\
23 Noyabr 2024 - Şənbə

Abşeronda karantin qaydalarına əməl etməyən iaşə obyektlərində polislər tərəfindən reydlər keçirilib

Abşeronda karantin qaydalarına əməl etməyən iaşə obyektlərində polislər tərəfindən reydlər keçirilib
1487baxış

Abşeronda karantin qaydalarına əməl etməyən iaşə obyektlərində polislər tərəfindən reydlər keçirilib.

Bu barədə Mediapress.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bəzi ictimai-iaşə obyektlərində müştərilərə qəlyan təklif edilməsi hallarına rast gəlinməkdədir.

Qeyd edilən neqativ halların qarşısının alınması, qəlyandan istifadə edilməsinə şərait yaradan məkanların aşkarlanması istiqamətində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Növbəti belə tədbir zamanı Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Tüstü” çay evində qəlyandan istifadə və bunun “Tik-Tok” sosial şəbəkəsində canlı yayım açaraq nümayiş etdirilməsi barədə polis orqanlarına məlumat daxil olub. Həmin ünvana baxış keçirilib və obyektin icarədarı Rüfət Qarayev polis tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmə tərəfindən Rüfət Qarayev barəsində 10 sutka inzibati qaydada həbs qərarı verilib. Çay evində qəlyandan istifadə edərək sosial şəbəkələrdə yayımlayan bir nəfər isə cərimə olunub.

Xırdalan şəhərində keçirilən daha bir tədbir zamanı “Rich club” çay evində də müştərilərin mütəmadi olaraq qəlyandan istifadə etdiyi müəyyən edilib. Tədbir zamanı orada qəlyandan istifadə edən iki müştəri cərimə olunub. Obyektin icarədarı Murad Hacıyev isə polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq, onunla aparılan profilaktik söhbətlərdən nəticə çıxarmadığı üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 10 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, fəaliyyətinə icazə verilən kafe, restoran və çay evlərində bundan sonra da sanitar-karantin qaydalarının tələblərinə əməl olunmasına nəzarət məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.