Küçədə məktəbli qıza sillə vuran şəxs saxlanılıb, cinayət işi açılıb
Sosial şəbəkələrdə ictimai qaydanı kobud surətdə pozaraq qadınlara (məktəbli qız) qarşı xuliqanlıq hərəkətləri törədən naməlum şəxs müəyyən olunaraq saxlanılıb.
Bu barədə Mediapress.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Araşdırmalara müəyyən olunub ki, Yasamal rayon sakini, 1993-cü il təvəllüdlü Əhməd Hüseynov eyni xarakterli xuliqanlıq hərəkətlərini digər xanımlara qarşı da törədib.
O, ilkin ifadəsində törətdiyi əməlləri etiraf edib.
İctimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunmasının tərkib əlamətləri olduğundan fakta görə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə istintaq hərəkətləri aparılır.
"Əhməd Hüseynovun əməllərindən zərərçəkmiş başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər", - məlumatda qeyd edilib.