Sumqayıtda qonşusunu öldürən 22 yaşlı gənc tutuldu
1398
Fevralın 3-ü saat 22 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində 1970-ci il təvəllüdlü Sədiyar Novruzovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər Prokurorluğundan Mediapress.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu, 2000-ci il təvəllüdlü Ramin Nəzərlinin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Sədiyar Novruzova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ramin Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.