Təhlükəsiz sabahlara göz açan körpələrimiz naminə sabit və qüdrətli Azərbaycanımızı sevin - Tural Müseyibov yazır... - FOTOLAR
1192
"İstanbul. Eminönü. Keçiddə küncdə ayağı yalın, beton döşəmənin üstündə gəlinciyini əzizləyən Suriyalı qızcığaza sataşdı gözüm. Əslində onu hamı görürdü. O isə... O isə öz uşaq dünyasında idi. Gəlinciyini əzizləyirdi. Hətta onu müalicə edirmiş kimi qayğısına qalırdı. Dözmədim. Geri döndüm. O isə durdu və keçiddən çıxdı. Yenə bir kənarda əyləşdi. Öz aləmində idi. Əl salladım. Gözləri gülürdü. Şəkilini çəkmək istəyimi razılıqla qarşıladı. Yaxınlaşdım. Ehtiyacı var idi. Amma heç
nə istəmirdi. Dilənmirdi. Nə etdim, nə elədim deməyə ehtiyac duymuram. Amma onun, bütün ağrı acılarına baxmayaraq uşaq dünyasını yaşamağa çalışdığının şahidi oldum. Müharibə evini, həyatını viran qoysa da, ürəyi uşaqlıq yaşamaq arzu ilə çırpınırdı. Oyun oynadıq. Sevinci dağılan dünyasına sığmırdı. Nə olur olsun, nə çətinlik yaşayır yaşasın uşaqlığını itirmək istəmirdi. Və bəlkə də uşaq olmaq üçün mübarizə aparırdı. Biz ayrıldıq. Və o yenə gəlinciyinə sarıldı, onu əzizləməyə davam elədi. Qoruyurdu gəlinciyini. Özünün qorunmağıdı dünyada ehtiyac duyduğu qayğını gəlinciyinə göstərirdi. Yaşamaq istədiklərini gəlinciyinə yaşadırdı. Xəyalən... Və... Və dayanmadan təşəkkür edirdi: "Teşekkür ederim, teşekkür edərim".
P.S. Təhlükəsiz sabahlara göz açan körpələrimiz naminə sabit və qüdrətli Azərbaycanımızı sevin, əzizlərim.
Tural Müseyibov