Gecə yanacaqdoldurma məntəqəsini qarət edən şəxslər tutuldular - Bakıda
Dünən gecə saatlarında paytaxtda yanacaqdoldurma məntəqəsinə basqın etmiş şəxslər tutulub. Apa-nın DİN-ə istinadən yaydığı məlumata görə, aprelin 16-da gecə saat 03.00 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn iki nəfər maskalı şəxs orada operator işləyən 3 nəfəri tapançaya oxşar əşya ilə hədələyib onlardan 867 manat pul alaraq hadisə yerini tərk ediblər.
Məlumat polisə daxil olan kimi dərhal Bakı şəhər Baş Polis İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb. İsti izlərlə həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Həsən Mansurov və əvvəllər məhkum olunmuş Bəxtiyar Camalov saxlanılıblar. Onlardan birinin yaşadığı evə baxış zamanı oradan hadisə vaxtı istifadə etdikləri oyuncaq tapança və maska aşkar edilərək götürülüb.