\
23 Noyabr 2024 - Şənbə

“Bandotdel” əməliyyat keçirdi: 150 illik ağacları kəsən dəstə üzvləri saxlanıldı - VİDEO

“Bandotdel” əməliyyat keçirdi: 150 illik ağacları kəsən dəstə üzvləri saxlanıldı - VİDEO
1469baxış
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin mütəxəssislərinin iştirakı ilə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz olaraq kəsilməsi və emal edilməsi ilə məşğul olan daha bir mütəşəkkil dəstənin üzvlərinin saxlanılması istiqamətində əməliyyat keçirib.
 
Bu barədə Mediapress.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Baş İdarəyə Astara və Lerik rayonları ərazisində qiymətli ağac növlərinin qanunsuz olaraq kütləvi şəkildə kəsilməsi barədə əməliyyat məlumatları daxil olub. Həmin məlumatlar Baş İdarədə nəzarətə götürülməklə hərtərəfli araşdırılıb və qeyd edilən ərazilərdə palıd və fıstıq ağaclarının kəsildiyi müəyyən edilib.
 
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ağacların Astara rayon sakinləri Sərdar Gənciyev və Sərhad Eynullayevin başçılıq etdiyi mütəşəkkil dəstə üzvləri tərəfindən kəsildiyi məlum olub. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyat nəticəsində adları çəkilən şəxslər və onlara ağacların kəsilməsində yaxından köməklik edən dəstənin digər üzvləri Fərman Fərziyev, Aiəddin Novruzov, Nurlan Cövziyev, qohumu Surxay Cövziyev, Rahid Gənciyev və Nail Zəbiyevin saxlanılması təmin edilib. Dəstə üzvlərinin qanunsuz əməlləri, onların ağacları kəsməsi və satması təkzibedilməz faktlarla sübuta yetirilib.
 
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər ağacları kəsərək dəstə üzvü Fərman Fərziyevin həyətində emal edəndən sonra satışını həyata keçiriblər. Dəstə üzvlərinin qanunsuz olaraq ağac emalı sexlərinə satdıqları çoxlu sayda ağacın və onların oduncaqlarının yeri də müəyyən edilib. Ekspertlərin verdiyi rəyə əsasən dəstə üzvləri tərəfindən yaş halda kəsilən ağaclardan bəzilərinin yaşının 100-150 il olduğu məlum olub.
 
Qeyd olunan faktla bağlı Baş İdarənində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda qeyd edilən faktların tam, hərtərəfli araşdırılması, eləcə də ağacların kəsilməsində iştirak edən dəstənin digər üzvlərinin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.