Paytaxtda soyğunçuluq edən şəxs ələ keçdi - FOTO/VİDEO
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən vətəndaş Elxan Ağagülov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Araşdırma zamanı məlum olub ki, qeyd edilən şəxs hadisə zamanı Nizami rayonu ərazisində bir nəfərə yaxınlaşaraq əvvəlcə ondan danışmaq üçün mobil telefonunu istəyib. E.Ağagülov mobil telefonu qaytaran zaman zərərçəkənin içərisində 550 manat olan pul kisəsini götürərək hadisə yerindən qaçıb. Faktla bağlı 25-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisədən sonra E.Ağagülovun həmin ərazidən yayınması və yaxınlıqdakı marketə daxil olması müşahidə kameralar vasitəsi ilə lentə alınıb.
E.Ağagülov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermə bilərlər.