\
22 Noyabr 2024 - Cümə

Kitabları yandırmayaq, onsuz da özləri saralacaq

Kitabları yandırmayaq, onsuz da özləri saralacaq
1151baxış

Düzü, bu günə qədər nə mediada, nə də on minlərlə insanın özünü fikir adamı hesab edərək status paylaşdığı sosial şəbəkələrdə “kitab yandırmaq” çağırışı edənlərə rast olmamışam.

Bunun iki səbəbi ola bilər: ya o cür adamların cığallığını zamanında görərək virtual dostluğumdan kənarlaşdırmışam, ya da o cür çağırışlar yerli-dibli olmayıb, olubsa da, epizodik bir şey olub - bir gəncin sayıqlaması, hər gün yazdığı yeddi statusdan biri-zad...

Elə olmasaydı, kitab yandırma təşəbbüsünün müəllifinin adı çəkilərdi, məsələn, deyərdilər ki, bu söz filan qəzetin əməkdaşı filankəsə, yaxud da filan partiyanın tanınmış funksioneri bəhmənkəsə aiddir.

Hazırda hər şey anonimdir. Kimsə, milyonlarla facebook istifadəçisindən biri, özü demişkən, mırta ortaya bir söz atıb, guya ki, lağlağı edib, amma yekə-yekə bığlı-saqqallı kişilər bunu 15 günə yaxındır ciddi-ciddi müzakirə edirlər. Sanki o məşum kitabyandırma aksiyası baş tutub, kiminsə külliyyatını yığıblar, təkini də saxlamayıblar və hamısını yandırıblar. Bu, vandalizm aktının tüstüsü, yazıçı Əbülhəsənin sözü olmasın, asimana bülənd olub.

Elə hesab etməyin ki, yazıçı Əbülhəsənin adını burada əbəs yerə çəkdim. Xeyr. Bu sovet yazıçısı ötən əsrin 30-40-50-60-70-ci illərində tanınmış ədib olub, ortabab, hətta yaxşı sovet romanları, eləcə də II dünya müharibəsindən bəhs edən “Dostluq qalası” epopeyası yazıb. Mən də uşaq olmuşam, bilməmişəm, ağsaqqalın yazdığı romanların hamısını olmasa da, çoxunu oxumuşam.

Buna görə peşmanammı? Xeyr. Düzdür, qızıl kimi vaxtım, gözümün nuru gedib, əvəzində yadımda qalan yalnız “asimana bülənd olmaq” söhbətidir, amma yenə də hesab edirəm ki, o mətnlər mənim üçün çox faydalı olub, ən azı cümlə qurmağı, sözləri düz yazmağı o kitablardan öyrənmişəm.

Bu baxımdan dünyadakı heç bir kitab, heç bir mətn yandırılmağa layiq deyil. Mütləq hərəsinin içində nəsə öyrənməli bir şey var.

Hətta ən zərərli, gərəksiz əsərləri də yandırmağa, digər radikal üsullarla məhv etməyə ehtiyac yoxdur. Məşhur Çin filosoflarından biri deyib ki, insanları öldürmək lazım deyil, onsuz da bir müddətdən sonra özləri öləcək.

İndi o filosofun sözü olmasın, xoşumuza gəlməyən kitabları məhv etmək lazım deyil, onsuz da həyatda qalan qalacaq, ona layiq olmayanlar özləri unudulub gedəcək.

Bu heç, bu uzun söhbətdir. İndi mətləbə yavuqlaşaq. (Bax, bu “yavuqlaşmaq” sözünü də Mirzə Cəlilin, Əbdürrəhim bəyin əsərlərindən öyrənmişəm).

Detektiv yazar Çingiz Abdullayevin hansısa qəzəbli gəncin səfeh çağırışından yapışaraq özünü əzabkeş İsa Məsih kimi aparması, yazıçı Anara bu barədə sual verən jurnalistləri axmaq və sairə adlandırması, yumşaq desək, yaxşı hərəkət deyil.

Adam özünü durduğu yerdə hədəfə çıxarmaz. Jorj Simenon deyilsən, Aqata Kristi, Erl Qardner, Den Braun deyilsən, onlardan yaxşı yazar olsan belə, ixtisaslaşdığın janr ciddi ədəbiyyat sayılmır, sənin kitablarını yandırsalar, nə olacaq, yandırmasalar, nə olacaq? Çin filosofu demişkən, onsuz da bir müddətdən sonra hamısının kağızı saralacaqE

Bu sətirlərin müəllifi Çingiz müəllimin kitablarının bir xeylisini oxuyub. Özüm “hamısını” və ya “əksəriyyətini” yazmadım. Onun romanları o qədər çoxdur, mümkündür ki, dünyada bu kitabların hamısını oxuyan adam yoxdur. Hətta bəziləri deyir, mən də quşqulanıram ki, ola bilər, Çingiz müəllim özü də “Çingiz Abdullayev” imzası ilə çıxan detektiv əsərlərin hamısını oxumayıb. Söhbət hələ yazıçı kimi yazmaqdan da getmir ha, oxucu kimi oxumaqdan gedir. Bunu da ötənlərdə kimsə demişdi, müəllifi yadımda qalmayıb.

Allah adamın ağzını əyər, detektiv ədibimizin əsərlərinin içində lap superləri də var. Amma bir xeylisi sırf keçmiş KQB-nin və onun Ceyms Bondu cibinə qoyan zabitlərinin vəsfinə həsr olunub deyə adamın xoşuna gəlmir. Bir çox əsərlərdə isə KQB-nin varisi olan əks-kəşfiyyat strukturunun ABŞ-da, Avropada “dönüklər”ə, “yolunu azanlar”a, “SSRİ-yə xəyanət edənlər”ə qarşı törətdikləri sui-qəsdlər tərənnüm edilir, adam oxuyanda üşənir. Hiss edirsən ki, özünü yaxşı aparmasan, bir gün Dronqo gəlib səni bulvarda gəzdiyin yerdə ağzından güllələyib gedə bilər.

Gözləyək, əl-əlbət, bir gün Dronqonun kağızı da saralacaq...