Müttəhimlər AzTV sədrini öldürmək istəmədiklərini bildirdilər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alişanov u öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən Zöhrab Şirinov vəkilin suallarını cavablandırıb. O bildirib ki, həbs olunan zaman vəkillə təmin olunmayıb, müəyyən hüquqları pozulub. Onun sözlərinə görə, Ş.Əkbərov AzTV sədrini öldürmək üçün göstəriş verməyib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.