\
28 Sentyabr 2024 - Şənbə

Qadına təcavüz edən taksi sürücüsü saxlanıldı

Qadına təcavüz edən taksi sürücüsü saxlanıldı
1485baxış
Bakıda gənc xanıma - Nur Aslanovaya qarşı təcavüz edən taksi sürücüsü ilə bağlı xəbər vermişdik.
 
Nur Aslanova saytımıza yenidən müraciət edərək bildirib ki, sürücü artıq saxlanılıb. O qeyd edib ki, məsələ ictimailəşdikdən sonra xüsusi nəzatətə götürülüb, O, buna görə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova və Bakı şəhər Baş Polis İdarəsi rəhbərliyinə təşəkkür edib.
Bakıda taksi sürücüsü gənc xanıma qarşı təcavüz edib.
 
Bu barədə Bakupost.az -a danışan Nur Aslanova bildirib ki, hadisə avqustun 14-ü gecə 12 radələrində baş verib:
 
“Xalqlar Dostluğu metrosunun yaxınlığındakı “Laçın” ticarət evinin qarşısında “manatlıq” deyilən taksiyə mindim. Avtomobilə əyləşdikdən sonra sürücü müxtəlif şəxsi suallar verərək, mənimlə maraqlanmağa başladı. Mən əsəbiləşərək maşını sürməsini istədim. Binə qəsəbəsində düşməli olduğum halda, sürücü oraya dönməyərək Mərdəkana doğru hərəkət etməyə başladı. Bunu görüb, qışqırmağa başladım, maşını saxlamasını istədim. O isə qışqıraraq, “saxlamıram, yaxşı edirəm, sən bilirsən mən kiməm? Hərbçiyəm”, - deyərək, avtomobilin sürətini artırdı.
 
Dərhal tanıdığım şəxsə zəng vurub bu barədə məlumat verdim. Əlimdəki telefonu alaraq çölə tullamaq istəyirdi. Birtəhər geri aldım. Daha sonra polis əməkdaşının mənə zəng vurduğunu görüb, qorxmağa başladı. Mərdəkan-Koroğlu istiqamətində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsini keçdikdən sonra maşını saxladı. Avtomobildən düşdüm, sonra sürücü maşının arxa saxlanc yerini açdı. Mən isə həmin yerdən uzaqlaşaraq qaçdım. Çox qorxulu insan idi. Qaranlıq olduğuna görə, tam görə bilmədim, amma 27-35 yaşlı biri idi. Polisə müraciət edib, ərizəmi yazdım”.
 
Şikayətçi bildirib ki, məsələ ilə bağlı Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinə ərizə ilə müraciət etsə də, hələ nəticə yoxdur:
 
“Bunu araşdırıb tapmaq onlar üçün çox asandır, hər yerdə kameralar var. Amma hələ də şikayətimə baxılmır”.