Prokurorun şikayəti ilə müttəhimin 4 il həbs cəzası 16 ilə qaldırıldı - Bakı Apellyasiya Məhkəməsində
Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Elnur Məmmədov və Elçin Həsənovun barəsindəki hökmdən prokurorluq tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, prokurorun protesti təmin olunub. E.Məmmədovun cəzası 17 ildən 18 ilə, E.Həsənovun cəzası isə 4 ildən 16 ilədək artırılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Elçin Həsənovun ittiham olunduğu qəsdən adam öldürmə maddəsi isə xuliqanlıq maddəsinə tövsif edilib. O, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Prokurorluq E.Həsənova yüngül cəza verildiyini bildirib və apellyasiya protesti verib.
Qeyd edək ki, ötən il dekabrın 23-də Bülbülə qəsəbəsində yerləşən 16 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında qətlə yetirilən şəxsin meyiti tapılıb. Araşdırmalar nəticəsində onun Tovuz rayonunda anadan olan və Ramana qəsəbəsində kirayədə yaşayan 1988-ci il təvəllüdlü Elşad Əmirov olduğu müəyyən edilib.
Hadisəni törədən Elnur Məmmədov və Elçin Həsənov həbs edilib (APA).