DİN: Narkotik vasitələrə qarşı mübarizə diqqətdə saxlanılır
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə bütün istiqamətlər üzrə daxili işlər orqanları tərəfindən diqqətdə saxlanılır.
Bu barədə Mediapress.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, satış məqsədilə sosial şəbəkələrdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ictimai təhlükəli əməlləri cinayət tərkibi yaradır, qanunla qadağan olunduğuna görə cəza təhdidi var.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövrün bütün çağırış və təhdidlərinə uyğun olaraq, ən müasir metod və texnologiyaların imkanlarından geniş istifadə olunur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar daxil olan bütün informasiyalar yoxlanılır. Bu tədbirlər kampaniya xarakteri daşımır", - məlumatda qeyd olunub.