Qaxda 55 yaşlı qadına zorakılıq edən şəxs həbs edilib
Qaxda 55 yaşlı qadın 50 yaşlı sərxoş kişi tərəfindən cinsi təcavüzə məruz qalıb.
Bu barədə Mediapress.az-a Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu açıqlama verib. O bildirib ki, Qaxda baş vermiş təcavüz hadisəsi ilə bağlı məlumat daxil olduqdan sonra komitənin Zaqatala rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları müvafiq araşdırma aparıblar: “Qax rayon İcra Hakimiyyətindən və rayon polis idarəsindən verilən məlumata görə, 02.08.2021-ci il tarixində Qaxın Turaclı kəndində yaşayan 55 yaşlı tək qadın qonşusu 50 yaşlı şəxs tərəfindən təcavüzə məruz qalıb.
Zərərçəkmiş əvvəl xəstəxanaya yerləşdirilsə də, hazırda vəziyyəti normaldır və artıq öz evindədir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə hüquq-mühafizə orqanları tərəfindən həbs olunub və müvafiq istintaq hərəkətləri həyata keçirilir".
Dövlət Komitəsinin rəsmisi əlavə edib ki, kişi bu hərəkəti spirtli içkinin təsiri ilə törətdiyini bildirib: "Komitənin Zaqatala rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi isə zərərçəkənə psixo-sosial yardım göstərəcək”.
Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı Meydan TV yayıb.