Qazax sakinindən narkotik və silah götürüldü
Qazax sakinində narkotik və silah aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən Qazax şəhər sakini Afiq Məmmədov XPŞ-yə gətirilib.
Onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı “AKM-72” tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.