“Rövşən Almuradlı yaradıcılığında da cəsarətli, səmimi olub” - FOTOLAR
“Biz yaradıcı adamların, sənətkarların qənimiyik.”
Bu fikir yenicə itirdiyimiz görkəmli kino və teatr rejissoru Rövşən Almuradlının anım mərasimində ən çox deyilən cümlələrdən olub.
Bu il aprelin əvvəli qəfil dünyasını dəyişən Rövşən Almuradlının xatirəsi anılıb. Yaxınların, dostların, həmkarların, tanınmış siyasətçilərin, ziyalıların toplaşdığı tədbirdə sənətkarın xatirələri, fəaliyyəti, arzularından söhbət açılıb.
Yazıçı Sabir Rüstəmxanlı mərhum sənətkarın fəaliyyəti boyu etdiyi fədakarlıqdan, teatr səhnəsində, kinoda gördüyü işlərdən danışıb. Gənc yaşlarında aktyor kimi sənətə başlayan Rövşən Almuradlının hər zaman özü üzərində işlədiyini, daim ortaya qoyduğu tamaşa, kinolarda maraqlı improvizələrindən söhbət açıb. Sabir Rüstəmxanlı vurğulayıb ki, Rövşən Almuradlı kino, teatr tariximizdə öz imzası, orijinal üslubu olan istedadlı sənətkar kimi daim xatırlanacaq. Təəssüf ki, zaman və şərait ona imkan vermədi ki, o istəklərini, yaradıcı arzularını reallaşdırsın. Natiq mərhum rejissorun son işlərindən olan və özünün də ssenari müəllifi olduğu “Cavad xan” bədii filminin çəkilişlərindəki xatirələrdən də danışıb.
Çıxış edənlər ustad jurnalist, publisistlər Arif Əliyev, Qulu Məhərrəmli, Elçin Şıxlı, Musavat Partiyasının eks sədri İsa Qəmbər və sənət dostları Rövşən Almuradlının dünya rejissorluq tarixinə gözəl bələd olduğunu, müasirliyini, cəsarətliliyini, səmimiliyini xüsusi qeyd ediblər. Mərhum rejissorun zamanında güclü potensialından gərəkli istifadə olunmadığını, son vaxtlarda başladığı amma yarımçıq qalan işlərini təəssüflə bildiriblər.
“Rövşən Almuradlı dərya idi, kaş ki, ona yaradıcı imkanlarından istifadə üçün maneələr əvəzinə imkanlar yaradılardı.”
Sənətkar hər zaman hörmətlə anılacaq, unudulmayacaq!
Qeyd edək ki, bu ilin aprelində rejissorun 65 illiyinin təm-təraqla qeyd olunması planlaşdırılırdı. Təəssüf ki, amansız ölüm buna imkan vermədi.
Məlumat üçün deyək ki, Rövşən Almuradlı aktyorluq və rejissorluq fəaliyyətini ayrı-ayrı vaxtlarda Mingəçevir, Gəncə, Sumqayıt, Bələdiyyə, AzDrama-da(Dövlət Akademik Dram teatrı), Aztv-də davam etdirib. Yaradıcılığına daha çox möhür vuran ekran əsərləri “Yük”, “Cavad Xan”(2009), AzDrama-da 2005-ci ildə quruluş verdiyi İ.Şıxlının “Ölüləri qəbiristanlıqda bastırın” tamaşası, 2012-ci ildə F. Dürrenmanttının “Yaşlı xanımın gəlisi” tamaşası olub. Səs-soraq yaradan(müxalif fikirlərinə görə) bu tamaşalardan sonra rejissor teatrdan uzaqlaşdırılıb. Uzun fasilədən sonra Sumqayıt Dram Teatrına qayıdan rejissor M.B. Marinyenin “Oğru” tamaşasının quruluşunu verib və bu tamaşa da maraqla qarşılanıb. Son ekran işi jurnalist Arif Əliyevin ssenarisi əsasında hazırladığı “Əsgərlər unudulanda ölürlər” filmi olub. R.Almuradlı müəllimləri olan görkəmli teatr xadimi Adil İsgəndərov və SSRİ Xalq artisti Valentin Pluçeki daim yad edib, bununla fəxr edib, sənətə, sənətkara sadiq olduğunu həyatı boyu sübuta yetirib.
Allah rəhmət eləsin!
Raminə Eyvazqızı