Həbsdə olan iş adamının bacısı oğlunun məhkəməsi - Zərərçəkənlər narazıdır
Həbsdə olan iş adamının bacısı oğlu da hakim qarşısına çıxarılıb. O da dayısı kimi dələduzluqda ittiham edilir.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Cahangirli Sahil Nizami oğlu və 1987-ci il təvəllüdlü Əşrəfov Anar Adil oğlunun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmədə məlum olub ki, zərərçəkmişlər və şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılsa da onlar məhkəməyə gəlməyib.
Təqsirləndirilən şəxslər isə zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəmək üçün çalışdıqlarının yaxın günlərdə nəticə əldə edəcəklərini deyiblər.
Məhkəmə prosesində iştirak edən zərərçəkmişlər buna etiraz ediblər. Bildiriblər ki, uzun müddətdir onlara yalan vədlər verilir və heç bir ödəniş edilmir. Zərərçəkmişlər məhkəmə prosesinin uzanmasına etiraz ediblər. Onlar ya hökm oxunmasını, ya da zərərlərinin ödənməsini istəyiblər.
Məhkəmə prosesi mayın 11-də davam etdiriləcək.
İttihamda yazılır ki, S.Cahangirli "Real" MTK-nın icraçı direktoru işləyib.
Anar Əşrəfov da MTK-da vəzifə tutub. Onlar hər ikisi vətəndaşların etibarından sui-istifadə edərək əmlaklarını ələ keçirməkdə, rəsmi sənədləri saxtalaşdırmaqla MTK-ya məxsusu mənzilləri ayrı-ayrı şəxslərə satmaqda ittiham edilirlər.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bildirək ki, Sahil Cahangirli "Real" MTK-nın rəhbəri İlham Qasımovun bacısı oğludur.
İlham Qasımov da bu məhkəmədə müttəhimlər kürsüsünə çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə İ.Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 12 ilə endirib.
Xatırladaq ki, İlham Qasımov "Real” MTK-nın rəhbəri olub. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
İlham Qasımov rəhbərlik etdiyi şirkət tərəfindən tikilmiş yaşayış binalarında mənzilləri bir neçə şəxsə satmaqda, şəriklik etdiyi azərbaycanlı milyonçu Gülağa Qəmbərova (Tənha) külli miqdarda maddi zərər vurmaqda təqsirləndirilir. İttihama görə, İ.Qasımov milyarderin 19,5 milyon dollarını mənimsəyib.
Məhkəmədə ifadə verən Gülağa Tənha da faktı təsdiqləyərək, İ.Qasımov tərəfindən aldadıldığını qeyd etmişdi.
Bildirək ki, İlham Qasımov MTN general olmuş Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınmış şəxslərdən biridir.