Heydər Əliyev xalqı acı tale yaşamaqdan xilas etdi - Əli Əhmədov
Əli Əhmədov,
Baş nazirin müavini, YAP-ın sədr müavini – icra katibi
AXC – Müsavat cütlüyünün cəmi 13 ay davam edən hakimiyyəti Azərbaycanı dövlət müstəqilliyini itirmək, ölkəni bölünmək, xalqı isə müsibətlər yaşamaq taleyi ilə üzbəüz qoydu. Ölkə xaos, anarxiya, dərəbəylik, özbaşınalıq girdabında boğulurdu. Sözün həqiqi mənasında yaşamaq uğrunda mübarizə gedirdi. Çörək növbələri 1993-cü il Azərbaycanda həyatın ən acı mənzərələrindən birinə çevrilmişdi. İnflyasiya 1000 faizlə ölçülürdü. Milli valyuta sözün əsl mənasında dəyərsiz kağız parçası olmuşdu. İqtisadiyyat bütünlüklə çökmüşdü. Vaxtilə minlərlə insanın çalışdığı fabrik və zavodlar sökülüb dəzgahları metal kimi dəyər-dəyməzinə xaricə satılırdı. İş o yerə çatmışdı ki, dəmir yol relsləri, tramvay xətləri, vaxtilə Azərbaycana böyük valyutalar gətirən şərab çənləri daşınıb xaricdə “əridilirdi”. Digər heç bir sahədə bacarıq göstərə bilməyən o zamankı hakimiyyətə cəmi bir il kifayət etdi ki, ölkəni bütünlüklə talan etsin.
Ermənistanla müharibə vəziyyətində olan ölkədə nizami ordu yaradılmamışdı. Ayrı-ayrı qruplara, maraqlara, hətta siyasi partiyalara xidmət edən silahlı dəstələr ordunu əvəz edir, hərbi vəzifələrdən daha çox siyasi vəzifələrə qulluq göstərirdi. Silahlı güvvələr hakimiyyət savaşına cəlb olunmuşdu. Ermənilər isə bundan istifadə edib Azərbaycanın torpaqlarını zəbt etməkdə davam edirdi. Dövlətin və mərkəzi hakimiyyətin ifrat zəifliyindən istifadə edən məkrli qüvvələr separatçı hərəkata rəvac vermişdilər. Cənubda Talış-Muğan respublikası elan edilmiş, şimalda “Sadval” hərəkatı baş qaldırmışdı. Azərbaycanın parçalanması demək olar ki, artıq baş vermişdi. AXC-Müsavat hakimiyyəti bütünlükdə iflasa uğrayıb taqətini itirmişdi. Azərbaycanı acı tale gözləyirdi. Dövləti idarə edən siyasətçilərin görməli və qiymətləndirməli olduğu təhlükələri onlar deyil, müdrik Azərbaycan xalqı görür və qiymətləndirirdi. Xalq hökmünü vermişdi: Hakimiyyət dəyişməli, siyasətdə naşıları siyasətin nəhəngi əvəz etməlidir. Beləliklə, xalq Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Azərbaycanın fəlakətdən, xalqın müsibətdən qurtulması naminə.
Heydər Əliyevin qayıdışı ilə Azərbaycanın müasir tarixinin yeni mərhələsi başladı. Xaos, anarxiya aradan qaldırıldı, sabitlik təmin edildi, inflyasiya və iqtisadi tənəzzül cilovlandı, islahatlar həyata keçirildi, Azərbaycana firavanlıq gətirən neft strategiyası reallaşdı, nizami ordu yaradıldı, erməni təcavüzü dayandırıldı, separatizmin kökü kəsildi, Azərbaycanın bütövlüyü qorunub saxlanıldı.
Çörək növbələri, 1000 faizlik inflyasiya, separatizm, AXC-Müsavat hakimiyyətinin digər “şedevrləri” indiki gənclərə yəqin ki, fantaziya kimi gəlir. Ancaq bütün bunlar yaşadığımız tarixin qaranlıq bir parçasıdır. Daha dəqiq ifadə etsək, bizə yaşadılan bir tarix, bir müsibətdir. Əgər xalq vaxtında o zamankı hakimiyyəti devirməsəydi və siyasət nəhəngi Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan başqa bir tale yaşamağa məhkum olacaqdı. Yalnız Heydər Əliyevin sayəsində, onun müdrikliyi və 2003-cü ildən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan güclü, qüdrətli, firavan, təhlükəsiz dövlət və ölkə kimi tanınır və qəbul olunur. Ən başlıcası isə insanlar rahat yaşayır, gələcəyə ümidlə baxır. Ona görə də xalq 1993-cü ilin iyun ayında Heydər Əliyevin qayıdışını Milli Qurtuluş günü kimi qeyd edir.
Azərbaycan xalqı hər il böyük coşqu ilə Milli Qurtuluş bayramını qeyd etdiyi halda, 26-27 il bundan əvvəl ölkəni dəhşətli böhrana salaraq insanlara müsibətlər yaşadanların qalıqlarının indiki hakimiyyəti və bütünlükdə reallıqlarımızı yalan-böhtan əsasında tənqid etmələri istər-istəməz acı təbəssüm yaradır. Uğursuzların özlərini qəhrəman kimi göstərməsi tarixin ironiyasıdır. Lakin tarixi o tarixi yaşamış insanlara unutdurmaq mümkün deyil.
Milli Qurtuluş məfkurəsi Azərbaycanın qarşısında geniş perspektivlər açmışdır. Ölkəmizin uzun illər bu yolla gedəcəyinə və daha böyük uğurlar qazanacağına dərindən inanıram.
Milli Qurtuluş Günü bayramınız mübarək olsun!