqalə də buna sübutdur. İndi isə növbə sizindir, xanımlar və cənablar.

Natiq Qocaman