Afətin yerin dibinə batırdığı “Sığmazam”ı Sami Yusuf göylərə qaldırdı! - İmkan verin mədəniyyətimiz düz-əməlli təbliğ olunsun! - VİDEO
Azərbaycan əsilli Britaniya müğənnisi və bəstəkarı Sami Yusuf dahi şair İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında kompozisiya hazırlayıb. Yeddi dəqiqəlik kompozisiya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə ərsəyə gəlib. Sami Yusufun “Şur” muğamının ladları üzərində gəzişərək ərsəyə gətirdiyi “Nəsimi” kompozisiyası Nəsiminin 650 illik yubileyinə töhfə olaraq hazırlanıb.
Qeyd edim ki, Sami Yusufun xor kollektivinin müşayiəti ilə ifa etdiyi kompozisiyada muğam hissələrini əməkdar artist Təyyar Bayramov və Samirə Əliyeva səsləndirib.
Amma təəssüflər olsun ki, bu uğura sevinmək əvəzinə, kompozisiya Youtube kanalına yüklənər-yüklənməz bəzi sənət adamlarından tutmuş şairlərə, hətta ziyalı təbəqənin nümayəndələrinə kimi Samini topa tutanlar oldu. Kimisi, “o məbləğ mənə də təklif olunsaydı, elə bir şərait yaradılsaydı, ortaya o cür nəticə çıxarardım”, “Sami oxumur, elə bil şeir deyir”, “Sami Yusufa dövlət dəstəyi göstərildi, mən isə təkbaşıma Nəsiminin “Pənci şeş”ini tanıtdırdım”, “O klipi öz müğənnilərimiz üçün çəkərdilər kaş”və bu kimi iradların səslənməsi əlbəttə ki, qısqanclıqdan irəli gəlir. Amma gəlin paxıllıq etməyək!
Bu, Azərbaycanın uğurudur!
Sami Yusuf ildə bir - iki dəfə dünya turuna çıxır, Şərqdə, Qərbdə - dünyanın dörd bir yerində konsert proqramları ilə çıxış edir. Repertuarında Azərbaycan mahnısının - Nəsiminin "Sığmazam"ı səslənməsi böyük işdir! Bütün dünya bəhrələnəcək, maraqlı olan hər bir ölkə dərinliyə varacaq. Mahnının sözləri, müsiqisi, oxunulan dil haqqında məlumat əldə edəcək (bizimkilərlə müqayisə etməyin, xarici ölkələrdə mahnı əməllicə incəllənir). Bir sözlə, mədəniyyətimiz təbliğ olunacaq.
O pula filan şey etmək olardı, nə bilim, filan heykəl, filan küçə... problemlər onsuz da bitmir. İmkan verin... İmkan verin ölkəmizin mədəniyyəti də dünya üzrə bərqərar olunsun! Afətin yerin dibinə batırdığı "Sığmazam"ı göylərə qaldırmağa imkan verin! Siz bacarmadınız, qoy heç olmasa Sami Yusuf mahnımızı dünyada dolaşdırsın. İmkan verin mədəniyyətimiz düz-əməlli təbliğ olunsun!
Dəstəkləyirəm və bir Azərbaycan vətəndaşı kimi fəxr etdim!!! Möhtəşəm!
P.S. Another realm has taken ahold of me while listening to this composition. (Sami Yusuf)
Hazırladı: Könül Aypara