“Facebook”da bacısı ilə tanış olan oğlanı öldürənin məhkəmə prosesi başa çatıb
Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Mirismayıl Hüseynovun (1999-cu il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkum edilməsinə dair hökmdən verilmiş apellyasiya protesti əsasında məhkəmə prosesi başa çatıb.
2016-cı il dekabrın 14-də, saat 15:00 radələrində paytaxtın Nəsimi rayonunda, metronun “Memar Əcəmi” stansiyasının qarşısında Ələkbər Muxtarov (1995-ci il təv.) naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Hadisə yerinə Nəsimi RPİ 19-cu polis bölməsi və rayon prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu cəlb olunub. Təxminən iki saatdan sonra Mirismayıl Hüseynov könüllü polis idarəsinə gedərək təslim olub.
O, ifadəsində həmin şəxsin “Facebook” sosial şəbəkəsində 13 yaşlı bacısı ilə danışaraq, görüşə dəvət etdiyi üçün bu cinayəti törətdiyini bildirib.
Araşdırma zamanı məlum olub ki, Hüseynov Bakı Biznes Kollecinin 1-ci kurs tələbəsi olub. Valideynləri boşanıb, o, atası ilə Bakıda, bacısı isə anası ilə İmişli rayonunda yaşayıb. Həmin gün Mirismayıl bacısının telefon nömrəsindən Ələkbərə zəng edib və onunla görüşmək istədiyini deyib.
Əsgərlikdən yeni gələn Muxtarov “Memar Əcəmi” metrostansiyasının qarşısına gələcəyini deyib. Orada onlar arasında mübahisə yaranıb və Hüseynov üzərindəki bıçaqla Ələkbərə ağır xəsarət yetirib.
Məhkəmə prosesində Mirismayıl Hüseynov ittiham üzrə özünü qismən təqsirli bilərək, Ələkbər Muxtarovu öldürmək niyyətinin olmadığını qeyd edib. Onunla söhbət etmək istəyib.Təqsirləndirilən şəxs mərhumun anasından üzr istəyərək, əməlindən peşman olduğunu bildirib.
Zərərçəkmişin hüquqi varisi Ülviyyə Məcidova bildirib ki, oğlunun ölüm xəbərini polisdən xəbər veriblər. Həmin gün o, dostları ilə görüşmək üçün evdən çıxıb:
“Mübahisənin səbəbi haqda heç nə bilmirəm. Ələkbər əsgərlikdən tezə gəlmişdi və şirkətdə mühafizəçi işləyirdi” .
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, M.Hüseynova ağır cəza təyin edilməsini xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, protesti təmin etməyib və hökmü dəyişdirilmədən saxlayıb. (minval)