\
24 Noyabr 2024 - Bazar günü

Ağstafada narkotik satan qardaşlar saxlanıldı

Ağstafada narkotik satan qardaşlar saxlanıldı
1638baxış

Ağstafa Rayon Polis Şöbəsi(RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən rayonun Xətai kənd sakini, əvvəllər məhkum olunmuş, Elşad Yaqubov saxlanılaraq RPŞ-yə gətirilib.

Mediapress.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Onun üzərində şəxsi axtarış keçirilən zaman müxtəlif bükümlərdə ümumi çəkisi 9 qram psixotrop maddə olan “metamfetamin” və 7 qram qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, E.Yaqubovun qardaşı, əvvəllər məhkum olunmuş, hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan Rəşad Yaqubov da saxlanılaraq RPŞ-yə gətirilib. Onun üzərindən 234 qram narkotik vasitə olan “heroin” və ümumi çəkisi 54 qram “metamfetamin” və “metadol” aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar istintaqa təhvil verilib, saxlanılan şəxslərlə bağlı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.