Fədayə Laçının cəzası daha 3 ay artırıldı - Məhkəmənin qərarı ilə
İki məhbusun qaçmasına kömək etməkdə təqsirləndirilərək, həbs edilən müğənni Fədayə Laçının həbs müddəti yenidən uzadılıb.
Mediapress.az xəbər verir ki, Bu barədə jurnalistlərə açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı bildirib.
Nəsimi rayon Məhkəməsinin qərarı ilə müğənninin həbs müddəti daha üç ay artırılıb.
Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonunda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.
Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən üç nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni Fədayə Laçındır. Fədayə Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs-qətimkan tədbiri seçilib.