Aydın Əliyev redaktorlara qarşı iddiasını geri götürdü - Barışıq əldə olundu
Dövlət Gömrük Komitəsinin (DGK ) sabiq sədri Aydın Əliyev “azxeber.com” saytının baş direktoru Əfsələddin Ağalarov və baş redaktor Hacıbəy Heydərliyə qarşı iddia ərizəsini geri götürüb.
Bu barədə jurnalistlərin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov deyib.
Vəkil deyib ki, Aydın Əliyevin vəkili iddia ərizəsini geri götürmək üçün məhkəməyə müraciət edib və məhkəmə prosesi yekunlaşıb: “Aydın Əliyevin vəkili iddia ərizəsini geri götürüb və tərəflər arasında barışıq olduğunu məhkəməyə bildirib”.
Adəm Məmmədov həmçinin bildirib ki, hüquqlarını müdafiə edən şəxslər də qarşı tərəfin vəkilinin ərizəsi ilə tanış olub və onlar da məhkəməyə barışıqla bağlı yazılı məlumat veriblər.
Qeyd edək ki, DGK-nın sabiq sədri A.Əliyev “azxeber.com” saytının baş direktoru Ə.Ağalarovu və baş redaktor H.Heydərlini məhkəməyə vermişdi. A.Əliyev hər iki şəxs barəsində xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət edib. O, bu il yanvarın 16-da məhkəməyə müraciət edərək Ə.Ağalarov və H.Heydərlinin Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmalarını istəyib. Ə.Əliyev şikayət ərizəsini belə əsaslandırıb: “Azxeber.com saytında “Gürcüstan Respublikasında həbs edilən DGK-nin polkovnik-leytenantı Aydın Əliyevin yaxın adamı imiş – Təfərruat” başlıqlı məqalədə məni ağır cinayət etməkdə iştirakçılıqda ittiham edərək şərəf və ləyaqətimi ləkələyən, nüfuzdan salan məlumatları yayaraq mənə böhtan atmışlar”.