\
22 Noyabr 2024 - Cümə

Aslanların evi niyə unudulsun ki?. - Unudulmaz sənətkarın yaşadığı binaya barelyef vurulmayıb...

Aslanların evi niyə unudulsun ki?. - Unudulmaz sənətkarın yaşadığı binaya barelyef vurulmayıb...
6368baxış

Dünyanın əksər ölkələrində məşhur dövlət adamlarının, elm və incəsənət xadimlərinin vaxtilə yaşadığı evlərin, binaların divarına onların barelyefləri, xatirə lövhələri vurulur, tarixi şəxsiyyət haqqında qısa məlumat verilir. Bakıda, xüsusi ilə paytaxtımızın mərkəzi hissəsində görkəmli ictimai xadimlərin, alim və yaradıcı insanların xatirəsini yaşadan barelyeflərə tez-tez rast gəlmək olur.

Müasir tariximizdən məlumdur ki, adətən belə barelyef və ya xatirə lövhəsi ölkə prezidentinin imzaladığı sərəncamdan sonra ərsəyə gəlir. Lakin bəzən bu məsələdə şəxsi təşəbbüs göstərənlər də olur, belələri atasının və ya babasının xatirəsini əbədiləşdirmək üçün rəsmi sənədin imzalanmasını vacib saymırlar.

Fransızlar deyir ki...

Yeri gəlmişkən, barelyef sözünü fransızlar yaradıb. Fransızcadan bizim doğma dilə çevirəndə alçaq relyef mənasını verir. Barelyef heykəltəraşlığın bir növü kimi tanınır, memarlıq və dekorativ tətbiqi sənətdə geniş yayılıb. Barelyefdən əsasən xatirə lövhələrində, orden və medallarda istifadə olunur. Yazının da əvvəlində qeyd etdiyimiz kimi, Bakı küçələrini gəzərkən tarixdə iz qoyan da bir çox görkəmli insanların barelyeflərini görmək olur. Onların adlarının yarısın qeyd etmək istəsək belə, uzun bir siyahı alınar. Xalqımızın hər zaman dəyər verdiyi böyük sənətkarlardan birinin də adı həmin siyahıda ola bilərdi...

Bir barelyefə dəymədi?

Aslanların evi niyə unudulsun ki?

Söhbət görkəmli aktyor, milli kinomuzun və teatr sənətinin inkişafında gerçəkdən müstəsna xidmətlər vermiş Xalq artisti Səyavuş Aslandan gedir. Faciə və dramatik rolları eyni məharətlə yaradan, dövlət tərəfindən Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" və, "Şərəf" ordenlərinə layiq görülən, üstəlik tamaşaçılardan da həmişə sonsuz hörmət və alqış qazanan Səyavuş Aslan fotosunu sizə təqdim etdiyimiz bu binada yaşayıb. Özü də aktrisa xanımı, mərhum sənətkar Ofeliya Aslanla bir damın altında.

Unudulmaz sənətkar, həm kinoda , həm də teatr səhnəsində bir-birindən maraqlı obrazlar yaradan Səyavuş Aslan 2013-cü ildə dünyasını dəyişənə qədər akademik Yusif Məmmədəliyev küçədəki 6 saylı binanın sakini olub. Lakin ötən bu zaman ərzində böyük aktyorumuzun xatirəsini əbədiləşdirilməsi üçün konkret bir addım atılmayıb. İncəsənətimizə özünəməxsus töhfələr verən Səyavuş Aslan barelyef, xatirə lövhəsi, hətta küçə adı haqq etsə belə...

7-dən 70-ə hər kəsin sevimlisinə çevrilməyi bacarmış Səyavuş Aslanın bu diqqətdən kənarda qalmasına səbəb görən nə ola bilər?

Bugünümüzə qədər yaşaya bilsəydi mərhum sənətkarın bu ilin payızında 85 yaşı tamam olacaqdı. Özü bu dünyada yoxdursa onun xatirəsini əziz tutmaq bizlərin borcudur. İnanmaq istərdik ki, payıza qədər unudulmaz sənətkarın yaşadığı binaya barelyef vurular.

Yeri gəlmişkən, Əməkdar artist Ədalət Şükürov bir zamanlar oxuduğu “Ay qız, keçmə bizim məhlədən” mahnısının qəhrəmanına Sumqayıtda barelyef vurdurub....

Turan Etibaroğlu