7 kq narkotik maddə və xeyli sayda psixotrop həblər dövriyyədən çıxarıldı - Rəsmi məlumat
Polis əməkdaşları tərəfindən narkotiklərə qarşı qətiyyətli tədbirlər davam etdirilir.
Mediapress.az DİN-nin yaydığı məlumata əsasən xəbər verir ki, mayın 12-13-də bu istiqamətdə keçirilən tədbirlər nəticəsində 7 kiloqrama yaxın yüksək təsiredici xüsusiyyətə malik olan narkotik vasitə, həmçinin xeyli sayda güclü təsiredici psixotrop tərkibli həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Belə ki, Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini Ələmdar Rəhimovdan 1 kiloqram 310 qram tiryək götürülüb.
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elbrus Tağıyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu, habelə yaşadığı evdən çəkisi 3 kiloqram 256 qram tiryək aşkar edilib.
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində Şıxlar kənd sakini, əvvəllər məhkum olunmuş Mürvət Rzayevdən 4 qram heroin, yaşadığı evdən isə 2 kiloqram 250 qram marixuana götürülüb.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin Orucovdan narkotik vasitə olan heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən 115 ədəd “Tramadol” və 7 ədəd “Lirika” həbləri aşkar edilərək götürülüb.
Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Mərdəkan qəsəbə sakini Qənbər Əliyevdən marixuana və metamfetamin, həyətyanı sahəsindən isə kultivasiya yolu yetişdirilmiş 170 ədəd çətənə kolu, 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Nazim Mirzəyevə məxsus həyətyanı sahədən kultivasiya yolu yetişdirilmiş 24 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı araşdırmalar aparılır.