Naxçıvanda qəssablara əti 10 azn-dən baha satmağa icazə verilmir!
Qəssablar bilirlər ki, həm cərimə olunacaq, həm də qəssablıq fəaliyyətinə son qoyulacaq
Filologiya üzrə fəlsəfə doktoru olan Elyar İslam adlı oxucumuz Naxçıvan Muxtar Respublikasında təqdirəlayiq bir halla qarşılaşıb. Həmin hal Bakıda da gerçəkləşsəydi, cəmiyyətdə ərzaqla bağlı problemin xeyli hissəsi həlli yolunu tapmış olardı.
Mediapress.az Naxçıvanda ətin qiyməti ilə bağlı gerçəkliyi nəzərinizə çatdırır:
“Naxçıvanda daha bir təqdirəlayiq məqamla qarşılaşdım. Bütün qəssabxanalarda, ət mağazalarında “1 kq ət 10 manatdır” yazılmış vərəq səliqə ilə divara vurulub və ətin 10 manatdan baha satılmaması üçün güclü nəzarət edilir. Qəssablar bilir ki, əti 10 manatdan baha satarsa, həm cərimə olunacaq, həm də qəssablıq fəaliyyətinə son qoyulacaq. Ciddi nəzarət nəticəsində insanlar əti 10 manatdan alırlar. Alınan ətin at, eşşək əti olunma ehtimalı sıfırdır.
Bakıda, Nərimanovdakı məhəlləmizdəki qəssab kefi istəyəndə ətin kilosunu 14-15 manat qaldırır, kefi istəyəndə 11-13 manatdan satır. Heç kim də gəlib ona “gözün üstündə qaşın var” demir. Bahadır deyəndə də “get ucuzlusundan al” deyir. Deməli, bahalaşmanın olmaması üçün güclü təşkilatçılıq və ciddi nəzarət olmalıdır. “