DİN: Bakıda yeniyetmə qardaşını ehtiyatsızlıqdan güllələyib
Daxili İşlər Nazirliyi (DİN) Bakıda yeniyetmənin qardaşını güllələməsi faktı ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 30-da Xəzər rayonunun Binə qəsəbəsində yaşayan yeniyetmə evlərinin həyətində ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə qardaşı, 20 yaşlı Rəhim Rəhimovun baş və qarın nahiyəsinə xəsarət yetirib. Nəticədə R.Rəhimov aldığı yaralardan ölüb.
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.